Kim nə üçün yazır?

Qulağı olan eşitsin
İsa Məsih
İnsanları düşündürmək asan iş deyil. Mən bunu fəlsəfə müəllimi kimi bilirəm və deyirəm. İnsanların təfəkkürünü tərpətmək, bədənlərini tərpətməkdən çətindir. Müəllimlik ən çox filosofluqla üst-üstə düşür. Filosofluq müəllimlik, müəllimlik də filosofluqdur. Bu, həm tarixən, həm də mahiyyətcə belədir. Hinduizm dinində cəhalət günah sayılır. Elə buna görə də, hindlilər bilməyərəkdən edilən səhvi, bilərəkdən edilən səhvdən daha bağışlanmaz sayırlar. Hinduizmdə müəllim "quru" adlanır (sanskritcə olan bu sözün oxunuşunda vurğu birinci hecaya düşməlidir, yəni o, dilimizdə "yaş"ın antonimi "quru" kimi səslənməməlidir). Quru qaranlıqdan (qu) - çıxaran - (ru) deməkdir. Amma hansı qaranlıqdan? Müəllim kimin hansı qaranlıqdan əziyyət çəkdiyini necə müəyyən etsin? Filosofların hansı qaranlığa işıq saldıqları çox vaxt kütləyə qaranlıq qalır. Yalnız filosoflar filosofların işığına ehtiyac duyurlar. Kütlə fəlsəfi qaranlıqdan qorxur. İndi çoxları çap olunur. Amma görəsən, kim nə üçün yazır? Kim kimə yazır? Kant demişkən, "Biz nəyə ümid edə bilərik?" "Qalx, qalx, Azərbaycan!" çağırışı ilə, "Qalxın, ölülər!" çağırışı arasında mahiyyətcə fərq yoxdur. Qaranlığın eyniyyəti kütlənin eyniyyətidir. "Qafil, oyan!" (İ.Nəsimi) bunlardan daha ədəbli çağırışdır. Kütlənin hətta etirazları, şikayətləri, narazılıqları da eyni olur. Filosof kütləyə səslənmir. N.Berdyayev bizə öyrədir ki, kütlə filosofu heç vaxt sevmir, sevə bilməz də, onda o, kütlə olmaz. "Milli fəlsəfə", "Milli filosof"?! Axı kütlə Sokratın ölümünə səs verdi. M.Qandhi kütləyə söz deyə bilər, R.Taqor isə yox. Bu, elə belə də olub. Nitsşe Göte haqqında yazıb: "Göte həmişə azlıq üçün yaşadı və yazdı". Kütləyə ikrahından dağlara qaçan və dağda ot-ələf yeyib, zəhərlənib ölən qədim yunan mütəfəkkiri Heraklitə kütlə belə ayama verib: "Zülmət" (Skoteinos). Heraklit isə kütləni belə adlandırıb: "Çoxlar". Heraklitə bərk vurğun olan Nitsşe isə kütləni 2500 il sonra belə xarakterizə edib: "Lap çoxlar". Deməli, onlar artıblar! İnsanları düşündürmək asan deyil… "Müəllif öz taleyini qabaqcadan görür: ona fikir verməyəcəklər! O, bu müdhiş hadisəni hiss edir: paxıl bir tənqid ona falaqqa zopasi kimi dəyəcəkdir". Bu sözlərin müəllifi XIX əsrdə yaşamış danimarkalı filosof, estet və xristian teoloqu S.Kirkeqordur (addakı "k" hərflərini "kitab" sözündəki kimi yox, "kombayn" sözündəki kimi oxumalıyıq). 42 illik qısa və tragik bir ömrün yiyəsi olan bu filosofun əsərləri belə melanxolik fikirlərlə doludur. Kirkeqor Hegelə qarşı düşünmüş, ekzistensializm fəlsəfəsinin əsasını qoymuşdur. "Bütün ömrüm boyu gözlədim ki, birisi gələcək və mən onunla dərin söhbətə başlayacağam. Amma o, gəlmədi". Bu sözlərin müəllifi isə XX əsrdə yaşamış və "bütün XX əsr təfəkkürünün gizli kralı" (H.Arendt) adını qazanmış alman filosofu M.Haydeggerdir. Haydegger bunu 87 illik ömrünün sonlarında söyləyib. Bütün ömrü boyu fəlsəfəsi də, özü də hegelçiliyin və Hegelin kölgəsində qalan Şopenhauer ömrünün sonlarında kəşf edilib, əsərləri oxunmağa başlayanda, gündəliyinə sevinclə belə yazıb: "Oxunuram, oxunacağam!" Yaradıcılığının ilk dövrlərində Şopenhauer fəlsəfəsinin güclü təsirində qalan Nitsşe də öz sağlığında, bir-iki yaxın dostu xaric, demək olar ki, heç kimin diqqətini cəlb etməyib. Amma o, öz dəftərinə bu münasibətlə bəxtəvər bir ədayla belə yazıb: "Oxunmuram, oxunmayacağam!" Şəxsən mən çox azsaylı, konkret tanıdığım, sevgili dostlarım üçün yazıram. Onlar üçün "fortoçka" olmaq mənim dostluq borcum və fəxrimdir. Bu dəfə alınmadı, dostlar. İnsanları düşündürmək asan iş deyilmiş…

Hiç yorum yok: