Mentalitetimizin Disfunksionallığı

Tfu, üzünüzə, ölülər!
Mirzə Cəlil

Bizə bundan ağır söz deyilməyib. "Ölülər"in prototipi bizik. Bu fikir öz vaxtında çox dəqiq sosial diaqnoz və güclü inkar idi. Ancaq biz onu hələ də ədəbi artefakt kimi başa düşürük. "Təhlükə" həlak sözündəndir. Bu mənada bizi daha heç bir təhlükə gözləmir, çünki biz çoxdan ölmüşük, indiki halımız çürümədi. Söhbət ancaq "yenidən doğulmaq"dan (İsa Məsih) gedə bilər. Türk poeziyasından müəllifini unutduğum belə bir misra xatırlayıram: "Bir də gördüm ki, ölmüşəm". Böyük M.Cəlillə təxminən eyni vaxtda böyük M.Ə.Sabir yazırdı: "Pah, atonnan, ölübə". Belə məlum olur ki, müasir nekroloci müşahidələr nə az, nə çox, düz yüz il qabaq da qeydə alınıb. Xəritəmizə baxın. Ucu Xəzərə tuşlanmış raketə oxşayır. Quyruğu da ki, mişar-mişar. Yaxud da ləti yeyilmiş armud cecəsinə bənzəyir xəritədəki duruşumuz. Keçmişimiz haqqında fikir yürütmək üçün tarixçi olmağa ehtiyac yoxdur, elə coğrafiyaçı gözü ilə xəritədəki görünüşümüzə baxmaq yetərlidir. Bizi yeyirlər, dostlar, ya da tarix bizdən raketə oxşar nəsə düzəldir. (Bir də iki ayrı dövlət arasında Araz çayı boyu sərhəd xətti ilə, saplaq kimi, Naxçıvanı Azərbaycana birləşdirib, psixoloci rahatlıq tapmağımız ayrı aləmdir). Musiqimizə, poeziyamıza baxın. Başdan ayağı qəm narkomaniyasıdır, sadomazoxizmdir. Ölən bizim milli-mənəvi dəyərlər sistemimizdi, mentalitetimizdi. Ölülər bu mentalitetin daşıyıcılarıdı. Böyük M.Cəlillər, Sabirlər, Axundzadələr o vaxtı bizim bu gün mentalitet dediyimizə müsəlmanlıq, daşıyıcılarına isə müsəlman deyirdilər. Onlar qəti yanılmırdılar, "milli" mentalitetimizin əsas tərkib hissəsi doğrudan da islamdır. Lakin bu mentalitetin arxetipik tarixi-fəlsəfi kökləri qədim Mesopotamiyaya qədər gedib çıxır. (Elə islamın da kökləri oradadır). Mənim fikrimcə, bizim dünyabaxışımız semitik-platonik və ya başqa ifadə ilə desək, dini-idealist səciyyə daşıyır. Sovetlərə qədər biz xalis Muhamməd ümməti idik. Sovet recimi yenicə başlamış millətləşmə prosesini yarıda kəsərək, "türk"ləşməyimizin qabağını aldı, amma özü də bizdən "sovet xalqı" yarada bilmədi. İstər türklük (millilik), istərsə də sovetlik (beynəlmiləlçilik) bizim mentalitetimizdə zərif laylardan başqa bir şey deyillər. Biz kökdə Muhamməd ümməti olaraq qalırıq, yəni müsəlman. "Azərbaycanlı" "müsəlman"ın sovet dövründə icad edilmiş sinonimidir, daha doğrusu örtüsü. Biz bu mentalitetlə pis-yaxşı yüz illərlə ömür sürmüşük, axırda da ölmüşük. Amma indi o, öz funksiyasını itirərək, disfunksional artığa çevrilib, bizi çürüdür. O, nəinki bizim heç bir problemimizi həll etmir, əksinə, özü bizə yeni-yeni problemlər yaradır. Kim Füzulini oxuyub, muğamata qulaq asıb, bir-iki rükət namaz qılıb dəyişir, hansısa sualına cavab tapır? İndi qəzetlər qəzəllərdən aktualdır. Ötən əsrin əvvəllərindəki inkar proqramı misilsiz idi, heyif ki, yerinə yetirilə bilmədi. Bu proqram bu gün davam etdirilmir, onlar tarixdə tək qalıblar. Bizim inkarçılığımız onlarınkından qat-qat geri qalır. Unutmayaq ki, Atatürk də dini-mənəvi dəyərlər sisteminə meydan oxumuş böyük inkarçı idi. Yeni tarixi səhifəni də o, açdı. Tərif (bəh-bəh!) təsdiqin, ikrah (tfu!) inkarın ifadəsidir. Tənqid inkara yox, təsdiqə xidmət edir, aldanmaq olmaz. Məsələn, müsəlmanlığımızın inkarı ayrı şeydir, yaxşı müsəlman ola bilməməyimizin tənqidi ayrı şey. Təbiətdə astronomik-fiziki zaman var, tarixdə ekzistensial zaman. Bizdə birinci işləyir, ikinci dayanıb: keçmişimiz keçmir, gələcəyimiz gəlmir. Çünki inkar yoxdur! Bir gün gələcəkdə yaşamaq, 40 il keçmişdə yaşamaqdan daha şərəflidir.

Hiç yorum yok: