Qılınc müsəlmanlığı
Və ya qılıncın İslamı
İslam ərəblərin dini kimi yaranmışdır. Başlanğıcda Quran ümumbəşəri mesaj deyildi. Sonrakılar Muhamməd peyğəmbərin missiyasını genişləndirdilər. Tezisimi əsaslandırmaq üçün gəlin, Quranın özünə və İslam tarixinin bəzi məqamlarına yenidən nəzər salaq. Fussılət surəsi: 3-cü ayə: "(Bu, elə bir kitabdır ki) Onun ayələri ərəbcə anlayan bir qövmə izah edilmişdir". Eyni surənin 44-cü ayəsində isə deyilir ki, əgər biz Quranı başqa bir dildə versəydik, onda deyəcəkdilər: ərəbə də başqa bir dildə kitab olar? Hadid surəsi, 26-cı ayədə isə belə deyilir: "And olsun ki, biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi də, kitabı da onların nəslinə verdik". Buradan belə çıxır ki, semit (yəhudi-ərəb) peyğəmbərlər silsiləsinin və kitablarının türklərə, kürdlərə, talışlara, farslara, ləzgilərə və s. heç bir dəxli olmamışdır, yoxdur. Yaxud da, Əl-Bəqərə surəsinin 132-ci ayəsində deyilir: "Bunu (müsəlmanlığı -A.M.) İbrahim də öz oğullarına vəsiyyət etdi, Yaqub da: Oğullarım! Allah sizin üçün bu dini seçdi…" Eyni surənin 133-cü ayəsində isə belə deyilir. "…onda Yaqub öz oğullarına: Məndən sonra kimə qulluq edəcəksiniz, demişdi. Onlar sənin və babaların İbrahim, İsmail və İshaqın Allahı olan vahid Allaha qulluq edəcəyik, biz ancaq ona təslim olmuşuq" dedilər. Burada azərbaycanlı oxucu bilməlidir ki, bu şəxslərin adları (İbrahim, İsmail, Yaqub və s.) bizə tanış gəlsə də, onların bizimlə heç bir tarixi-mifik-etnik əlaqəsi yoxdur. Sadəcə olaraq bizim dinimizi dəyişdirəndən sonra, adlarımızı da dəyişdiriblər. İndi İbrahim bizim qonşumuz, İsmail dostumuz, Yaqub qohumumuzdur. Tarix elmində semitlərin üç peyğəmbəri qeydə alınır: Musa, İsa, Muhamməd. Amma ərəblər özləri inanırlar ki, daha üç peyğəmbəri olub ki, onlar şəriət gətiriblər. Bunlar Adəm, Nuh və İbrahim peyğəmbərdir. İsmail İbrahimin oğludur. Rəvayətə görə, onlar ata-bala Məkkədə Kəbənin təməlini atıblar. İshaq da İbrahimin oğludur, o, atası 120 yaşında olanda doğulub. Yəhudilər və ərəblər bu şəxsləri özlərinin ulu babaları, mifik əcdadları sayırlar. Onların qoyduqları qayda-qanunları isə "din" hesab edirlər. Təxminən biz "atalar sözləri" adı verdiyimiz kəlamların ulu babalarımız tərəfindən bizə miras qoyub getdiklərinə inandığımız dünyagörüşü kimi. Yaxud belə də demək olar: Dədə Qorqudun yaponlara nə qədər dəxli varsa, Adəmin, İbrahimin, İsmailin və sonrakıların da bizə o qədər dəxli var. Məgər ərəblər və yaxud yəhudilər bizim Dədə Qorqudu öz dədələri sayırlar? Rad surəsi, 7-ci ayədə deyilir: "…sən (söhbət Muhəmməd peyğəmbərdən gedir-A.M.) Sadəcə xəbərdarlıq edənsən. Hər millətin bir yol göstərəni var". Diqqətinizi "millət" anlayışına cəlb edirəm. "Millət" dini-şər'i anlayış olub, qərblilərin