Xilasımız İnkardadır
Bizi bəlkə inkar xilas edə bildi
Xilas qədim ideyadır. O, iudaizmdə, hinduizmdə, xristianlıqda və nəhayət şiəlikdə də var. Xilas islah deyil, yenidən yaranmaqdır, təzədən doğulmaqdır. Başqa cür başlamaqdır. Biz millət yox, ümmətik. Dəyərlər sistemimiz də, mentalitetimiz də dinidir. Dinimiz milli olmasa da milliliyimiz dinidir. Necə ola bilər ki, biz, ümumiyyətlə heç şübhələnmirik, tərəddüdə düşmürük. Bir anlığa duruxmaq, "milli dəyərlər" adı verilən, əslində "dini dəyərlər"dən şübhələnmək, yavaş-yavaş bu prizmadan baxmağı öyrənmək pis olmazdı. Düşündürücüdür ki, bizdə məhz yaradıcılıqdan söhbət gedir, inkarçılıq heç dilə də gətirilmir. İnkar günah sayılır, xəyanət sayılır. Əslində məsələnin bu cur qoyuluşunun özü tələdir. İnkarsız yaradıcılıq ənənəyə sədaqətdir, keçmişə bağlılıqdır, uzaqbaşı tənqiddir. Elə buna görə də, maraqlı gəlmir bizim yaradıcılığımız dünyaya və dünyadan xəbərdar yerli oxuculara, dinləyicilərə və s. İnkar intihar deyil. Yenidən başlamaqdır, təzələnməkdir. İndiki halda yalnız inkar imkanımız optimizmimizin əsası ola bilər. İnkar təmizlənməkdir (katarsis). İnkar "çiynindən atan sıçrayış"dır (Haydegger). İnkarın öz bərəkəti (xarizması) var. Biz daim onun-bunun ayaqaltısı olan bir ölkənin bizə baş ucalığı gətirməyən tarixini, daha doğrusu, tarixi ənənəsini inkar edirik, idxal mədəniyyətimizi, nökər itaətimizi, əprimiş qocalığımızı inkar edirik! Yalnız o xalqlar böyük xalqlardır ki, onların tarixdə böyük inkarları olub. Cəmiyyətdə institutlaşmış, möhürü zadı olan idarəyə çevrilmiş din ayrıdır, insanların daxili dünyasında duyğu kimi, qəlbin mistik hərarəti kimi din ayrı. Amma bir də var, təfəkkür ənənəsinə, mentalitetə, determinant dəyərlərə çevrilmiş din. Biz bu sonuncunu inkar etməliyik. Bu boyda ölkədə məsuliyyətsiz olmayan, nadürüst olmayan, hırıldamayan, məzələnməyən, cahil olmayan, nökər olmayan, mollaya inanmayan, yalançı olmayan… çox az adam tapmaq olar (hələ mən "olmayan" cəhətlərdən sadaladım). Elə təkcə bu faktın özü göstərmirmi ki, problem fərdlərdə yox, artıq xəstəlik yayan mentalitetdədir. Çünki bu qədər yayğınlıq bizim ərazilərdə dindən savayı nə ola bilər? Yekcins azərbaycanlı tipinin əsası yek (vahid) dini kodeksdən başqa nə ola bilər? Haqlı olaraq tez-tez bu milləti söyüb lənətlərkən, korrekt olmalıyıq, unutmamalıyıq ki, burada yaşayan, əksəriyyəti türk mənşəli insan kütləsi psixoloji-mental baxımdan millət yox, ümmətdir. Söyüşə və lənətə layiq gördüyümüz cəhətlər isə təkcə bizim ölkədə deyil, bu dinin dəyərlərinin hakim olduğu bir çox ölkədə var. Tarixdə sakralizasiya (diniləşdirmə, tabulaşdırma) dövrü olub. Orta əsrlərin sonundan, Renessansdan etibarən bu proses tərsinə çevrilərək, sekulyarizasiya (dünyəviləşdirmə, rasionallaşdırma) prosesi ilə əvəzlənib. Biz kifayət qədər sakrallaşmış, amma hələ sekulyarlaşmamış cəmiyyətik. Feodal təfəkkürü tənqid etmək yox, dini orta əsrlər mentalitetini inkar etmək daha doğru olardı. Gec də olsa, Renessansı hazırlamalıyıq. Bizdə hələ heç dinsiz millətçilik ritorikası və düşərgəsi də formalaşmayıb. Bəlkə İrandakı soydaşlarımız bizim dini orta əsrlər təfəkküründən xilas olmağımıza təkan verə bilərlər. Bu tayda re-islamizasiya gedir, sovet rejiminin bir-iki faydalı qazancını da hədər edirik. Biz o taydan de-islamizasiya gözləyirik. Bunu onlardan umuruq. Bizə kömək etsinlər. Müxalifət ideyası xilas ideyasının yanında çox xırdadır. Biz SSRİ-ni inkar edəndə, indikindən qat-qat böyük idik. İnkarçılar balacalaşmadılar, sadəcə olaraq, müxalifətçi oldular. Bu, onda zərurət idi, indisə tələdir. Müxalifət ideyası əhliləşdirilmiş inkardır. Əgər intellektual inkar hərəkatı alınsa, gələcək nə bizim olacaq, nə də ənənənin. Biz olsa-olsa keçid ola biləcəyik. Nisbətən sabit və uzun gələcək isə bizimlə ənənənin sintezi olacaq. Amma inkar etməsək gələcək təkbaşına ənənənindir! Qərbdə güclənən dünyəvi yeniliklər qarşısında duruş gətirə bilməyən Kilsə belə etiraf edirdi: "Non possumus" (Öhdəsindən gələ bilmirik/Gücümüz çatmır). Bunu hələ ki, biz deyirik. Qarşımızda uzundan uzun bir yol uzanır. Biz ya o yolu gedib hansısa maraqlı bir gələcəyə çıxacağıq, ya da elə indi uzandığımız bu qəbirdəcə çürüyəcəyik…
Hiç yorum yok:
Yorum Gönder