Nihilizm

O, "nə üçün?" sualına cavabsızlıq halıdır
Nitsşe
Üç qrup dəyər və üç tip dəyərləndirmə var: yaxşı (xeyir)-pis (şər) kimi etik dəyərlər, gözəl-eybəcər kimi estetik dəyərlər və düzgün-səhv kimi logik (məntiqi) dəyərlər. Bu bölgüyə paralel olaraq da üç tip dəyərləndirmə bunlardır: …yaxşıdır(…savabdır)-…pisdir(…günahdır), …gözəldir-…eybəcərdir, …düzgündür-…səhvdir. …yaxşıdır, …gözəldir, …düzgündür hökmlərini "…olar!"; …pisdir, …eybəcərdir, …səhvdir hökmlərini də "…olmaz!" kimi xülasə etmək olar. Dəyərləri dəyərləndirmələrdən qabağa çəkən, dəyərləndirmələrin verilmiş hazır "ideal" dəyərlər əsasında icra edilməsini istəyən fəlsəfi mövqe idealizm adlanır. Dəyərlər mahiyyətin (essensiyanın), dəyərləndirmələr təzahürün, gerçək yaşayışın (eksistensiyanın) ifadəsi olduğundan, idealizmi bu baxımdan essensiyalizm də adlandırmaq olar. Və əksinə, dəyərləndirmələri dəyərlərdən qabağa çəkən, dəyərlərin dəyərləndirmələrdən yarandığını iddia edən fəlsəfi mövqe eksistensializm adlanır. İdealist və ya essensiyalist mövqe dəyərləndirmələrin əsasına "…olar!"-"…olmaz!" sabit dəyər hökmlərini qoyur və yaşayışımızın hər bir anında nəyin pis, nəyin yaxşı; nəyin gözəl, nəyin eybəcər; nəyin düzgün, nəyin səhv olduğunu bu hökmlərə görə müəyyənləşdirməyimizi tələb edir. "Hökm"ün cəmi ərəb dilində "ehkam"dır. Leksikonumuzdakı "ehkamçılıq" (doqmatizm) söz açdığım həmin bu idealizmi və ya essensiyalizmi ifadə edir. İdealizm anti-həyati, anti-humanist təfəkkürdür. Təsadüfi deyil ki, o, Şərqdə Allahı "vacib varlıq" (yəni mövcud olmaması qeyri-mümkün varlıq), insanı isə "mümkün varlıq" (yəni mövcud olmasa da olar, o, olmaya da bilər) kimi qoyan Orta əsrlərdə daha çox çiçəklənmişdir. Ona görə də Renessans "daha çox insan, daha az Allah" devizini ortaya atmışdı. Bu, daha çox həyat, daha az ehkam demək idi. Renessans yaşamayan Şərqdə isə hələ də Allahdan ötəri insana, namusdan ötəri qadına və s. qıya bilirlər. XIX əsrdə Hegel yazırdı ki, Şərqdə insan yoxdur, Allah var və o Allah insanı udub. Qərbdə idealizmin antihəyatiliyinə və antihumanizminə XIX əsrdən başlayaraq həyat fəlsəfəsi və "humanist eksistensializm" (Sartr) son qoydu. Antiidealist təfəkkür olan eksistensializmin humanizmi ondadır ki, o, dəyərləri (ehkamı) dəyərləndirmələrin (yaşayışın) determinantları yox, əksinə, məhsulu hesab edir. Mən əvvəlki yazılarımda mentalitetimiz idealist xarakterlidir dedikdə, biz nökər şüurundayıq dedikdə, Azərbaycanda insan yox, mentalitetin icraçıları var dedikdə, azadlıq ağlını və əxlaqını itirməkdir dedikdə və s. ehkamla qurulmuş təfəkkürümüzü nəzərdə tuturdum. Ehkamçılığımızın müasir adı mentalitetdir. Dəyişkən yaşayışı sabit ehkamla tənzimləmək cəhdi əvvəl-axır dekadens verir. Dəyərlər və "…olar!"-"…olmaz!" kimi dəyər hökmlərinin mühüm bir funksiyası da onların mənəvi həyatımızın məna əsasını təşkil etmələridir ("Mənəvi" sözü "məna" sözündən olub, əslində "mənavi" deməkdir). Onlar bizim destruktiv "nə üçün?" sualı qarşısında qalxanımız rolu oynayırlar. İnsanlar öz həyatlarına onların vasitəsilə məna qazındırır, aydınlıq gətirirlər. Onlar hazır izah şablonlarıdır. Nihilizm həyatın ənənəvi oriyentrlərdən, sabit izah qəliblərindən çıxması, dəyərləndirmələrin öz dəyər əsaslarını itirməsidir. Nihilizm ənənəvi dəyərlərin dəyərsizləşməsi, dəyər hökmlərinin qüvvədən düşməsidir. Nihilizm gələcəyin keçmişsiz qalmasıdır. Bu mənada o, yoxluq, boşluq, əsassızlıq, mənasızlıq, izahsızlıq halıdır. O keçid halı kimi ağrılı, sarsıntılı prosesdir. Nihilizmdən M.Veberin sehrsizləşmə, öz sehrini itirmə (Entzauberung) anlayışına da bir çıxış var. O, yeni rasional əsaslandırma tələbi və ehtiyacı ilə yaranır. Ölkəmizdə başlamış olan və şəxsən mənim getdikcə dərinləşməsini gözlədiyim nihilizm hələlik özünü mentalitetimizin disfunksionallaşması kimi göstərir. Nihilizm köklü təzələnmənin zəruri mərhələsidir. Haydegger onu belə ifadə edir: "Köhnə allahlar bizi tərk ediblər, yeniləri isə hələ ki, gecikirlər".

1 yorum:

Adsız dedi ki...

ck tesekkurler,Agalar muellim.imtahana hazirlasdigim zamanda cox yaxsi komeyime catdi:)

Xezer Universitesi, Felsefeye Giris.