nasion anlayışına qəti uyğun gəlmir. Quranda "millət" din, adət mənasında işlədilir. Eyni dinə, adətə (şəriətə) mənsub olanlara millət deyilir. Aydındır ki, məzmun etibarilə "millət" "ümmət" anlayışına uyğun gəlir. Məlumdur ki, hələ İslamdan çox-çox əvvəl Məkkə şəhəri həm ticarət, həm də dini mərkəz idi. Karvan yollarının kəsişməsində yerləşən bu bazar-şəhər dünyanın dörd bir yanından gələn informasiyalardan xəbərdar olurdu. Cahiliyyə dövrü kimi xarakterizə edilən İslamdan əvvəlki dövrün poeziya nümunələrindən də öyrənə bilirik ki, ərəblər o dövrdə xristianlığı, iudaizmi, atəşpərəstliyi tanıyırdılar. O dövrdə Məkkədə savadlı olmaq üçün təbii ki, öz məzunlarına diplom və ya şəhadətnamə kimi bir şey verən, sistemli tədrisatla məşğul olan xüsusi məktəblər yox idi, amma əvəzində karvansaralarda gecədən sübhədək danışılan nağıllar, rəvayətlər vardı, şeir məclisləri vardı, "informasiya daşıyıcısı" rolunu oynayan tacirlərin nəql etdikləri sərgüzəştlər vardı və nəhayət müxtəlif dinlərə inanan insanların söhbətləri vardı. O dövrün savadlısı belə məclislərin dinləyicisinə, oralarda danışılanların bilicisinə deyilirdi. Ona görə də, "Muhamməd peyğəmbər savadsız olub" fikri korrekt deyildir. Əgər savadlı olmaqdan yazı yazmaq və oxumaq nəzərdə tutulursa, hə, ola bilsin ki, peyğəmbər bunu bacarmayıb. Ancaq o da nəzərə alınmalıdır ki, yazı ərəblərdə ta qədimdən bəri mövcud olsa da (bunu tək-tək adamlar bacarırdı), bütövlükdə yazı mədəniyyəti onlarda VIII əsrdən başlanır. Mənə Muhamməd peyğəmbərin yazı-pozu işini bilməməsi də inandırıcı görünmür. Çünki xatırlayaq ki, Xədicə öz ticarətinin bütün idarəsini və hesabdarlığını 20-25 yaşlarında gənc Muhammədə, gələcəyin peyğəmbərinə tapşırmışdı. Ərəblər Məkkəyə təkcə ticarət üçün yox, həm də ziyarət üçün gəlirdilər, Kəbənin ziyarəti üçün. (Yeri gəlmişkən "həm ziyarət, həm ticarət"in, ümumiyyətlə müqəddəsliklə alverin eyni beşikdə böyüməsi İslamın sonrakı inkişafında təsiredici rol oynadı). Ərəblər Məkkəyə Həcc ziyarəti üçün gəlirdilər. Hələ İslamdan əvvəl! Ərəblərin bu adəti sonra dinlərində də öz sabit yerini tutdu. İslamın arabizm olduğunu Quranın ərəb həyat tərzindən doğulduğuna dair faktlar sübut edir. O dövrdə ərəblər qəbilələr halında birləşmişdilər. Hər qəbilənin öz bütü, öz ləhcəsi, mənafeyi vardı. Aralarında tez-tez müharibələr, o cümlədən qan və qisas davaları olurdu. Bir qəbilə üzvünün öldürülməsinə cavab kimi, qatili öldürmək, ya ölənin qohumlarının, ya da ölənin qəbilə üzvlərinin şərəf vəzifəsi sayılırdı. Dişə-diş, qana-qan intiqam üsulu eynilə Qurana da keçmiş, saxlanmışdır. Oxuyaq. Bəqərə surəsi, 178-ci ayə: "Ey iman edənlər. Öldürənlərin qisasını almaq vacib hesab edildi. Azad şəxsə azad, köləyə kölə, qadına