Azadlığın Əxlaqsızlığı

“Əxlaqa toxunan dərhal ləkələnir”
F. Nitsşe
“Əxlaq” heç də təkcə namus norması demək deyil. “Əxlaqsız” da təkcə namussuz qadın demək deyil. O, fəlsəfi mənada, geniş anlayışdır, etikanın predmeti kimi, mənəvi normalar toplusu deməkdir. Məsələn, “yalan danışmamaq” da əxlaq normasıdır, “yalançılıq” da əxlaqsızlıqdır və s. Ancaq müasir Qərb təfəkküründə sadəcə mənəvi normalar toplusu kimi başa düşülən əxlaq, qədimdə, istər Şərqdə, istərsə də Qərbdə insan azadlığının tarixi məhsulu kimi yox, əksinə, makrokosmik zərurətin ifadəsi kimi görülüb. Hesab olunub ki, insanın mikrokosmik azadlığı makrokosmik zərurətin ifadəsi kimi əxlaqa boyun əyməlidir. “Azadlıq itaətdir” fikri bu mövqenin icmalıdır. Qədim Stoa fəlsəfəsində deyildiyi kimi: “İnsanın azadlığı arabanın arxasına boğazından iplə bağlanıb aparılan küçüyün azadlığı qədərdir, yəni ipin uzunluğu qədər”. Zərurət arabadadır. Sonrakı dövrdə makrokosmik zərurət, xristianlığın təsirilə, ilahi iradənin zərurətinə çevrilsə də, azadlıq-əxlaq münasibəti dəyişmədən qaldı: azadlıq əxlaq kimi ifadə olunan zərurətə boyun əyməkdir, azadlıq əxlaqın içindədir, azadlıq əxlaqın vasitəsidir, azad olmaq üçün əxlaqlı olmaq lazımdır, əxlaqı olmayanın azadlığı da yoxdur, ən böyük azadlıq əxlaqi-mənəvi kamillikdir, ən böyük köləlik isə öz nəfsinə məğlubiyyətdir, azadlıq Allaha təslimiyyətlə başlayır, “Allaha doğru əhliləşmək”lə artır, mütləq əxlaq müqəddəslikdir, mütləq azadlıq iblislik, azadlıq tələbi əxlaqsızlıq arzusudur və s. və i. Lakin əgər əxlaq fövqəltarixi, fövqəldünyəvi, fövqəlinsani makrokosmik zərurətin ifadəsidirsə, onda əxlaqsızlıq mənəvi azğınlıq yox, idraki yanılmadır. Yəni əxlaqsız azadlıq tələbi, sadəcə olaraq, zərurəti dərk etməməkdir. Qərblilərin düşüncəsi idi bu. Spinoza, Hegel kimi rasionalist mütəfəkkirlər əxlaqa da, azadlığa da idraki məsələ kimi baxaraq deyirdilər: “Azadlıq dərk olunmuş zərurətdir”. Kant əxlaqı az qala isbat etmək işinə girişmişdi. Şərqdə isə əxlaqa idraki kamillik kimi yox, mənəvi kamillik kimi baxılıb. Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb. Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı.Dünyaya bir qayda olaraq, rasional insanilik paradiqmasından baxan Qərbin XIX əsrdə yaşamış filosofu Nitsşe ilk dəfə olaraq makrokosmik heç bir fövqəlinsani zərurətin olmadığını kəşf edəndə və bunu qısaca “Allahın ölümü” kimi elan edəndə, yazırdı ki, mən insan azadlığı qarşısında ən böyük maneəni qaldırdım, insan heç vaxt bu qədər azad olmamışdı. Doğrudan da, varlığın strukturunda zərurət yoxdursa, onda insanın da təbiətində əxlaq yoxdur. O, azaddır! Bundan sonra Qərb azadlıqda insan təbiətini, əxlaqda isə tarixi-ictimai qandallar və təzyiqlər görməyə başladı. Z.Freyd insan təbiiliyi üzərində əxlaq süniliyinin yaratdığı psixonevrotik xəstəlikləri açıb göstərdi. Dünyaya daim irrasional ilahilik paradiqmasından baxan Şərq heç vaxt ilahi zərurət ideyasını yıxa bilmədi. Və təbii olaraq, Qərbin idraki yüksəlişini, mənəvi süqut kimi, azadlığını əxlaqsızlıq kimi başa düşdü. Şərqin nəzərində, sanki küçüyün arabaya bağlanan ipi qırıldı. Şərq əxlaqın fəlsəfi əsasını anlamadan onu sadəcə göydən enmiş əbədi qaydalar kimi başa düşdü, buna görə də əxlaqı ibadət kimi qavradı. O, əxlaq fazasından idrak fazasına keçid etmədi. O bunu etsəydi, mütləq azadlıq fikrinə gəlib çıxacaqdı. Əksinə, o, əxlaqlı cahili, əxlaqsız alimdən üstün tutdu. Qərbdə isə XX əsrdə Sartr göstərdi ki, insan özü azaddır və əgər hansısa bir əxlaq olacaqsa, o, azadlıq əxlaqı olacaq. Ən böyük əxlaq azadlığın özüdür, ən böyük əxlaqsızlıq isə azad ola bilməmək.

Hiç yorum yok: