Azərbaycanlılar və həyat
Azərbaycanlılar nəyin bahasına olursa olsun, necə olursa olsun, hansı yolla olursa olsun, yaşamağa can atır. Azərbaycanlını döyürlər - yaşayır; təhqir edirlər - yaşayır; heç bir hüququ tanınmır - yaşayır. Maddi, mənəvi, etik, estetik, bir sözlə, bütün imkanların əlindən alınmasına baxmayaraq yaşayır. Nə üsyan edir, nə də ölür, ancaq və ancaq yaşayır.Azərbaycanlıların bildiyi tək şey yaşamaqdır. Həyata qarşı ifrat dərəcədə iştahlı olan bu adamlar adətən acgözlüklə yaşayır. Bir azərbaycanlıdan soruşsanız ki “ həyat nədir”, deyəcək ki, “həyat yaşamaqdır.” Bu həyat-manianın səbəbləri ekzistensialist xarakter daşıyır.Azərbaycanlıların təfəkkürünə görə, hər şeyə baxmayaraq yaşamağa dəyər, həyat hər zaman mənalı və qiymətlidir. Bunu optimizm hesab edirlər. Halbuki bu təfəkkür tərzi ondan irəli gəlir ki, bu adamlar hər zaman həyatın içindədirlər; həyatdan “kənara” bir addım belə atmırlar. Bir azərbaycanlı “həyatın mənası nədir” sualı ətrafında düşünmədən apriori hökm kimi həyatın mənalı olduğuna inanır.Azərbaycanlıların gözündə dünyaya gəlmək həyata (yaşamağa) mübtəla olmaqdır. Həyatı ideallaşdıran bu spontan mühakimənin səbəbi də spontandır: azərbaycanlı bir ağac, yaxud bir pişik kimi spontan olaraq həyatın içindədir; azərbaycanlı həyata verilib; o, həyatın faktıdır. Necə ki, şüursuz bir varlıq həyatı düşünmədən, öz yaşamı haqqında mühakimə aparmadan yaşayır, azərbaycanlı da həyatı bu cür natural-bioloji determinizm çərçivəsində yaşayır. Yəni azərbaycanlı ekzistensial baxımdan bütövlükdə həyata immanentdir, başqa sözlə, dünyanın tərkibi azərbaycanlıdır.Şüur insanın həyatla (varlıqla) birləşməsinə, həmişə onun içində, onun bir hissəsi olmasına imkan vermir. Həyatın mənasızlığı yalnızca ondan kənara çıxıb, onun qarşısına keçib baxdıqda dərk oluna bilər. Alber Kamyu bu duruma “absurdla qarşılaşma” deyirdi. Həyat absurddur, zəkaya ziddir, mənasızdır; deməli, həyatın mənası nə qədər azalırsa, insan həyatın mənasızlığını nə qədər dərk edirsə, yaşam da o qədər mənalı olur. Çünki yaşamaq absurdu yaşatmaqdır. Həyatdan kənara çıxmaq, həyatın qarşısına keçmək isə onun zorla qəbul etdirmək istədiyi hər şeyə etiraz etməklə, öz ekzistensial seçimlərin nəticəsində formalaşmayan dəyərləri inkar etməklə mümkündür. Bu mənada tipik azərbaycanlı əslində yaşamır, sadəcə olaraq, öz bioloji mövcudluğunu davam etdirir; başqa sözlə, azərbaycanlının yaşamı özünü köhnəltməkdən, bədənini istifadə edərək köhnəltməkdən ibarətdir.Azərbaycanlının həyatın mənasına dair apriori etiqadı onu ümid bataqlığına çəkib aparır. Bazarda göyərti satan azərbaycanlı ümid edir ki, bir gün nəhəng iş adamı olacaq; zərrə qədər real imkanı olmasa da, taksi sürücüsü ümid edir ki, bir gün mütləq «Mercedes» alacaq; hüquq fakültəsinin tələbəsi ümid bəsləyir ki, ölkənin baş prokuroru olacaq; orta sinifə mənsub evdar qadın ümid edir ki, gələcəkdə nə vaxtsa villada yaşayacaq. Gələcəyi ümidlə tənzimləmək xarakteristik azərbaycanlı xüsusiyyətidir. Bu xüsusiyyət fərqli sferalarda müxtəlif şəkildə təzahür etsə də, mahiyyətcə eynidir.Azərbaycanlıların ölkəsində hamı elə bilir ki, asanlıqla prezident, yaxud varlı iş adamı, Nobel mükafatı laureatı yazıçı və ya dünya gözəllik müsabiqəsinin qalibi olmaq mümkündür və bu mərtəbəyə yüksəlmək onun haqqıdır. Belə bir ontoloji mövqeyin etik instansiyada “hər şeyə icazə var”, “hər şey məqbuldur” anlayışı ilə nəticələnməsi qaçılmazdır. Ümumiyyətlə, ümid patologiyaya və əxlaqsızlığa yol açır. Azərbaycanlıların ümumi ruhunun patoloji köklərini təşkil edən əsas elementlərdən biri, onların gələcəklə bağlı təsəvvürlərində ümid hissinin determinist rol oynamasıdır. Halbuki Nitsşe XIX əsrdə bizə xəbərdarlıq etmişdi: “Ümid xəstəlikdir, insanın iztirablarının ömrünü uzadır”.Həyatın mənasına inanmağın zəruri məntiqi nəticəsi müəyyən dəyərlər iyerarxiyasının yaranması, yaşamın dövrləşdirilməsi (periodizasiyası) və hər dövrə uyğun fəaliyyət istiqamətinin təyin edilməsidir. Bunu məhz ümid tələb edir. Məsələn, orta məktəbdə oxuyuram, məktəb direktoru şagirdləri əməlli-başlı soyur, fəqət, gələcək tələb edir ki, mən etiraz etməyim. Bu yaşda nə etiraz?! Universitet tələbəsiyəm, heç bir azadlığa, həttə haqqım olan akademik azadlığa malik deyiləm; əzilirəm, təhqir olunuram, qarət edirlər məni. Amma universiteti bitirməliyəm, mütləq bitirməliyəm, ən böyük arzum hüquqşünas olmaqdır, bu, eyni zamanda anamın da arzusudur. Dövlət işçisiyəm, bizi zorla iqtidar partiyasının mitinqinə aparırlar. Mən səsimi çıxara bilmərəm, çünki susmaq yaşımın tələbidir, evliyəm, uşaqlarım var. Altmış yaşındayam, Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı məni vurdu, durub baxdım, qorxdum ki, nəsə desəm, oğlum işsiz qalacaq.Qısası, absurdla qarşılaşmayan insanlar günlük yaşayır; məqsədlərlə, planlarla, gələcək dərdiylə, fürsətləri hesablayaraq, şanslarını ölçüb-biçərək yaşayır. Həmişə daha sonraya, gələn qışa, gələn ilki sezona, növbəti seçkilərə, direktorun dəyişməsinə, qonşusunun köçüb getməsinə, oğlunun işə girməsinə və s. bel bağlayırlar. Kamyunun dediyi kimi, “onları nə əzirsə, onu tanrılaşdırırlar, əllərini nə boş qoyursa, onda ümid tapırlar”. Azərbaycanlı onu əzəni ilahlaşdırır, əlini boş qoyan şeydə ümid tapır.Ümid həyatın “içində” yaranır, onun mənbəyini ontoloji baxımdan həyatın (dünyanın) faktiki, ayrılmaz tərkib hissəsi olmaqla kifayətlənən insanın şüursuz halı təşkil edir. İnsan həyata yapışıb qaldıqca, həyatın mənasından asılı vəziyyətdə qaldıqca ümid şüurun yerinə keçir, zəkanın funksiyasını ümid yerinə yetirməyə başlayır. Bu prosesin son nəticəsində yaşantı və ya gündəlik həyat fetişləşdirilir. Odur ki, azərbaycanlının hər hərəkətini, hər fəaliyyətini haqlılaşdıran tək bir səbəb var: gündəlik həyat, “bir tikə çörək”, “arvad-uşağın qarnı”. Gündəlik həyat azərbaycanlı üçün doqmadır.Frans Kafka məsləhət görürdü ki, “dünya ilə mübarizənizdə dünyanın tərəfində olun”. Azərbaycanlı dünyayla, həyatla mübarizəsində həmişə özünün tərəfindədir. Onun dünyaya (həyata) münasibəti özünə münasibətindən irəli gəlir. Hər şeyə icazə verən həyat yaxşı həyat, onu təsdiq edən dünya yaxşı dünyadır. Buna görə də bütün mövcudluğu ilə bir daş, bir qarışqa kimi dünyanın natural parçası olan, başqa sözlə, “həyata immanent” mövcudiyyət olan azərbaycanlı üçün heç bir məsələ ölüm-qalım məsələsi deyil. Baş verən hər hadisə, meydana gələn hər dəyişiklik ona yaşamağı təlqin edir. Hər şey onun gözündə yaşamaq səbəbidir.
Hiç yorum yok:
Yorum Gönder