Əxlaqın Əsarəti
Azadlığımız əxlaq məhbəsindədir
Bizə həmişə əxlaq öyrədiblər. Çünki bizim azadlığımız heç kimə lazım olmayıb. Biz də heç vaxt tək olmamışıq axı: yanımızda həmişə ağamız olub. O qədər yanıağalı olmuşuq ki, indi yanımızda ağa olmayanda, onu canımızda hiss edirik - təfəkkürümüzdə, yaşayışımızda. Bu psixoloci halın daşıyıcılarına "avtoritar şəxsiyyətlər" (T.Adorno) deyilir. Nökərliyin cana işləməsidir bu. Hansısa kinofilmimizdə deyildiyi kimi: "Bala, bəylər, xanlar olmayanda, bə mən töycümü kimə verəcəm?"Əxlaqda nökərliyi ilk dəfə görən, mən biləni, Hegel olub. O, Musanın "əmr əxlaqı"nda (söhbət məşhur on dini hökmdən gedir) insanın əxlaqi ehkam qarşısında icraedici duruşunda nökərlik görmüşdü. Məqsəd və ya nəticə nə olursa olsun, Hegel musəvi əxlaqını nökərliyə paralel modelinə görə qəbul etməmişdi. Hətta Kantın "vəzifə əxlaqı"nı da eyni arqumentlə tənqid etmişdi. Bunun əvəzində İsanın "sevgi əxlaqı"nı üstün saymışdı. İslama gəldikdə, o, Allahı qarşımıza Ata kimi çıxaran xristianlığa yox, Ağa (Rəbb) kimi çıxaran musəviliyə paraleldir…Bizi avtoritar şəxsiyyətlərə çevirən nökər psixologiyamızın bir səbəbi keçmişimizdə yaşadığımız arasıkəsilməz sındırılmalar və peşmançılıqlarla dolu tariximizdirsə, digər səbəbi qulluq etdiyimiz dinin vasitəsi ilə canımıza hopan idealist semit ruhudur. Şərq təfəkkürü daim sosio-kosmik harmoniyaya və paralelliyə inanıb, göydə Rəbb (Ağa) tapan, yerdə nə axtarmalı idi ki? "Göydə Allah, yerdə sən". Bu, hər halda sevgi sözü deyil. Mövcud əxlaqımız bizə ərəblərdən yadigardır. Ərəblər bizim xalq kimi (əslində ümmət kimi) formalaşdığımız dövrdə ağalarımız olublar. Bizə bu əxlaqı onlar öyrədiblər, şəriət kimi. O vaxtdan indiyədək bütün siyasi ağalarımıza bu əxlaq dayaq olub. Qəribə səslənsə də, mövcud siyasi iqtidarın da həmçinin pre-politik söykənəcəyi əxlaqdır. Fikir verirsinizsə, onların sosial mühəndisləri ənənəvi "azərbaycanlı" ("müsəlmançılıq") əxlaqına mühafizəkar münasibətdədirlər. Ağalarımız bizdən nökərliyi həmişə əxlaqlılıq kimi tələb ediblər. Biz əxlaqı özgədən, özü də ağamızdan eşitmişik, atamızdan yox. Bu, bizim əxlaq deyil. Əxlaq bizim qarşımıza həmişə tələb kimi qoyulub. Ona görə də bizdə əxlaq ritorikası daim ağa ritorikası olub. Əxlaqlılıq görünüşündə ağalıq arzusu gizlənib. Bəlkə də, böyük-kiçik, valideyn-uşaq münasibətini ağayana subordinasiyaya çevirən də əxlaqi instansiyanın daim tələbkar pozada olmasıdır. Heç birimiz bu əxlaqı sevmirik əslində. Ona görə də bir-birimizi sevmirik. Biz azadlığı sevəndə bir-birimizi sevəcəyik. Ümumiyyətlə, əxlaqlı azadlıq olmur. Əxlaqın əsarəti olur. Əxlaqlı azadlıq həmin əxlaqın azadlığıdır. Mövcud əxlaqı icra etmək azadlığıdır o. Azadlığın əxlaqi hüdudları olmur, hüquqi nizamı olur. Hüquqlar qanunlarla təsbit olunmuş azadlıqlardır. Hüquqi cəmiyyət quruculuğu indiki halda əxlaqın hüquqla əvəzlənməsi prosesidir. Əxlaqi şüurun hüquqi şüurla, "azərbaycanlılığ"ın vətəndaşlıqla əvəzlənməsi hələ çox vaxt aparacaq. Mövcud əxlaqımız hüquqi azadlıq quruculuğuna maneçilik törədən birinci əngəl-kələfdir. Biz hələ əxlaq və azadlıq dəyərləri arasında teorik-konseptual səviyyədə qarşıdurma yaratmaqdan qorxuruq (Azadlıq nə vaxt qorxulu olmayıb ki? Biz isə üstəlik, əxlaqsız görünməkdən də bərk qorxuruq). Lakin bizim mentalitetimiz elə qurulub ki, bizə azadlıq əxlaqsızlıq kimi gələcək, azadlığımız əxlaq azadlığı ilə (qocaların, daha doğrusu, qoca ruhluların dili ilə desək, pozğunluqla, yolunu azmışlıqla) başlayacaq. Bu, bizdə həmişə belə olub. Əsrin əvvəllərində Bakıda çarşabsız gəzən ilk qadınların qoçular tərəfindən öldürülmələrini xatırlayaq. Biz bütün yenilikçi təkliflərə qarşı çıxanda, mövzu nə olursa-olsun, söhbəti fırladıb, əxlaq, hətta dar mənada kişilik, namus, qadın məsələsinə gətiririk. Hətta işlək söyüşlərimiz də əxlaqidir. Ən əxlaqsızımız da əxlaqlıdır. Azadlıq böyük dəyərdir! Amma görün onu hansı məhbəsə salıblar. Əxlaq məhbəsinə. Qapıya da belə yazıblar: "Azadlıq - əxlaqlılıqdır!".
Hiç yorum yok:
Yorum Gönder