İnsan nədir?

İnsan - öz azadlığıdır

Biz - insan deyilik, kişiyik, müsəlmanıq, yerliyik, qohumuq, qadınıq, valideynik, qonşuyuq, qardaşıq, bacıyıq, övladıq, əmiyik, dayıyıq, kürəkənik, yeznəyik, gəlinik, qayınatayıq, qayınanayıq, məhlə uşağıyıq, iş yoldaşıyıq, tanışıq… bir sözlə, biz azərbaycanlıyıq. Amma insan… deyilik.Kişilik, müsəlmanlıq, qadınlıq, qonşuluq… bunların hər biri müəyyən bir roldur. Hər bir rolun öz normalar kodeksi var. Məsələn, qadın olmaq qadınlıq rolunun normalar kodeksini icra etmək deməkdir. Misal üçün qadınlıq kodeksimizdə "ağır olmaq" dəyərdir, əksinə, yüngüllük bu kodeksdən kənara çıxmaqdır, ayıbdır. Bütövlükdə, azərbaycanlılıq kodeksindəki dəyərlər milli mənəvi dəyərlər adı verilən davranış oriyentrləridir. Və bütövlükdə, azərbaycanlılığın normalar kodeksi mentalitet deyilən şeydir. Dilimizdə yaxşı və ya pis adam öz rolunu (məsələn, qonşuluq rolunu, qayınanalıq rolunu və s.) yaxşı və ya pis icra edən adam deməkdir. Ümumiyyətlə, mənim müşahidəmə görə, "adamlıq" sözünü biz "azərbaycanlılıq" mənasında işlədirik.Azərbaycanlı olmaq milli-mənəvi dəyərlərə görə hərəkət etmək, milli mentaliteti yerinə yetirmək deməkdir. Çoxumuz hələ ki, azərbaycanlıyıq. Azərbaycanlı mentalitetinin icraçısına azərbaycanlı deyilir. Azərbaycanda insan yox, azərbaycanlı var deyərkən, demək istəyirəm ki, Azərbaycanda insan azadlığını həyata keçirənlər yox, azərbaycanlı mentalitetinin icraçıları var. 100 ildən çoxdu ki, Qərb fəlsəfəsi və elmi "insan kimdir?" sualını, mahiyyətcə, "insan nədir?" sualı ilə əvəzləmişdir. İnsanın kimliyi onun, ilk növbədə, Allah qarşısındakı yerini, nəliyi isə təbiətdəki yerini bildirir. "Kimlik" kimi insanın yerinə yetirəcəyi vəzifə və borcları, "nəlik" kimi insanın gerçəkləşdirəcəyi azadlığı vardır. Nəlik kimi insan əşyalaşmır, əksinə, dini, milli və s. bu kimi müxtəlif məzmunlu apriori mənsubiyyətlərin təhkimçilik yükündən xilas olur. İnsanlıq mənsubiyyət deyil, insanlıq azadlıqdır. İnsan olmaq davamçılıq və icraçılıq yox, inkarçılıq və yaradıcılıqdır. İnsan fəlsəfəsində kimlikdən nəliyə keçid o deməkdir ki, insan "əxlaqla işləyən qapalı təbiət" (Kant) kimi yox, "azadlıqla işləyən açıq proses" (Sartr) kimidir.Öz həyat tərzi ilə, məsələn, iki fransızdan daha çox iki azərbaycanlının bir-birinə oxşaması ondandır ki, iki fransız iki insandır, iki ayrı azadlıq daşıyıcısıdır; iki azərbaycanlı isə vahid azərbaycanlılıq kodeksini yerinə yetirən kütlənin iki ayrı hissəsidir.Hə, doğrudur ki, Azərbaycanda insan defisiti var. Amma "insanlıq" deyəndə, yenə ənənəvi qaydada mənəvi-əxlaqi kamilliyi, Allah qorxusu ilə öz nəfsinə hakim olmağı zadı başa düşəcəyiksə, bu, yenə də o demək olacaq ki, Azərbaycanda milli-mənəvi dəyərlərə bağlılıq, bir sözlə, əxlaqi mentalitet problemi var. Ancaq əslində ölkədə azadlıq mənasında insanlıq problemi var. Taqor deyirdi ki, doğulan hər bir yeni körpə, ona dəlalət edir ki, hələ xilasa ümid var. Amma biz təbiətin bizə bağışladığı bu ümid pəncərələrindən nəinki bizi yeni gələcəyə aparan qapı düzəltmirik, ona heç boylanmırıq da. Əvəzində evimizdə böyüyən insanı övladlıq rolunun layiqli icraçısı kimi böyüdürük, 6 yaşlı balaca insanlarımıza əlifba dərslərində hədis öyrədib, onları müsəlmanlıq rolu üçün hazırlayırıq, evimizə təzəcə köçmüş insandan gəlinlik, yaxınlığımıza təzəcə köçmüş insandan qonşuluq rolunun icrasını tələb edirik və s. Azərbaycanlı azərbaycanlılaşdırılmış insandır. Cəmiyyət üçün milli, dini, ideolocik və s. hər cür kütləvilik təhlükə mənbəyidir. Çalışmaq lazımdır ki, cəmiyyət mümkün qədər rəngarəng parçalara, əlvan fərdi mövqelərə bölünsün. Çünki kütləvilikdən avtoritarizmə bircə addımlıq yol var. İnsanlıq azadlıq kimi dini, siyasi, milli ağalarımız üçün qorxuludu, çünki o, bu halı ilə qeyri-müəyyəndir, gözlənilməzdir, idarəolunmazdır, amma milli mentalitetlə, milli əxlaqi dəyərlərlə proqramlaşdırılmış azərbaycanlı artıq sirk heyvanıdır. Təhsil kurrikulumumuzun müzakirələrində də hamımız bir daha görəcəyik ki, onlara insan yox, azərbaycanlı lazımdır.

Hiç yorum yok: