Ekzistensializm
Ekzistensionalizm (latınca exsistensia-varlıq) XX əsrdə fəlsəfədə ziyalıların baxışlarına cavab verə biləcək yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasionalist fəlsəfi cərəyandır. Əsas nümayəndələri Haydegger, Yaspers (alman məktəbi), Alber Kamyu, Jan Pol Sartr (fransız məktəbi) də digərləridir.Ekzistensionalizmin ideya kökləri həyat fəlsəfəsi, Qusserlin fenomenologiyası və Kyerkeqorun dini-mistik təlimidir. Ekzistensionalizmdə özünün səthi-nikbin anlayışı ilə, mövcud cəmiyyətin mütərəqqi inkişafına inamı ilə birlikdə liberalizmin böhranı əks olunmuşdur. Ekzistensionalizm pessimizm dünyagörüşü kimi meydana gəlmiş və məsələni belə qoymuşdur: tarix fəlakətlər qarşısında liberal-mütərəqqi ideyalarını itirmiş insan necə yaşamalıdır? Ekzistensionalizm maarifçilik və klassik alman fəlsəfəsi dövrünün rasionalizminə, həmçinin, XIX əsrin sonu və XX əsrin əvvəllərində geniş yayılmış kantçı-pozitivist fəlsəfəyə cavab idi. Ekzistensionalistlərin fikrincə, rasional təfəkkürün əsas cəhəti ondan ibarətdir ki, o, subyekt və obyektin əksliyi prinsipindən çıxış edir. Buna görə də, rasionalist bütün gerçəkliyə, o cümlədən də insana yalnız elmi-tədqiqat nöqteyi-nəzərindən baxır, bu baxımdan həmin yanaşma “simasız” xarakter daşıyır. Əksinə, ekzistensionalizm şəxsiyyətdən kənar, “obyektiv ” elmi fikrin əksliyi kimi çıxış etməlidir. Beləliklə, ekzistensionalizm fəlsəfə və elmi bir-birinə qarşı qoyur. Məsələn, M. Haydeggerin dediyi kimi, fəlsəfənin predmeti varlıqdan ibarət olmalıdır. Halbuki, elmin predmetini “mövcudluq” təşkil edir. Varlıq vasitəli deyil(mücərrəd təfəkkür vasitəsilə), yalnız vasitəsiz dərk olunur, insana onun varlığı, şəxsi mövcudluğu, yəni, ekzistensiyanın vasitəsi ilə açılır. Ekzistensiyada məhz subyekt və obyektin nə şüurli-elmi, nə də spekulyativ təfəkkürə müəssər olmayan hissələsə parçalanmış bütövlüyü mövcuddur: adi həyatda insan özünü heç də həmişə ekzistensiya kimi dərk etmir; bunun üçün onun sərhəd (trasdentental) situasiyada olması zəruridir, özünüdərk prosesində insanın ölümlə üz-üzə gəlməsindən əhəmiyyətli heç nə ola bilməz. Ekzistensiya olan insan ilk dəfə öz azadlığını da tapmış olur. Ekzistensiya termini ilk dəfə S. Kyerkeqor tərəfindən işlədilmişdir; cərəyanın nümayəndələrinə görə bu termin insanın “Mən”inin elə bir mərkəzi nüvəsidir ki, onun sayəsində insan empirik fərd kimi deyil, konkret, təkrarolunmaz şəxsiyyət kimi çıxış edir. Ekzistensionalizmə görə azadlıq ondan ibarətdir ki, insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməsin, özü-özünü seçsin, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırsın. Bununla da azad insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, “şəraitlə” özünü bəraətləndirmir. ətrafında baş verən hər şey üçün günah hissi-azad insanın hissidir (Berdyayev). Tarixdə baş verən hər şey üçün insanın məsuliyyət daşıması barədə ekzistensialistlərin fikri məhz buradan çıxır. Lakin, azadlığın subyektiv planda şərhi sırf etik baxımdan dəyərləndirilir.
Hiç yorum yok:
Yorum Gönder