Şihabəddin Sührəvərdi
1154-cü ildə Marağa şəhərində doğulmuş Azərbaycan filosofu, işraqilik fəlsəfəsinin banisidir. Onun orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış sehrkarlıq, gözbağlayıcılıq, magiya ilə məşğul olduğunu söyləyirlər, bu haqda bir neçə hekayət mövcuddur. Tələbəsi Şəmsəddin Şəhrəzuri yazırdı: “O, kəramətlər və möcüzələr sahibi idi.” İşraqi filosofdakı qeyri-adi keyfiyyətlər öz şagirdi tərəfindən sufi hallarına müncər edilir. Filosof müsəlman hüquqşünaslarının ciddi tələblərinə görə, Misir, Yəmən və Suriyanın hökmdarı Səlahəddin Əyyubinin (1169-1193) əmri ilə 1191-ci ildə 37 yaşında öldürülüb.
İrsi: Şihabəddin Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin, haşiyələrin əlyazma nüsxələri dünyanın bir sıra fondlarında və kitabxanalarında saxlanılır. Qeydə alınmış əlli iki əsərindən on üçü peripatetizm, on beşi sufizm, səkkizi işraqilik və on altısı müxtəlif mövzular üzrə qruplaşdırılıb. Şihabəddin Yəhya Sührəvərdinin zəngin irsi 12-ci əsrdən etibarən ərəb, fars, qismən də türk dillərində müsəlman Şərqi xalqlarının fəlsəfəsi tarixində özünə möhkəm yer tutub. Onun əsərlərinin orta əsrlərdə köçürülmüş əlyazma nüsxələri hazırda dünyanın müxtəlif şəhərlərində, Dəməşq, Sankt Peterburq, Tehran, Bağdad, Qahirə, İskəndəriyyə, İstanbul, Paris, London kitabxanalarında saxlanılır. Onun irsinin yayılmasında görkəmli fransız şərqşünası A.Korbinin hazırladığı üç cildlik toplunun əhəmiyyəti misilsizdir. Birinci məcmuə İstanbulda 1945-ci ildə buraxılıb, bura peripatetizmə dair əsərlərin metafizika hissələri toplanıb. 1952-ci ildə Tehranda çıxmış ikinci məcmuədə “İşraq fəlsəfəsi”, “Filosofların görüşləri”, “Qərb qürbəti” əsərləri verilib. 1970-ci ildə Tehranda buraxılmış məcmuədə filosofun on dörd traktatı toplanıb. Onun “Aşiqlərin munisi” əsəri O.Spis tərəfindən 1934-cü ildə Ştutqartda və Dehlidə, “Quş haqqında traktat”ı 1935-ci ildə O.Spis və Xatak tərəfindən Ştutqartda çap edilib və s. Fon Den Berc “İşıq heykəlləri” traktatını holland dilində 1916-cı ildə nəşr etmişdir. Peripatetizmə dair “Filosofların görüşləri” traktatı ortodoksal İslam ideoloqlarının Şərq peripatetiklərinə qarşı güclü hücuma başladığı bir dövrə təsadüf edir. Burda müəllif aristotelçi filosoflara haqq qazandıraraq onların müddəalarının təhrifinə və rasional fikirlərinin bidət kimi qələmə verilməsi cəhdinə qarşı çıxır.
Varlıq təlimi: Onun işraqilik fəlsəfəsində “varlıq” və “yoxluq” anlayışları “işıq” və “qaranlıq” anlayışları ilə ifadə olunur. Şihabəddin Sührəvərdi Vacib Varlıq haqqında irəli sürülən bəzi müddəaları müəyyən mənada İşıqlar İşığına aid edir: “İşıqlar işığı bütün mövcud şeylərin varlığının səbəbidir.” Mövcudatın mənbəyi İşıqlar işığı timsalında götürüldükdə emanasiya nəzəriyyəsinin şərhi sadələşir, zira, işıq mövcuddursa, şüalanmalıdır. İşraqilik fəlsəfəsilə tanışlıqdan sonra yəqin etmək olur ki, babəkilik hərəkatının ideologiyasında mühüm anlayışı ifadə edən xürrə termini də İşıqlar işığından çıxan mücərrəd işığa mütabiq bir məna daşıyır. Ş.Sührəvərdi məcusiliklə, zərdüştiliklə bilavasitə bağlı xürrə sözünü “mənəvi işıq” mənasında işlətmişdir.
İdrak nəzəriyyəsi: Ş.Sührəvərdi mütləq biliyin mənbəyini maddi aləmdən kənarda axtarırdı. Onun fikrincə, “İşraq fəlsəfəsi” kitabını intuisiyanın köməyilə dərindən anlamaq mümkündür. İşraqilik fəlsəfəsinə görə, hissi və əqli idrak vasitəsilə maddi aləmin şeyləri və hadisələri haqqında müəyyən bilik əldə edilir, intuitiv idrak isə insana işıqlar aləminin sirlərini açır, mütləq həqiqəti aşkar edir.
Hiç yorum yok:
Yorum Gönder