Boşluğun Doluluğu


Bütün anladıqlarımızın, bütün dəyərimizin, hər şeyin gözümüzdən düşdüyü vaxtlar olur. Gözümüzün sürüşkən olduğu vaxtlar. Çox sıxıntılı, spazma keçirdiyimiz günlər. Ruhumuz dara düşür. Siqaretlə keçmir, içki ilə ötmür, televiziya, internet köməyə gəlmir. Əlimiz heç bir kitaba uzanmır. Bilmirik hara qaçaq bu darlıqdan. Mən tələbə olanda, belə vaxtlarımda özümə məktub yazıb yollardım. Bir iki gün sonra mənə məktub "gələrdi". Sınamışam, belə vaxtlarda ən yaxşısı saatlarla yatmaqdı. (Hər halda bu, illərlə, bəzən əsrlərlə yatmaqdan yaxşıdı). Biz danışanlar, biz yazanlar, biz gopa basanlar hələ ən dərin qatlara enə bilməmişik. Çünki hələ yaza bilirik, danışa bilirik, katafaziyaya uğramamışıq. Gərək öz sükunətinə əvvəlcə kontekst hazırlayasan sözlərlə. Qədim mütəfəkkirlər hər şeyi hamıya deməzlərmiş, hamıya hər şeyi deməzlərmiş. Hamıya açıq eksoterik dərslərdə bəzilərini seçib, qapalı esoterik dərslərinə çağırarlarmış. Bizim sütun yazılarımız bu sayaq bir az da anonim məktublara bənzəyir. Adama rahatlıq verir də, vermir də. Amma Hegel deyib: "Elə bir şey yoxdur ki, varlıq ilə yoxluq arasında olmasın". Birdən dostlar düşür yada. Birdən də elə dostlar çıxır yaddan. Nədənsə, indi R.Qaracanın şeiri düşdü yadıma: "Hər gün bir yarpaq düşür ömürdən, bəzən də ikisi". Gərək gec kəşf edəsən ölümü, intiharı, qocalığı, xəstəliyi, tənhalığı, zəifliyi, səhvi… Xoşbəxt olmaq üçün. Hamıdan biri olmaq üçün. Kimə lazımam? Nəyə lazımam? Niyə də lazım olmalıyam axı? Adamın öz-özünə istehza elədiyi vaxtlar olur. Bu dəqiqə o qədər bədbinəm ki, hamını bağışlayıram. Biz vətənsizlər! Biz sürgündəkilər! Mübarizə də həyatı mənalandırma formalarından, özündən qaçış yollarından biridir. Xoşbəxtliyin zirvəsində, sürəkli alqışın ən gur yerində intihar dəcəlliyi. C.Londonun Martin İdeni kimi. Adam əvvəl lovğalanır ki, bunu bircə mən bilirəm. Sonra lovğalanır ki, bunu bircə mən anlayıram. Daha sonra lap lovğalanır ki, bunu mən demişəm, mən yaratmışam, mən yazmışam. Axırda şöhrətpərəstlik uşaqlığı keçib gedir, adama tənhalıq qalır. Sən demə, ətrafımızdakıları qırırmışıq. Heç kimə deyə bilmədikləriniz qədər yalnızsınız. Sevgili filosof dostum Alov bu yarımçıq fikirlərimin əlyazmasına belə bir "opponent rəyi" yazıb: "Bədbinlik ən böyük xudbinlikdir. Bədbinlik ən böyük sevgisizlikdir. Bədbinlikdə əvvəl yaddaş korlanır; gözəl günlər, sevdiyin insanlar, xatirəyə dönmüş xoş duyğular unudulur. Bədbinlikdə dünya qalın pərdə arxasından görünür; dünyanın al-əlvanlığı itir, dünya bozarır. Bədbinliyin tənhalığı insanı azadlıqdan məhrum edir; insan özünə pərçimlənir. Bədbinlikdə insan dünya boyda nəhayətsiz olmur, zindan boyda dar olur. Bədbinlikdə insanın varlığı insanın darlığında boğulur; gen dünya ona görə adama dar gəlir. Bədbinlikdə insan öz həcmi qədər yer tutur, amma dünyanı günahlandırır: "yalandır, kim deyir dünya böyükdür". Daralmış, xırdalmış insanda heç kəsə yer qalmır, özündən başqa. Azadlığın ölçüsü sevginin ölçüsünə uyğundur. Ancaq sevən insan azaddır. Ancaq azad insan sevə bilir. Ancaq azadlıqda başqaları görünür. Ancaq sevəndə başqaları mövcud olur. Bədbinlik insanı özünə həbs edir. Həbsxanada azadlığa və sevgiyə yer yoxdur. Sənə azadlıq arzulayıram". Deyirəm, dünyanın işinə bax, mənə də azadlıq arzulayırlar…


Hiç yorum yok: