Allah və Ağıl

Dinin elmi sübutu…
Filosoflar (ilk dəfə Hegel) ağlın tarixi inkişafını təfəkkür səviyyələrinə görə belə müəyyən edirlər: 1. Epik-artistik təfəkkür; 2. Mifik-dini təfəkkür; 3. Fəlsəfi-elmi təfəkkür. Bunların hər biri ağlın inkişafında müəyyən bir tarixi mərhələni təşkil edir. (Yeri gəlmişkən, görəsən, bu bölgüyə görə, bizdə nə üçün dini və bədii şüur nisbətən alınır, amma fəlsəfi-elmi şüur hələ çox cır qalır? Yaxud da, inkişaf dərəcəsinə görə düzsək, düzülüş nə üçün belə alınar: din (mif, nağıl), sənət (poeziya, musiqi) və nəhayət, fəlsəfə (elm)? Görəsən, biz öz təfəkkür səviyyəmizə görə tarixin harasındayıq?) Dində ağıla iki münasibət muşahidə etmək olar: 1. Allahı və ya ilahiliyi ağılla isbat etmək cəhdi və 2. Ağlın Allahı və ya ilahiliyi dərk etməkdəki acizliyini göstərmək cəhdi. Orta əsrlərdə, istər xristianlıqda, istərsə də islamda hər iki mövqeni görmək olardı. Dindar mütəfəkkirlər adətən hər iki mövqeni, mistiklər isə ikinci mövqeni mənimsəyirlər. Allahın ağılla isbat edilməsi Orta əsrlər təfəkkürünə xasdır. Allah isbatı ilə islamda mütəkəllimlər adı verilən İbn Sina, Əbu Hamid Qazzali kimi ilahiyyatçılar, xristianlıqda isə Anselm, Akvinas Foma kimi teoloqlar məşğul olublar. Orta əsrlərdə, Allah isbatı dedikdə, Allahın Aristotel məntiqi ilə isbatını nəzərdə tuturdular. Ümumiyyətlə, Orta əsrlərin bəlkə də ən əsas arzusu elə ilahilik ilə insaniliyin, bir sözlə Allah ilə ağlın münasibətini, əlbəttə ki, birincinin xeyrinə aydınlaşdırmaq olub. Lakin burada çox mühüm məsələ ondan ibarətdir ki, ağıl Orta əsrlərdə induktiv metodla işləyən bugünkü təcrübi-elmi ağıl yox, Aristotel məntiqi ilə işləyən fəlsəfi ağıl idi! Allah mifik-dini təfəkkürün təsəvvürüdür. Fəlsəfi ağılla icra edilən çoxlu Allah isbatlarının heç biri heç Orta əsrlərdə uğurlu alınmadığı halda, onu bu gün elmi ağılla isbat etməyə girişirlər. Xristian teoloqu Tertullian deyirdi: "Mən Allaha absurd olduğu üçün inanıram". Yəni inanmağım üçün əqli səbəblər axtarmıram. Etiqadın əqli olmadığından nəinki narahat olmuram, əksinə, ona elə məhz buna görə inanıram. İslamda sünnilərə görə IV xəlifə, şiələrə görə isə I imam Əlinin təxminən belə bir sözü var: "Göydə lə iləhə illəllah yazılmış olsaydı, Allaha inamım artmazdı". Yəni Allahın ağıl üçün sübutsuzluğu onun başaşağılığı deyil ki, sübutu da başucalığı olsun. Doğrudan da, məgər Allah istəsəydi həftədə bir dəfə (ildə bir dəfə də olar) özünü bizə göstərə bilməzdimi, dini dillə desək, təəyyün edə bilməzdimi? Allahın varlığı ağıl üçün prinsipcə mübahisəlidir. (Hələ Orta əsrlərdə məşhur İbn Sina-Qazzali-İbn Rüşd mübahisəsidir bu). Dinin canı da elə bundadır. Yoxsa cənnət imanlılara yox, ağıllılara, özü də elmi ağlı inkişaf etmiş alimlərə vəd olunardı ki. Təsəvvür edin, mən sizə deyirəm ki, qalileylər, nyutonlar yanılıblar, yerin cazibəsi deyilən fiziki dəyişməz zad yoxdur, boşluğa buraxılan cism heç də sürətini artıra-artıra yerə çırpılmaz, yavaş-yavaş, sallana-sallana yerə enər. Belə deyib, özümü bu gecə vaxtı buraxıram ikinci mərtəbədən aşağı. Yaxud da faradeylər yanılıblar elektrikin öldürücü təsiri yalandı deyibən yapışıram açıq naqildən!.. Mənim haqqımda nə düşünərdiniz? Yəqin ki, belə: "Bu başdanxarab imiş ki!" Niyə belə düşündünüz? Ona görə ki, elmi həqiqətlərə belə münasibət haqlı olaraq başıxarablıq, dəlilik təsiri bağışlayardı. Ona görə də Quranda yazılanları əcaib-qəraib vasitələrlə elmi həqiqət kimi göstərməyə çalışarkən, Allaha inamsızlığı başdanxarablıq, dəlilik kimi damğalamağa hazırlaşmış olurlar. Bu "sübutların" ardından ya dəlixana gəlir, ya da həbsxana, təbii olaraq. İran nümunəsi gözümüzün qabağındadı. Allahın varlığı və islamın ən mükəmməl din olması 2+2=4 kimi isbat olunursa, onda belə çıxır, bəşəriyyətin, xüsusilə elmin inkişaf etdiyi ölkələrdə yaşayan və Allaha inanmayan, islama etiqad etməyən milyardlarla hissəsi ağlını itirib ki. Aydındır ki, Allahın elmi isbatı kütləvi bazara hesablanıb və reklam kimi düşünülüb. İslam dinini pozitivist elmi yolla sübut etmək cəhdi ya cəhalət rüsvayçılığı, ya da intellektual həyasızlıqdır.

1 yorum:

Adsız dedi ki...

I am Glad i discovered this website.Added oxu.blogspot.com to my bookmark!