Pozitivizm
Pozitivizm (latınca positivus - müsbət) XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri, banisi fransız filosofu və sosioloqu Ogüst Kont hesab olunur.Pozitivizm konkret (empirik) elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitivizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir.Pozitivizmin inkişafında üç mərhələ fərqləndirilir: I mərhələnin nümayəndələri O. Kont, E. Litter, P. Laffit (Fransa), Con Stüart Mill, Herbert Spenser (İngiltərə) olmuşlar. Qnoseologiya - idrakın inkişafının 3 mərhələsi qanunu (Kont), və məntiq problemləri ilə (Mill) yanaşı pozitivistlər sosiologiyaya da mühüm yer vermişlərII mərhələ - empiriokritisizmin meydana gəlməsi XIX əsrin 70-90-cı illərinə təsadüf edir və obyektiv, real predmetləri hətta formal olaraq qəbul etməyən Max və Avenariusun adları ilə bağlıdır. Maxizmdə idrak problemləri subyektivizmə keçən ifrat psixologizm mövqeyindən şərh olunurdu.III mərhələ kimi neopozitivizmin meydana gəlməsi Vyana dərnəyinin (O. Neyrat, R. Karnap, M. Şlik və s.) və Berlin empirik fəlsəfə cəmiyyətinin (Reyxenbax, F. Krauz və s.) fəaliyyəti ilə bağlıdır ki, bunlar da bir çox cərəyanları - məntiqi atomizmi, məntiqi pozitivizmi, ümumi semantikanı özündə birləşdirmişdir. Bu mərhələnin nümayəndələri simvolik məntiq, elmi tədqiqatın strukturu və s. fəlsəfi problemlərə əsas yer verərək, psixologizmi rədd edir, “elm məntiqinin” riyaziyyatla yaxınlaşdırılması, qnoseoloji problemlərin formallaşdırılması yolu ilə getmişlər.
Hiç yorum yok:
Yorum Gönder