İnkar həmişə riskdir

Əzizinəm mentalitet...
Bütün tarix boyu (beş-on il istisna) Azərbaycanın yerli ağaları özgə ağalarla əhali arasında vasitəçi rolu oynayıblar. Bizim özündən başlayan, "özündən deyən" öz ağamız (bir-ikisi istisna) heç vaxt olmayıb. Spinozadan (XVII əsrdən) bu yana bilirik ki, azadlıq qanunsuzluq yox, öz qanununa, özünün qoyduğun qanuna boyun əyməkdir. Bizim isə heç vaxt öz qanunumuz olmayıb. Yəni siyasi azadlığımız olmayıb. Bu gün "milli" olmuş mentalitetimiz bir vaxtlar özgəsinin bizə qoyduğu qanun olub. Bizdə bu gün "milli"yə çevrilmiş hər şey özgəsinindir. Biz - özgəsiyik. Azərbaycanlı - özü deyil. Bir vaxtlar Etibar Məmmədovun səsləndirdiyi "milli diktator" konsepsiyası özünü empirik olaraq da doğrultmadı. Bəzən deyirlər: "Bunlar bizi inkar edir!" "Bunlar"ın adından soruşuram: Siz nəyə "biz" deyirsiniz? Sizin nəyiniz özünüzünküdür? Ulu Mirzə Cəlil özü soruşub və özü də cavab verib: "Biz nəyik? …biz heç nəyik". Odur ki, biz sizin …mız (…muz,…müz,…miz) şəkilçinizə mız qoyuruq. Türk şairi A.İlhan demişkən: "Sənin olan heç nə mənim deyil, Mənim olan hər şey səni qorxudur". Almaq, öyrənmək, götürmək özlüyündə pis şeylər deyillər. Bunu bütün xalqlar ediblər. Amma bir şərtlə ki, bunları həzm edəsən, öz içində əridib, özününkü edə biləsən. Azərbaycanlılar isə aldıqlarına bir ştrix də əlavə etməyiblər. Azərbaycanlılar ümumbəşəriliyin Azərbaycan variantını yarada bilməyiblər. Bağışlamırıq! Elə buna görə də, Azərbaycan mədəniyyətinin (mentalitetinin) özgə mədəniyyətlərdə yerləşən köklərini asanlıqla müəyyən etmək olur. Azərbaycanlı izləri itirməyəcək qədər rəiyyət qalmışdır. Azərbaycanlıların indiyədək tarixi-etnik kimlikləri az-çox araşdırılsa da, onların mental-psixoloji kimlikləri heç araşdırılmayıb. Əlbəttə, azərbaycanşünaslığı qəzetlə yaratmaq olmaz. Qəzetçiliyin öz səviyyəsi var. Ancaq məsələ burasındadır ki, bundan sonra "Biz kimik?" sualına daha türkük, nə bilim türkdilliyik, farsdan dönməyik və s. kimi bir cavab bizi razı sala bilməz. Digər tərəfdən, azərbaycanşünaslığı bəh-bəh janrından çıxarmaq lazımdır. Doğrudur, yeri gələndə, həkim, hərbçi, siyasətçi, ideoloq və s. yalan danışa bilər. Amma kimsə də amansızcasına düzünü demək vəzifəsi daşımalıdır axı. Bunu filosoflar, yazıçılar, şairlər, intellektuallar etməlidirlər. Bir də ki, ümumiyyətlə azərbaycan xalqı haqqında bu gün çoxlarının dilinə düşmüş (salınmış) "bəh-bəh"li fikirlər Stalinin göstərişlərindən daha qədimə getmir. Fikir verin, ənənəmiz özünü özüylə necə mühafizə edir. O, belə danışır: "Pah, xoruz yox idi, səhər açılmırdı?"; yaxud da: "Köhnə bazara təzə nırx qoymazlar" (nırx fars dilində dəyər deməkdir). "Qınından çıxıb, qınını bəyənməyən ..!". Yeniliyə rişxənd, ironiya, artıqlıq duyğusu ilə baxır ənənəmiz. Yəqin ki, bir vaxtlar gələcək, Azərbaycanda doğulan körpələrin azərbaycanlı valideynlər tərəfindən tərbiyə edilməsi qadağan ediləcək. Görünür, gənclərimizi iki növə ayırmalıyıq: qoca gənclər və gənc gənclər. Qoca gəncin ancaq yaşı gəncdir. Gənc gəncin isə dünyagörüşü yenidir. "Gənclər ili"ndə bunları ayıraq. Məsələn, muğam oxuyan gənc qoca gəncdir, Nitsşe oxuyan gənc gənc gəncdir. Mənim elə tələbələrim olub (və var) ki, mən onlardan gənc olmuşam. Təsəvvür edin ki, mən onları azadlığa onlar isə məni qandallara dəvət ediblər. Mən onlara cəsarət vermişəm, onlar isə mənə təskinlik. Ona görə də, "Gələcək gənclərindir" şüarı ikibaşlı məna daşıyır. Diqqətli olmalıyıq. Baxmaq lazımdır ki, bunu deyən kimdir. Kədərlənməyək ki, bizdə qoca gənclər də var, əksinə, sevinək ki, bizdə bir-iki baş gənc gənc peyda olub. Sevinək ki, gənc gənclər indi nəinki qocalara (bunlar valideynləri olsa belə), heç qoca gənclərə də inanmaq istəmirlər. Sevinək ki, onlar bir gün ərzində əksər qoca professorumuzdan daha çox mütaliə edirlər. Ümidimiz inkarçı gənc gənclərədir. Necə ki, onların ümidi bizədir - azadlıq müəllimlərinə. İnkarçı gənclik və azadlıq müəllimliyi! Yazıb-yazıb özüm-özümü coşdurdum. Amma unutmayaq: biz risk edirik. Çünki yox olmaq təhlükəsinə girməyən, yox etmək təhlükəsi yarada bilməz.

1 yorum:

Men_qale dedi ki...

yox etmekle ne elde edeceksiz?