Əməyə dair

Bizim tariximiz nökər tarixidir

Gəlin səmimi olaq: Biz əməyi sevmirik. Əmək çoxumuzun zehnində cazibəli heç nə assosiasiya etmir. Biz uşaqlarımızı işlətməklə cəzalandırırıq. Öz işimizi başqasına gördürəndə aldığımız həzzin ifadəsi üzümüzə də sızır. Tələbələrimiz daim “şparqalka” əməksizliyinə tamahlanırlar. Hamımız işdən qaçmaq istərdik. İcad etdiyimiz xüsusi bir hırıldama növü var, onu “atma” əməliyyatından sonra icra edirik. Bizim nəzərimizdə tənbəllikdə şahanə nəsə var: biz buna “şah tənbəlliyi” deyərik. “Qulluq sahibi olasan!”, - bu, nökərin nökərə arzusudur, yəni ağa olasan, nökərin olsun, işləməyəsən, əməkdən azad olasan. “İşləməyən dişləməz” determinizmi isə kədərli məhkumiyyətin, acı talenin ifadəsidir, heç də ələdüşməz qismətin, xoş bəxtin sevinci yox. Görünür, qədim atəşpərəstliyimizdən bu mövzuda heç nə xatırlamırıq. Bu dinimizdə tənbəllik günah, əməkçilik savab sayılırdı. Hər səhər ertə yuxudan oyananın qulağına Anqhra Mainyu (bu dində şər qüvvə Əhrimən) belə pıçıldayırdı: tələsmə, hələ tezdir, bir az da yat”. Sonralar biz “tənbəllikdən müsəlman” olduq. Bəlkə də əksinə, müsəlmanlıqdan tənbəl olduq… Səmavi möcüzələrə inam, “biri çıxıb bizi zülmdən qurtarsın” intizarı, “dünya Qarabağı ermənilərdən alıb bizə qaytarsın” həsrəti, “Allah bizə edilən zülmləri götürməsin” duası (dünyəvi və ilahi ədaləti gözləməyimiz tənbəlliyimizdən yaranır), cəmiyyəti başdan ayağa bürümüş möhtəkirlik (xalq dilində “atmaq”) epidemiyası, korrupsiya ənənəsi, ictimai biganəlik, nəzir-niyaz (az qoyub, çox götürmək) alveri və s. sosial-psixioloci defektlər əməyə münasibətimizlə əlaqədar ola bilər. Başqasına atmaq niyyəti ilə “dünya Qarabağı bizə qaytarsın” həsrəti arasında və yaxud hansısa məmurun dövlət malını tənbəlcəsinə öz cibinə keçirmək istəyi ilə səmavi möcüzələrdən mədəd ummaq arasında psixoloci-mental baxımdan fərq yoxdur. Belə situasiyalarda biz deyərik: “Allah yetirdi”.Mənə belə gəlir ki, əməyə mənfi münasibətimizin iki tarixi səbəbi var: 1. Əməyin bizə daim qul, nökər əməyi kimi, məhkumiyyət, məşəqqət, tapşırıq və cəza kimi verilməsi, tələb kimi qarşımıza qoyulmasıdır. Özgənin işi kimi başa düşdüyümüz əməyi biz daim istismar əməyi kimi qavramışıq. Bu, ən yaxın müstəmləkə keçmişimizlə də bağlı yaddaşımızdır. Sovet adamında əməksevərlik təbliğatı istismarçı qul əməyinin sevdirilməsi idi. Bir sözlə, əmək bizim üçün “qul əməyi” ilə sinonim təsəvvürdür. “İş” adı gələndə nökərliyimiz yadımıza düşür. “İşə düşmək” “əsir düşmək” kimi bir şeydir. Ona görə də, bizim əməyə sevgisizliyimizdə ağanın əməkdən ikrahını yox, nökərin əməkdən bezginliyini görmək olar. 2. İkinci səbəb isə, bu dəfə özgəsinin yox, öz əməyimizin, özümüzə lazım olan əməyin, üsyan, qiyam, etiraz əməyinin, mübarizə əməyinin, mübariz əməyin, qurub-yaradıcı fəaliyyətin daim və daim nəticəsiz başa çatması, boşa getməsi, hətta əleyhimizə çevrilməsidir. Bizdən heç vaxt heç nəyi soruşmayıblar, hətta bizim taleyimizi müəyyən edərkən də. İtaətdən kənar hər bir “öz”başına hərəkətimiz təkcə boşa getməmiş, özümüzü peşman hiss edənədək verilən cəzalarla nəticələnmişdir. Axı, nə qədər peşman olmaq olar?! Qədim yunan yazıçısı Ksenofon Sokrat haqqında xatirələrində belə bir fikir deyir: “Nökərin özünü nökər kimi hiss edənədək ona cəza verməlisən”. Bu mənada əmək bizim yaddaşımızda və təsəvvürümüzdə “sizif əməyi”dir, içi boş quyuya su tökməkdir. Belə bir situasiyada laqeydlik və tənbəllikdən təbii və başadüşülən nə ola bilər?Nitsşe dünyagörüşlərini iki tipə ayırmışdı: Ağa dünyagörüşü və nökər dünyagörüşü. Mən özümüzünkünü ikinci tipə aid edirəm (siz Allah, bağışlayın): biz dünyaya nökər kimi baxırıq, dünya qarşısındakı psixoloci duruşumuz nökəranədi. Beləliklə, mən bir tərəfdən əməyə mövcud münasibətimizin səbəblərini göstərməyə çalışdım, digər tərəfdən isə bu arqumentlərdən öz tezisimin əsası kimi istifadə etdim.

Hiç yorum yok: