Azərbaycanlılar və dövlət
Azərbaycanlılar dövləti nəticə kimi görmür, səbəb kimi görür; dövlət ictimai münasibətlər kontekstində meydana gələn proseslərin nəticəsi deyil, hansısa metafizik-universal varlığın, yaxud hansısa mütləq dəyərin zəruri konkret təzahürüdür. Bu idealist təfəkkür tərzi dövlətin aliliyi, müqəddəsliyi və toxunulmazlığı anlayışına gətirib çıxarır. Bu anlayışa görə, dövlət mahiyyətcə yaxşıdır, faydalıdır, xeyir qüvvədir, əgər onun fəaliyyəti insanlara zərər verirsə, günah dövlətdə deyil, onu idarə edənlərdədir. Bu səbəbdən azərbaycanlılar heç vaxt dövlətdən narazı olmur, həmişə vəzifəli şəxslərdən narazı olur. Maraqlı burasıdır ki, azərbaycanlılar prezidentdən də narazı qalmır, ondan hec vaxt şikayət etmir, bütün durumlarda günah bürokratlarda, hökumətdə, vəzifəli şəxslərdədir. Bu ictimai şüur formasının psixi səbəblərindən əlavə (qorxu, itaət təmayülü və s.), mental səbəbləri də var: azərbaycanlının təsəvvüründə dövlət dövlət başçısı ilə eyni şeydir, onun zehnində dövlət başçısı ilə dövlət arasında identifikasiya qurulub.Dövlət quruluşu, siyasi rejim və ya siyasi idarəetmə forması nə olursa-olsun, dövlət tək adamın hakimiyyətinə söykənir. Başqa sözlə, azərbaycanlılar monarxiyadan başqa dövlət forması tanımır; bu adamların gözündə status baxımından indiki prezidentlə Mircəfər Bağırov arasında, hətta Şah İsmayıl Xətai arasında heç bir fərq yoxdur. Dövlət hakimiyyətinin mənbəcə əbədiliyi dövlət başçısının cismani ölümsüzlüyünə müncər edilir. Dövlət əbədidir, deməli, prezident də əbədidir?! İngilis monarxiyasının tarixi şüarında deyildiyi kimi: “Kral öldü, yaşasın kral!”Azərbaycanlılar içtimai həyatın bütün sahələrində olduğu kimi dövlətə münasibətdə də dini təfəkkürdən, mütləqçilikdən xilas ola bilmir. Hər xalqın ruhunda az da olsa anarxist meyllər var. Azərbaycanlılara gəldikdə isə onlar dövlətsiz həyatı təsəvvür edə bilmir, lakin dövləti, məsələn, Hegelçi aspektdən ideallaşdırmır. Hegelin fəlsəfi sistemində dövlət sittlichkeitın (əxlaqiliyin, etik yaşamın) təcəssümüdür. Azərbaycanlılar isə dövləti əxlaqsızlıq naminə ideallaşdırır; dövlətin kölgəsində sərbəstlik istəyir, yəni hər cürə əxlaqsızlığı ört-basdır etmək üçün dövlətdən qalxan kimi istifadə edir. Dövlət ictimai həyatın ən yüksək instansiyasında azərbaycanlı əxlaqsızlığının ali və toxunulmaz qurumlaşmasıdır; əxlaqsızlığın sistematik və müntəzəm şəkildə təşkilatlanmasıdır.Bu adamlar dindarlara xas instinktlə dövlətə tapınır, amma əxlaqi səbəblərlə yox, qeyri-əxlaqi səbəblərlə; bu adamlar dövlətin ictimai həyata müdaxilə etməsini istəmir, amma etik-anarxist səbəblərlə yox, əxlaqsız-etatist səbəblərlə.Dövlət həmişə fərdin əleyhinə güclənir, fərdin əleyhinə möhkəmlənir, hakimiyyətinin miqyasını fərdin əleyhinə genişləndirir. Fərd yoxdursa - dövlət hər şeydir.Azərbaycanda fərd-dövlət dixotomiyasından əlavə fərd-cəmiyyət dixotomiyası da var; cəmiyyətin özü də fərdə düşməndir. Bu mənada azərbaycanlıların milli-mənəvi dəyərləri avtoritar-despotik dövlət hakimiyyətinin legitimlik mənbəyi, mövcud ictimai-siyasi münasibətlər sisteminin özünü təkrar istehsalının hərəkətverici qüvvəsidir. Azərbaycanda müstəbidi cəmiyyət yaradır.Mövcud dəyərlər çərçivəsində azərbaycanlıların azadlığı vətəndaşların azadlığından çox dövləti idarə edənlərin azadlığıdır. İdarə edənlərin azadlığı isə idarə olunanların köləliyidir (anadangəlmə vətənpərvər olan bu adamlar başa düşmür ki, vətənin azadlığı vətəndaşın azadlığından başlanır). Qədim Roma tarixçisi Sallusti yazırdı ki, “bir cəmiyyətdə azadlıq istəyən həmişə kiçik bir azlıq olur, çoxluq isə doğru hökmdar istəyir”. Vətəndaş olmağı “vətən daşı” olmaqla (nəticədə daş olmaqla) səhv salan azərbaycanlılar - onlar bütün situasiyalarda çoxluqdur - azadlıq istəmir, “layiqli” dövlət başçısı istəyir, özünə uyğun hökmdar (ağa) istəyir. Azərbaycanlı dövlət qarşısında azad deyil, dövlətlə münasibətində köləlikdə azaddır.Azərbaycanlılar tarixin heç bir mərhələsində öz iradəsini bəyan etməyib, yəni onun iradəsi (seçimi) heç vaxt təzahür etməyib; o, heç vaxt öz taleyini özü seçməyib. İradəsi olmayan, olsa da onu bəyan etməyi, reallaşdırmağı bacarmayan insan icmasına kütlə deyilir. Azərbaycanlılar kütlədir. Çünki kütlə iradəsizlik, şüursuzluq, sabitlik durumudur. Kütlə heç vaxt inkişaf etmir, yalnız hərəkət edir. E.de la Böti azərbaycanlıları nəzərdə tuturmuş kimi XVI əsrdə yazırdı ki, “dövlət idarə edənlərin iradəsindən yaranmır; idarə olunanların iradəsizliyinin məhsuludur”.Azərbaycanlılara xas dövlət quruluşunun meydana çıxması bu iradəsizlik durumuna dəlalət edir. Azərbaycanda vətəndaşlar arasındakı münasibət anarxik (əslində xaotik) xarakter daşıyır, buna müqabil vətəndaşlarla dövlət arasındakı münasibətlər despotik xarakter daşıyır. Əslində bu ictimai-siyasi ənənənin müəyyən bir məntiqi var: avtoritar-despotik rejim ancaq o vaxt öz varlığını asanlıqla davam etdirir ki, dövlət öz vətəndaşlarına bir-birinə qarşı kəskin mübarizə aparmağa icazə verir, Tomas Hobbsun məşhur ifadəsi ilə desək, qəsdən “bellum omnium contra omnes” («hamının hamıya qarşı müharibəsi») şəraiti yaradır. Nəticədə azərbaycanlının düşməni başqa bir azərbaycanlı olur və ona düşməni ilə “azad şəkildə”, qəddarlıqla, mərhəmətsizcəsinə mübarizə aparmaq imkanı verilir. Bu minvalla vətəndaşlar dövlətdən asılı vəziyyətə düşür, dövlət isə toxunulmazlıq əldə edir; böyük despotun hökmdarlığı altında hamı kiçik despota çevrilir.
Hiç yorum yok:
Yorum Gönder