Şərqdə Renessans olubmu?
Ümumiyyətlə, bu mümkün idimi? İslam şərqini nəzərdə tuturam. Nədir Renessans? Fransızca olan bu söz yenidən (re)-doğulma (nessans) deməkdir. Yenidən doğulan qədim yunan mentalitetidir. Renessans Qərbin XIV-XVI əsrlərdə yaşadığı epoxal təfəkkür dəyişikliyini ifadə edir. Qərb tarixində çox mühüm aralıq dövr kimi o, orta əsrlərin teosentrizmindən və teizmindən, Yeni dövrün antroposentrizminə və humanizminə, bir sözlə, Allahdan insana keçiddir. Renessansla birlikdə Qərbdə Orta əsrlərin sonu, xristianlığın süqutu başlamışdır. Əgər etiqadlı Orta əsrlər insanı Allaha təslim olub, “Allaha oxşamaq” möminliyinə çatmaq istəyirdisə, skeptik Renessans insanı isə “insanlaşma səyi” göstərir, “insanlaşma zəhməti” çəkirdi. Renessans təfəkkürü verilmiş həqiqətlərə daha inanmaq istəmir, o, həqiqətləri özü axtarıb tapmaq istəyir. Bu, Kilsə kanonikasından təbiətə dönüş idi. Renessansda rol oynamış amillərdən Kilsənin zülmünə qarşı etiraz kimi dinə soyumuş münasibəti, antik yunan mədəniyyətinin alternativ kimi kəşf olunmasının verdiyi cəsarəti, Lutherləri, Kalvinləri yetişdirən sxolastik təhsili, xristianlığın daxili məzmununu və s. qeyd etmək olar. Nə olursa olsun, bu proses Qərb tarixində baş vermişdir. Bəs Şərqdə? Renessansa bizdə “intibah” deyirlər. Lakin intibah sözü güc-bəla ilə dirçəliş, oyanış, inkişaf kimi mənalara gəlsə də, o, əsla və əbəda yenidən-doğulma, re-interpretativ qayıdış, bir sözlə Renessans mənasına gəlmir. Bu bir. İndi, gəlin, belə soruşaq: Ümumiyyətlə, Qərbin yaşadığı Renessans sayağı bir keçid Şərqdə mümkün idimi? (Amma lazım idi!). Şərq nəyi, hansı dövrünü re-interpretasiya edib, alternativi kimi ona sığınacaqdı? O vaxt Şərq üçün belə tarixi keçmiş vardımı? O Şərq ki, Şumer sivilizasiyasını ancaq XIX əsrdə tanıya bildi, bunu da Qərblilər sayəsində. Qədim yunan isə xristianlığa o qədər yaxın idi ki, o, bir din kimi qədim yunan fəlsəfəsinin qoynunda böyümüşdü. Renessansdan sonra Şərqlə Qərbin yolları ayrılmışdır. Daha doğrusu, Şərq öz yoluna davam etmiş, Qərb yoldan çıxmışdır. O çıxan bu çıxan, Qərb Şərqdən uzaqlaşır. Renessansdan sonra Qərb XVII əsrdə təcrübi elmlərin əsasını qoymuş, XVIII əsrdə insanın Allahdan asılı olmayan avtonomluğunu əsaslandırmış, XIX əsrdə tarixilik şüuruna çataraq, idealizmi sındırmış, Allahın öldüyünü elan etmiş və nəhayət, XX əsrdə rasionallığın hər cür ümumbəşəriliyini rədd edərək, bütövlükdə antroposentrist modern dövrün qapandığını, bununla da postmodern dövrün başlandığını elan etmişdir. Bütün bu əsrlərdə isə Şərqdə iki qüvvə üz-üzə dayanmışdır: Şərqi öz ənənəvi yolunda saxlamaq istəyənlər və onu Qərbin keçdiyi yoldan aparmaq istəyənlər. Belə bir mənzərənin yaranmasının səbəblərindən, zənnimcə, birincisi Şərqin öz keçmişinə Qərb təfəkkürü ilə baxmasıdır. (Elə deyirəm ki, sanki alternativ Şərq təfəkkürü varmış kimi). Çünki tarix təkcə hadisə deyil, həm də o hadisənin dərk olunmasıdır. Bunu Hegel deyib. Fransız tarixçisi və filosofu L.Halkin isə deyir ki, mövcud Qərb tarixinin Antik dövr, Orta əsrlər, Renessans, Yeni dövr… kimi periodizasiyası yalnız və yalnız Qərb tarixinə məxsusdur! Bu isə o deməkdir ki, Şərq bu bölgünü özünə şamil edə bilməz! O öz tarixini özü bölgüləməli, öz keçmişinə öz kateqoriyaları, öz ölçüləri, öz tələbləri ilə yanaşmalıdır! Yoxsa, hansısa bir dövrün başının üstündən uyğun gələn bir Qərb termini asmaqla “keçmiş” “tarix” olmur. Halkinin fikrini Azərbaycanda “postmodernizm” kəşf edərkən də nəzərə almaq lazımdır. Sualım da cavabsız qalmasın: Şərqdə Qərbin Orta əsrləri davam edir…
Hiç yorum yok:
Yorum Gönder