İnsan necə yaranıb?
Əlbəttə ki, yavaş-yavaş Yəhudi filosofu M.Şelerə görə, insan haqqında üç görüş var: 1. Yəhudi-xristian mənşəli dini görüş; 2. Qədim Yunan mənşəli fəlsəfi görüş; 3. Təbiət araşdırmalarına əsaslanan elmi görüş. Mənim bu dəfəki mövzum elmi antropologiyadır. Daha doğrusu, insanın orqanik təkamülü. Planetimizdə canlı həyat (ilk dəfə dənizdə) təqribən 580-200 milyon il bundan qabaq yaranıb. Bu tarix biosferanın yaşını göstərir. Bəşəriyyət isə afrikalıdır, o, Afrikada əmələ gəlib. Hələlik tapılmış ən qədim insan fossilinin (bu, Çaddan tapılmış kəllə sümüyüdür) yaşı 6-7 milyon il müəyyən olunmuşdur. Deməli, hələlik bildiyimiz budur ki, 6-7 milyon il bundan əvvəl Afrikada insanvarilər (hominoidlər) yaşamağa başlamışdır. Bu tarixdən müasir insanın əmələ gəlməsinədək (yəni bizdən 40 min il əvvələdək) təkamül prosesində çoxlu ara halqalar, ara növlər mövcud olmuşdur. Bunları adlamağa məcburam. Çünki onların burada təkcə elə adlarını sadalasam, mənim yerim dolar. İnsanın dünyadakı mövcudluğunun yaşı onun yazılı (sənədli) tarixindən yüz dəfə böyükdür. Yəni prehistorik dövr historik dövrdən yüz dəfə uzundur. Yazısız (sənədsiz) prehistorik dövrdə insanın mənşəyini və təkamülünü öyrənən paleoantropologiya elminin predmetinə daxildir: fossillər, daş alətlər və qayaüstü rəsmlər. Antropoloqlar müşahidə edirlər ki, milyon və min illər keçdikcə, insanın çox şeyi dəyişmişdir: skelet quruluşu, əllərinin anatomiyası, dişlərinin düzümü və s. Ən əsası isə kəllə həcminin böyüməsi. Məsələn, əgər 500 min il bundan qabaq yaşamış alət düzəldən və od əldə edə bilən "bacarıqlı insan"ın beyin həcmi 600 sm3 olubsa, 400-300 min il bundan qabaq yaşamış ov edə bilən "dik yerişli insan"ın beyin həcmi 1200 sm3 olmuşdur. (Həkim dostum Rəşadın mənə dediyinə görə, müasir insanın onurğa sütununda yaranan osteroxondroz kimi xəstəliklərin ən ağlabatan izahı ondan ibarətdir ki, bizim onurğa sütunumuz hələ də dik yeriməyə və dik əyləşməyə əlverişli deyil!) İlk "ağıllı insanlar" 100-200 min il bundan əvvəl yaşamağa başlamışlar. Bu tarix ağlın yaşını göstərir. "Ağıllı insan"ın beyin həcmi 1400 sm3 olmuşdur. O, ölülərini dəfn edirmiş. Onun kəllə sümüyünün sol tərəfində aşkarlanmış qabarıqlığa əsasən demək mümkün olur ki, onun nitqi də varmış. Nəhayət, 40 min il əvvəl təkamül prosesində hələlik ən ağıllı insan, yəni indiki insan meydana gəlib. Onun beyin həcmi 2 000 sm3-dir. Son 40 min ildə insanın gen strukturu və zahiri görünüşü dəyişməmişdir. İlk daş alətlərin və homo cinsinə aid fossillərin radiometrik üsullarla müəyyən olunan eyni yaşı (2,5-2,6 milyon il əvvəl) və onların eyni olan tapılma yerləri (Efiopiya və Tanzaniya) bir daha sübut edir ki, alətdüzəltmə mədəniyyətinin başlanması ilə homo cinsinə keçid üst-üstə düşür. 2,5-2,6 milyon il bundan qabaq insanın alət düzəltməyə başlaması bütün təkamül tarixində böyük dönüş etmişdir. İnsan bununla ətraf mühitdən asılılıqdan xilas olmuş, təbiətdən qopmuşdur! Paleoantropoloji tapıntılar getdikcə çoxalır. Məsələ burasındadır ki, bu tapıntıları nə birmənalı şəkildə heyvana, nə də insana aid etmək mümkündür. Ard-arda keçidli təkamül fikrinin arqumentlərindən biri də budur. Lakin sual ondan ibarətdir ki, təkamül nəzəriyyəsinə qarşı çıxış edən yaradılma nəzəriyyəsi (kreatsionizm) doğrudursa, yəni insan yaradıcı tərəfindən, hazır indiki formasında, üstəlik, öz yaradıcısına oxşar formada yaradılmışdırsa, onda nə üçün indiyədək müasir insanın fiziki parametrlərini daşıyan bircə dənə də olsun, qədim fraqment tapılmamışdır və tapılmır. Hər şey tapılır, amma bu şoğərib tapılmır. Ona görə də hansısa qədim miflərə istinad etmək, qədim tapıntılara istinad edən o boyda antropologiya elmini yox saymaq deməkdir. İnsan heyvan mənşəlidir, amma heyvan deyildir. Heyvanlıqla eyni olan insanlıq yoxdur, amma öz heyvanlığına qarşı çevrilmiş insanlıq da yoxdur. Biopsixi baxımdan isə insan tamamilə heyvandır. Bunu qəbul etməsək, gərək heç vaxt aptekə getməyək. Çünki farmokologiya elmi insanla heyvanın psixosomatik eyniyyəti üzərində qurulub.
Hiç yorum yok:
Yorum Gönder