qadın…" Sonra. Məlumdur ki, İslamdan qabaq ərəblər bütpərəst idilər və onların dini təsəvvürlərində cin, şeytan, pəri kimi vahiməli, qorxulu obrazlar mövcud idi. Bu obrazların funksiyası qorxutmaq idi. Qorxudaraq çəkindirmək isə Quranın işlək üsullarından biridir. Eş-Şura surəsinin 7-ci ayəsində Muhamməd peyğəmbərin vəzifəsi Məkkədə və ətrafında yaşayanları qiyamət gününün dəhşəti ilə qorxutmaq kimi müəyyənləşdirilmişdir. Başqa bir məsələ. "Ərəb" səhra adamı deməkdir. Səhra küləyi və qızmar isti üzündən onların gözləri iri, rəngləri ağ olmurdu. Hələ cahiliyyə dövrünə aid şeirlərdə qadın gözəlliyi irigözlülük və ağüzlülük ilə vəsf edilirdi. Çünki belələri az-az tapılırdı. İndi Quranda oxuyuruq: Saffat surəsi, 48 və 49-cu ayələr: (Cənnətdə möminlərin) "Yanlarında gözəl baxışlarını ancaq onlara zilləmiş iri gözlü hurilər vardır. Onlar gün dəyməmiş yumurta kimi ağappaqdırlar". Bundan əlavə, məlumdur ki, ərəblər daim su qıtlığı və sərinlik həsrəti çəkmişlər. Quranda isə ərəb təkcə qorxudulmur, eyni zamanda onun ən həsrətli arzularına xitab edilir. Oxuyaq. Fəcr surəsi, 12-16-cı ayələr: "Orada (cənnətdə) daimi axan bulaqlar, taxtlar, düzülmüş qədəhlər, yasdıqlar, sərilmiş xalılar var". Daha başqa bir xüsus. Ərəblər ildə bir dəfə Məkkəyə Həcc ziyarətinə gələndə, tikiş vurulmadan, yundan hazırlanmış paltarları geyəndə və bir də Həccdən qayıdanda evlərinə qapılarından yox, evin arxasında sırf bu məqsədlə açılmış xüsusi oyuqdan sürünə-sürünə evə daxil olmağın onlara uğur gətirəcəklərinə inanırdılar. Necə ki, bizim Novruzda od qalayıb, üstündən hoppanmağımız kimi. Bu adəti ləğv etmək üçün Allah Muhamməd vasitəsilə ərəblərə ayə göndərir (hə, məhz ərəblərə!). Oxuyaq. Bəqərə surəsi, 189-cu ayə: "…yaxşı hərəkət evinizə arxasından daxil olmaq deyildir… Evinizə qapısından girin, Allahdan qorxun, inşaallah, nicat taparsınız". İndi mən XXI əsr azərbaycanlısından soruşuram, vicdanınızla deyin, "evinizə arxadan deyil, qapısından daxil olun" əmrinin sizə nə dəxli var? Bəyəm bu, bizim mədəniyyətin tarixidir? Bizim Novruzda yumurta döyüşdürməyimizin ərəbə dəxli var məgər? İslamda əsbabı-nüzul, Quran ayələrinin gəlmə səbəbləri deyilən bir anlayış var. Yəni hər bir ayə o dövrün şərtləri üçün, sırf ərəblərə hesablanmışdır. Mənim zənnimcə, Muhamməd peyğəmbər də bu iddiada olmuşdur. Lakin sonrakı vəziyyət, siyasi İslam onun əsil missiyasını genişləndirərək, zədələdi. Məsələn, məlumdur ki, Muhamməd peyğəmbər Quranda "xətmül-ənbiya" kimi xarakterizə edilir. "Xətm" ərəb dilində həm təsdiqləyici möhür, həm də son mənası daşıyırdı. "Ənbiya" isə nəbilər, yəni peyğəmbərlər deməkdir. "Xətmül-ənbiya"nı iki cür anlamaq olardı: 1. Muhamməd peyğəmbər özündən əvvəlki bütün semit peyğəmbərlər silsiləsinin təsdiqləyici möhürüdür və yaxud da, 2. O, sonuncu peyğəmbərdir. Sonrakılar ikinci mənanı qabartdılar. (Hansı din öz peyğəmbərinə sadiq qalıb ki?) Çünki Muhamməd peyğəmbərin ölümündən sonra, qəbilələrarası siyasi-ideoloji konfliktlər, mərkəzi hakimiyyətə tabe olmaq istəməyənlər və ən əsası özünü yeni peyğəmbər elan edənlər ortaya çıxdı. "Xətm" sözünün "son" mənası bu vaxtdan etibarən siyasi İslam tərəfindən vurğulanmağa başladı. Bəlkə də "xətm" sözündə "son" mənası əvvəlcə heç yox idi, sonradan konnotativ məna kimi uyduruldu. Əks təqdirdə belə çıxır ki, özünü peyğəmbər elan edənlər dəli olmuşdular. İslam mədəniyyəti nə "kərtənkələ qızardıb yeyən ərəblər"in (Firdovsi) ibtidai mədəniyyətindən, nə də Qurandan yarandı. Bu mədəniyyət bizim, farsların, yunanların, hindlilərin, misirlilərin, qədim Mesopatomiyanın mədəni abidələri hesabına formalaşdı. İslam dini heç vaxt könül xoşluğuyla ya da daha güclü dəlillərin təbii qalibiyyətiylə yayılmamışdır. O, həmişə əvvəlcə işğal etmiş, sonra siyasi hakimiyyət qurmuş, ardından da cizyə kimi təzyiqlər vasitəsilə bərqərar olmuşdur. İslamın qılıncla yeridilməsi Muhamməd peyğəmbərin ölümündən sonra daha geniş vüsət aldı. Heç kimə sirr deyil ki, Muhamməd peyğəmbər tarixdə qılınc tutmuş yeganə peyğəmbərdir. Hələ Muhamməd peyğəmbərin sağlığında İslamın qəbul etdirilməsinə dair maraqlı bir fakt. Çox hörmətli professorumuz hacı V. Məmmədəliyev yazır ki, 630-cu ildə Həvazin qəbilələrinin 20 minlik ordusu Muhamməd peyğəmbərin 12 minlik ordusu ilə döyüşdə məğlub olduqdan sonra, Həvazin qəbilələrinin komandanı Malik bin Ovf əsir düşmüş arvadını və uşaqlarını xilas etmək üçün İslamı qəbul etdi… Ərəblər VII əsrdə Ərəbistandan çıxaraq, İraq, Suriya, Fələstin, Misir, İran və daha sonra şimali Afrikanı işğal etdilər. Yerli xalqlarla qarışıb onları ərəbləşdirdilər. Yerli xalqların dilləri ərəbləşdi. Bundan sonra İraq, Suriya, Fələstin, Misir, Liviya, Tunis, Əlcəzair və Fars xalqları ərəb oldular. Əməvi hökmdarı Əbdülməlik zamanında İslam imperiyasında ərəb dili rəsmi dil elan edildi. Ələ keçirilmiş ölkələrin xalqları İslamı qəbul etmək və ərəb dilini öyrənmək məcburiyyətində qaldılar. O vaxtlardan etibarən dilimiz arabizmlərlə doldu, fenotipimiz (görünüşümüz) ərəb sayaq oldu. Sonda, Hadid surəsi, 19-cu ayəyə diqqət yetirək: "İnkar edərək, ayələrimizi yalan hesab edənlərə gəldikdə, onlar da cəhənnəm əhlinə daxildir". Söyləyin mənə, xahiş edirəm, bu qədər qəzəbli və qorxulu olmayın, yəhudilərin dini xaric, hansı dini kitabda belə bir hədələmə qeydə alınıb, xristianlıqdamı, atəşpərəstlikdəmi, buddhizmdəmi, daoizmdəmi, hinduizmdəmi? Özünün müzakirəyə çıxarılmasına bu şəkildə veto qoyan dünyagörüşü sivil birgəyaşayış üçün təhlükəli deyilmi?
Hiç yorum yok:
Yorum Gönder