Eynəlqüzat Miyanəci
Azərbaycan filosofudur. Əslən Cənubi Azərbaycanın Miyanə şəhərindəndir. Miyanəcilər 11-12-ci əsrlərdə şairlər, alimlər yetirmiş böyük nəsldir. E.Miyanəci Ömər Xəyyam, Əhməd Qəzali, Məhəmməd Cüveyni və başqalarından elmin müxtəlif sahələrini öyrənib. 28–29 yaşlarında azadfikirlilik üstündə müsəlman qanunçuları – fəqihlər tərəfindən təqiblərə məruz qalıb. Ayrı-ayrı yerlərdə onu kafir elan edir, ölümünə futva verirlər. O, 1127-ci ildə bu xəbəri eşidib, dostu qazi Kəmalüddövləyə məşhur məktubunu yazmışdı: “Şəhərdə deyirlər ki, Eynəlqüzat Allahlıq iddiası edir. Mənim qətlimə fitva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver.”
Varlıq təlimi: Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış E.Miyanəci panteistdir. Bu təlim mahiyyət etibarilə, kreatsionizmə və dualizmə müxalifdir. Panteist filosof Allah ilə mövcudat arasındakı münasibəti Günəş ilə onun şüaları timsalında araşdırır. Günəş ilə şüalar arasındakı münasibət Xaliq ilə məxluqat arasındakı münasibətdən fərqlidir. Xaliq ilə məxluqat bir-birindən zamanca ayrılır, zira məxluqat sonradan meydana çıxmışdır. Günəş ilə şüalar isə birgə mövcuddur. Lakin hər ikisi bir-birindən ayrılmazdır, vahid tamdır. Varlığı vacib(yaradan) və mümkün(yaradılan) qisimlərə bölən Şərq peripatetikləri bu qisimləri zamanca və təbiətcə fərqləndirməyib, müəyyən mənada bərabər tuturdular. E.Miyanəci Şərq peripatetiklərinin bu dualist mövqeyini fürsət düşdükcə təkzib etmiş, onların əsaslandığı emanasiya (mövcudatın mütləq vahid varlıqdan zəruri surətdə çıxması) təliminin tənqidi üzərində xüsusi dayanmışdır. Ərəbdilli peripatetiklərin emanasiyaya inanmalarının səbəbini onların metafizikcəsinə düşünmələrində görən filosof göstərirdi ki, yalnız formal məntiqə əsaslanan alimlərin dəlilləri gerçəkliyi düzgün əks etdirmir, həqiqeət insana bu yerdə intuisiya ilə bəlli olur. İ.A.Konikovun Niderland filosofu Benedikt Spinoza haqda dedikləri E.Miyanəcinin də ontologiyasına aid edilə bilər: "Beləliklə, substansiyanın öz mövcudluğu atributlar üzərində yüksələn nə isə sonsuz, xalis absolyut deyildir. O, sonsuz və saysız-hesabsız atributların - keyfiyyətlərin sonsuz vəhdətidir. Allah özünün atributlarından ayrılmazdır."
İdrak nəzəriyyəsi: O, idrakın hissi və əqli mərhələlərinin şərhində peripatetiklərə yaxındır. Hissi idrakı Aristotelin "hissdən məhrum olan kəs duyğudan da məhrumdur" tezisi məzmununda başa düşən filosofun fikrincə, hissi idrak məhdud olduğu kimi, əqli idrak da məhduddur. İdrak prosesində əqlarxası mərhələnin də rolunu qiymətləndirib. Miyanəcinin idrak nəzəriyyəsində ilahi "eşq" anlayışı mühüm yer tutur. Fəlsəfəsinin bu nöqtəsində ontologiyası ilə qnoseologiyası üst-üstə düşür. Müşahidə edən müşahidə edilənə, müşahidə edilən müşahidə edənə çevrilir. Orta əsrlər Azərbaycan filosofu 12-ci əsrdə yaratdığı panteist fəlsəfə - varlıq təlimi, idrak nəzəriyyəsi və dialektika ilə orta əsrlər dünya fəlsəfə tarixinin parlaq səhifələrindəndir. Dinsizlikdə təqsirləndirilib bədnam edilməsinə baxmayaraq, əsrlər boyu tarixçi və təzkirəçilər tərəfindən görkəmli sufi-filosof kimi yad edilmişdir. İsveçrə şərqşünası A.Mets onun kimi Şərq müəlliflərinin mahiyyət (substansiya) və atributlar haqda tədqiqatlarının Benedikt Spinoza təliminə təsir göstərdiyini qeyd etmişdir.
Əsas traktatları:' "Həqiqətlərin məğzi", "Müqəddimələr", "Qəribin şikayəti", "Fəlsəfi Məktublar" və s.
Hiç yorum yok:
Yorum Gönder