Senti-Mentalitetimizə Dair

Azərbaycanlı öz duyğularında kimdir?
Hegelə görə, hər bir duyğu dumanlı, üstüörtülü fikirdir (burada söhbət görmək, eşitmək kimi sensual duyğulardan yox, sevinc, qəzəb kimi sentimental duyğulardan gedir). Hegel üçün son nəticədə duyğu yoxdur, fikir var, o, duyğunu fikrə reduksiya (müncər) edir. Yəni sevinc, qəzəb, ehtiras kimi duyğular da əqli aktlardır, könül də ağıla daxildir. Yəni zövqlər də məsum deyil, onları da fikirlər kimi mübahisəyə çıxarmaq, bəyənib bəyənməmək olar. Belədə, görəsən, primitiv zövq yiyəsi dərin təfəkkür yiyəsi ola bilərmi? Və yaxud əksinə, hər primitiv duyğunun altından (içindən) mütləq dayaz fikirmi çıxar? Mən bu yazıda Azərbaycan mental məktəbinin senti-mental ifadəsini göstərmək istəyirəm. Azərbaycanlılıq həm də bir duyğu tərbiyəsi və ənənəsidir. Mən azərbaycanlının öz duyğularında kim və necə olduğunu anlamaq istəyirəm. Əvvəla, öz üzərimdəki müşahidələrimə söykənərək deyim ki, duyğular heç də qəbul edildiyi kimi, fikri qabaqlamır, əksinə, fikirlər duyğuları ötür. Biz adətən çoxdandı daşıdığımız bir fikirdən daşınmağımıza baxmayaraq, ona paralel duyğumuz əvvəlki zövqünü davam etdirir. Buna çoxlu misallar vermək olar. Biz "özümlə (ürəyimlə) bacara bilmirəm" deyəndə, əslində bu hadisəni, duyğu vərdişimizi ifadə etmiş oluruq. Duyğu zövqümüz təfəkkürümüzün qərarından zamanca geri qalır. Buna görə də, biz azsaylı yeni intellektuallar mental azərbaycanlılığı fikrən tərk etsək də, hələlik senti-mental azərbaycanlılığa daxilik, yəni duyğularda hələ kifayət qədər azərbaycanlıyıq. Lakin bundan narahat olmaq lazım deyil, çünki bu təbiidir. Məsələn, kimsə mənim bu yazımı "Sarı çiçəyim" fonunda duyğulanaraq oxuyursa, amma eyni zamanda da mənim antimental fikirlərimlə razılaşırsa, buradakı ziddiyyətdən o, məyus olmamalıdı. Məncə, duyğularında yeni "azərbaycanlılar" fikirlərində yeni "azərbaycanlılar"dan sonrakı nəsil olacaq. Mən azsaylı biz təzələrin belə bəzən muğamata, azan səsinin avazına, meyxananın ritminə az qala avtomatik sentimental meylinə mistifikasion və ya millətçi izahlar verəcək qədər sadəlövh deyiləm. Beləliklə, görəsən, azərbaycanlı öz duyğularında kimdir, necədir; onun duyğuları hansı fikirlərini örtür? Bizim insanlığımız ilk dəfə laylayla azərbaycanlılıq istiqamətində deformasiya edilir. Azərbaycanlılıq laylayla başlayır. Nədir laylay? Onun melodiyası bizim şüuraltımıza hansı fikir cızıqlarını çəkir, elmi dillə desək, o, beynimizdəki sinir hüceyrələri arasında sonralar qurulacaq hansı sinaptik əlaqələrə zəmin hazırlayır? Laylay ağıdır, mərsiyədir, muğamatdır. O, muğamın körpələr üçün aranjirovkasıdır. Azərbaycan muğam sənəti kreativ baxımdan sadistlər, reseptiv baxımdan mazoxistlər yetişdirən sadomazoxizm məktəbidir. Bu musiqi tarixdə bir dənə də olsun mühüm qələbəsi olmayan, əvəzində qüruru dönə-dönə sındırılmış yazıq bir xalqın müzikal özünüifadəsidir. Bu musiqi yarısı diri qalmış xalqın, ölmüş yarısına ağladığı mərsiyəsidir. Biz muğamatımızla fəxr edəndə mənim yadıma qəmindən nəşələnən bədbəxt və məzlum Füzuli düşür. Azərbaycanlının ən işlək duyğusu qəmdir, kədərdir. "Həmsöhbət" "həmdərd" deməkdir. "Fikir eləmək" "dərd çəkmək" deməkdir. Bir-birimizi fikirli (fikirləşən) görəndə "nə olub?" deyə soruşan bizik. Biz sevinə bilməyən, şadyanalıq mədəniyyəti olmayan xalqıq. Kədərimiz məğrur və fəxri alınmadığı kimi, şadyanalığımız da şit və arsız çıxır. Ağız kənarlarında yerləşən gülüş qırışları əksər yaşlılarımızda belə yoxkən, düyünlənmiş qaşların yerində qalmış çapıq izi gənclərimizdə belə var. Azərbaycanlı təbiətən məğlubiyyətə, nakamlığa, qovuşmamağa, umsuq qalmağa, bədbəxt olmağa meyllidir. Hər bir azərbaycanlı qəlbinin ən əziz guşəsi onun nisgilləri və puça çıxmış arzularının açı xatirəsidir. O, nakam qalıb, öz nakamlığına şeir yazmağı, sevgilisinə qovuşmaqdan üstün tutan dekadentdir. Azərbaycanlı olmaq həyat qorxağı olmaq deməkdir.

1 yorum:

Adsız dedi ki...

qeyd: Azərbaycanlı təbiətən məğlubiyyətə, nakamlığa, qovuşmamağa, umsuq qalmağa, bədbəxt olmağa meyllidir. Hər bir azərbaycanlı qəlbinin ən əziz guşəsi onun nisgilləri və puça çıxmış arzularının açı xatirəsidire elave.Hetta azerbaycanlida bu nisgil,aci xatire olmayanada ozunden yalanci xatire uydurur