Tolerans
“Vahid Həqiqət” konsepsiyasına qarşı
“Tolerans” sözü latınca “tolerantia” sözündəndir. Etimoloci mənası dözüm, qatlanma, səbr, genişqursaq olma, həzm etmə, xoş nəzərlə baxma deməkdir. Sözün terminoloci mənası da etimoloci mənasıyla eynidir. “Tolerans”ın antonimi “intolerans”dır. Sual oluna bilər ki, görəsən, biz nəyə qarşı dözümlü, səbrli, xoşnəzərli, genişqursaqlı olmalıyıq? Cavab: formaca və məzmunca bizim kimi olmayana, başqa olana. Çünki təmsil və ifadə etdiyimiz forma və yaxud məzmun mümkün variantlardan sadəcə və sadəcə biridir. İnvariant yoxdur. Tolerans çoxvariantlılığı rasional olaraq qəbuletmə mövqeyidir. Tolerans və ya tolerantlıq - nəzakət və ya mədənilik norması, oyunu deyildir. O, nə başqasının bizə zidd fikirlərini dinləmək mədəniyyəti, nə də bu fikirlərə hörmətlə yanaşmaq nəzakətidir. O, dünyaya baxış forması, varlığın müxtəlifliyi qarşısında dayanma şəklidir. Ona görə də, tolerans içəridə yavaş-yavaş kinə, nifrətə çevrilən məcburi dözümlülük nümayişi deyildir. O, qaçılmaz müxtəlifliyin birgəyaşayış normasıdır. Təzadların birlikdə yaşaya bilmə şərtidir. Çünki daha (Orta əsrlərin sonundan etibarən) heç bir problemin yeganə cavabı, yeganə həlli yoxdur. Hər cavabın və ya həllin ən azı bir rəqibi var. Elə bu da toleransı zəruri edir. Toleransı prinsip kimi ilk dəfə Renessans yazıçısı R.Erasmus (XVI əsr) təklif edib. O vaxt Qərbdə dini müstəvidə buna ehtiyac yaranmışdı. Humanistlər bu yolla Kilsəyə başa salmağa çalışırdılar ki, allahsız, dinsiz də olmaq olar. Belə hallara tolerant yanaşılmalıdır. Dinsiz və ya allahsız şəxs Kilsə qarşısında yox, yalnız öz vicdanı qarşısında məsuldur. Müasir dövrdə isə tolerans liberal dəyərlərdən biridir. Toleransın əsası ondan ibarətdir ki, həqiqət, düzgün forma, doğru yol və s. bir deyil, bir neçədir, çoxdur. Və onlar heç kimin təkbaşına ixtiyarında deyildir, heç kim təkbaşına onları təmsil edə bilməz. Və onlar heç bir konkret zamanda və heç bir konkret məkanda bizə son və ya hazır şəkildə verilməmişdir. Bu mənada tolerans müəyyən bir yumşaqlığı, plastikliyi bildirir. Tolerans təbəssümdür, gülümsəmədir. Tolerans yumşaqlığının, təbəssümünün qarşısında doqmatizmin qatılığı və qəzəbi dayanır. Çünki doqmatizm “doqma” (prinsip, əmr, əqidə) sözündən olub, doqmalarla düşünmə deməkdir. O, yalnız bir variantı tanıyır, onu da invariant qəbul edir. Buna görə də tolerant ola bilmək üçün ən az iki variantı eyni səviyyədə tanıyacaq dərəcədə məlumatlı olmaq lazımdır. Savad tolerans doğurur, amma intolerans savadlanmağa qoymur. Dünyagörmüşlük çoxlu variant tanımışlıq deməkdir. Doqmatizm, qəzəb və cahillik isə sinonim cərgəsi təşkil edirlər. Mənim təsəvvürümdə doqmatizmin simvolik rəqəmi 1, toleransınkı 2-dir. “Tolerans sahəsi” anlayışı tolerant ola bildiyimiz sahəni bildirir. Bu isə o deməkdir ki, bizim hər mövzuda tolerant ola bilmə dərəcəmiz, yəni tolerantlıq sahəmizin həcmi eyni deyildir. Tolerans yalnız bir məsələdə doqmatik, yəni intolerant davranır: O, özünün ləğvini qadağan edir! Yəni hər şeyə dözümlü, səbrli davranmaq, xoş nəzərlə, təbəssümlə baxmaq olar, amma bircə intolerans tələb qarşısında belə davranmaq olmaz. Çünki tolerans azadlıq dəyəridir. İntolerans “Vahid Həqiqət” ritorikası kürsüyə qalxanda azadlıq üçün təhlükə yaranır.
Hiç yorum yok:
Yorum Gönder