Azadlığın Məntiqsizliyi

Azadlıq - dəlilikdir

İnsanın dəliliyi yəqin ki, iki cür olur: biri ağlın bəri başında, yəni məntiq başlamadan əvvəl, biri də o biri başında, yəni məntiq qurtarandan sonra. Birinciyə infantilizm, ikinciyə dahilik də demək olar. Azadlıq dahilik mənasında dəlilikdir. Azadlıq inkarla başlayır, yaradıcılıqla davam edir. Bunu ilk dəfə Kant deyib. Seçim azadlığı ancaq o vaxt əsl azadlıqdır ki, o, "Bütün variantları rədd edirəm" variantını seçmə və "Öz variantımı təklif edirəm" variantını qoyma azadlığı da versin. Yol ayrıcında qalıb, hansısa bir yolu seçmək məcburiyyətində olmaq, hələ azadlıq deyil, o, məhkumiyyət daxilindəki azadlıqdır. Əsl azadlıq, verilmiş bütün yollardan imtina edib, öz yolunu salmaq azadlığıdır. Ancaq azadlar vardır. Nökərlərin, kölələrin və qulların fərdi varlıqları yoxdur, onların kütləvi-regional varlığı var. Yalnız azadlar oricinal və maraqlıdırlar. Bizdə hələ ki, təxəyyül azaddır, təfəkkür yox. Bəlkə də elə buna görədir ki, şairlərimiz mütəfəkkirlərimizdən maraqlıdırlar. İnkar azadlığın ilk şərtidir. İnkar tənqid deyil. Tənqid davam etmək arzusudur, inkar yenidən başlamaq cəhdi; tənqid islahatdır, re-formasiyadır, inkar özünü yandırıb, külündən törəmək. İnkar intellektual qiyamdır. Onun duyğu kimi paraleli ikrah duyğusudur. Di gəl ki, inkarçılıq bizdə qarğışdır. Mollalar belə deyərlər: "Münkirə lənət!" Halbuki, azadlıq inkarla başlayır. Vaxtilə Nitsse demişdi ki, məni öldürməyən şey məni gücləndirir. Fuko da deyir ki, tənqid sistemə fayda verir. Yəni əgər öldürməyəcəksənsə, gücləndirmə, inkar etmirsənsə, tənqid etmə. Misal üçün, ANS-in məmur özbaşınalığı ilə mübarizə aparan İç Xəbər layihəsi əslində siyasi sistemin özünü islah etməsinə, son nəticədə güclənməsinə xidmət edir. Bir sözlə, tənqid bu situasiyada nəinki mübarizə demək deyil, hətta əməkdaşlıqdır. İnsan azadlığının ilk addımı kimi inkarın məntiqi-rasional əsası yoxdur. O, sadəcə olaraq, sonradan tarixçilər tərəfindən məntiqi-rasional surətdə izah olunur. Bütün tarix irili-xırdalı inkar sıçrayışları ilə doludur. Lakin bunlardan heç biri təkcə məntiqlə baş verməmişdir. Bəzən sadəcə qürur, bəzən şöhrətpərəstlik, bəzən qəzəb, bəzən qəhrəmanlıq arzusu və s. tarixin təkərlərini fırlatmışdır. Ona görə də, nə insan azadlığını təkcə ağıl və məntiqlə əsaslandırmaq olar, nə də bu azadlığın səhnəsi olan tarixi bu yolla izah etmək. Panlogizm çoxdan sona çatıb. Məntiq və əxlaq azadlığın iki böyük tələsidir. Birincisinə mütəfəkkirlər düşürlər, ikincisinə avamlar. Əxlaq kütlənin məntiqidir. Təfəkkür qanunları kimi məntiq və davranış qanunları kimi əxlaq hər iki sahədə insan azadlığına təhlükədir. Əxlaqlı azadlıq olmadığı kimi məntiqli azadlıq da olmur.Azadlıq həmişə riskdir. Məntiqlə onu həmişə dədə-baba yoluna qaytarmaq olar. Azadlıq məntiqə inanmamalıdır. Əxlaqdan sonra məntiq azadlığın növbəti məhbəsidir. Ağıllı nökər olur, ağıllı azadlıq aşiqi olmur. Nökərlik azadlıqdan daha məntiqlidir. Nökərliyi seçən azadlığı seçəndən daha ağıllıdır. "Ağıllı ol" öyüdündə, "başını saxla" çaları var. Ağıllı və əxlaqlı liderlər bizi azadlığa apara bilməzlər. Azadlıq lideri ağlını və əxlaqını itirmiş dahi olmalıdır.

Hiç yorum yok: