Ağalar Məmmədov etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Ağalar Məmmədov etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Xurafat, Batil Etiqad və Din

Filosof - oyanan və danışandır
M.Ponti
Bu anlayışların mənası tez-tez bir-birinə qarışdırılır, onlar bəzən lüzumsuz yerə fərqləndirilir, bəzən də, əksinə, eyniləşdirilir. Bu yazıda mən onların implikasiyalarını verməyə çalışacağam. Xurafat - elmi izahı olmayan, amma buna baxmayaraq inanılan, əməl edilən səbəb-nəticə əlaqələridir. Səbəb-nəticə əlaqəsinə elmi dildə kauzalistika deyirlər. Xurafat qeyri-elmi kauzalistikadır. Məsələn: axşam vaxtı dırnaq tutmaq ömrü qısaldar; qarşıdan keçən qara pişik uğursuzluq gətirər; bəd xəbər eşidəndə, kiş-kiş deyib, qulağın məməsini dartanda bəd şeylər adamdan uzaq olar; qaşıq yerə düşəndə evə qonaq gələr; süfrədə dik durmuş çörəyi yıxıb böyrü üstə qoymasan, kasıblıq ola bilər (sanki çörək qalxıb süfrədən getməyə hazırlaşır) və s. və i. Bunlar xalqımızın inandığı kauzal əlaqələrdən bir neçəsidir. Təbiətdəki hadisələrin elmi izahını verə bilməyən, təbii kauzalistikadan baş çıxarmayan qədim insan, məsələn, ovdakı uğursuzluğu ilə qarşısından keçmiş qara pişik arasında səbəb-nəticə əlaqəsi qururdu. Xurafat insanlığın keçmişidir və ona bütün mədəniyyətlərdə təsadüf edilir. İnsanlıq minillərlə bu sabit izahlarla yaşamış, onlara inanmışdır. "Xurafat" sözü ərəblərin Uzlə qəbiləsindən Xurafə adlı şəxsin adından götürülüb. Xurafə inanılmaz şeylər danışarmış. "Hədisi-Xurafə" Xurafədən qalma, elmi-məntiqi izahı olmayan, ağlabatmaz fikirlər, səbəb-nəticə əlaqələri və proqnozlar deməkdir. Xurafat müstəqil də yaşaya bilər, hansısa dinin içində də. Dini xurafata batil etiqad deyirlər. Yəni xurafatın dini terminologiyadakı adı batil etiqaddır. Batil etiqad sitayiş edilən xurafatdır. "Batil etiqad" sözünə biz qədim çoxallahlı Yunan mədəniyyətində "deisidaimonia" şəklində təsadüf edirik. Mənası allahlara əqli sitayiş əvəzinə, onlardan köləcəsinə qorxmaq deməkdir. Allahlardan qorxub mömin olan "deisidaimon" adlandırılırdı. Ayıq-sayıq, səmimi və cəsarətli qədim yunan mütəfəkkirləri allahların istəklərinə qorxu ilə tabe olmağı məqbul saymır, kütləni ağıl və anlama yoluna çağırırdılar. "Batil" sözü ərəbcə səhv, yalan, boş, haqsız, əsassız, puç deməkdir. "Batil etiqad" maarifçi fəlsəfənin dinə verdiyi addır. Qısaca mənası o deməkdir ki, elmə etiqad etməyən, batilə etiqad edir, elmi izahlar olan yerdə dini izahlar puçdur. XVII əsr Qərbdə feodalizmdən kapitalizmə keçidi gerçəkləşdirən sənaye inqilabının, modern elmlərin və maarifçilik fəlsəfəsinin meydana gəldiyi əsrdir. Bu əsrdə yerüzündə ilk dəfə olaraq təbiətin kauzalistikası rasional yolla izah edilməyə başladı. Bu, o demək idi ki, hadisələrin gedişatına, təbii kauzalistikaya sizin nəziriniz, duanız, neçə illik ibadət həyatınız, mənəvi baxımdan alicənab olmağınız, Allahın gözlənilmədən müdaxiləsi və s. heç bir təsir göstərə bilməz. Yəni xəstələnmisinizsə, bunun səbəblərini təbiətin kauzalistikasında axtarmaq lazımdır, bəd nəzərdə yox və müalicə üçün də pirə yox, həkimə müraciət etmək lazımdır. Bu mövzuda belə bir lətifə də var: Batmış gəminin kapitanı xilas olmuş bir neçə sərnişini bir ateistə göstərib deyir: "Bunlar dua edib, xilas oldular". Ateist isə belə deyir: "Bəs siz mənə dua edib batanları necə, göstərə bilərsinizmi?". Maarifçi fəlsəfənin zirvəsi sayılan Kant insan ağlına (ratioya, rasioya) qarşı dinin, insana qarşı Allahın şərəfləndirilməsini batil hesab edərək, dinlə batil etiqadı eyniləşdirdi. Maarifçi fəlsəfəyə görə ağlın söndürüldüyü ya da hələ oyanmadığı hər yerdə mühakimələrə xurafat və mövhumat hakimdir. Başqa sözlə, elmdən sonra din batildir. Maarifçi fəlsəfənin kəskin prinsipial mövqeyi bundan ibarət idi. Maarifləndirmə dinin psevdoizahlarına qarşı kütləvi elmi savadlandırma demək idi. Qori seminariyası bu məqsədlə qurulmuşdu və bu seminariyada din dərsləri tədris olunmurdu, çox təbii olaraq. Xalqımızın Sabirin dilindən "Oxutmuram, əl çəkin!" deməsi səbəbsiz deyildi. (Ancaq bu gün orta məktəblərdə din dərslərinin tədrisinə başlamaqdan söhbət gedir). Axundovlar, bakıxanovlar, zərdabilər, sabirlər, mirzə cəlillər bu dünyagörüşün sahibləri idilər. Ancaq bəzilərimiz hələ də inanır ki, bu ulu şəxsiyyətlər guya əslində xurafatla (mövhumatla) mübarizə aparırmışlar, dinlə yox. Mən də bir ekspert kimi izahat verirəm ki, maarifçi fəlsəfədə onların arasında fərq qoyulmur. Din xurafat, mövhumat və batil etiqad deyilsə, görəsən o, nədir? Bəzən deyirlər ki, mən dinin köhnə tənqidlərinə qayıdıram, vaxtilə dinə qarşı səslənmiş tənqidi fikirləri dirildirəm və buna görə də geridə qalmışam. Belələri unudurlar ki, axı din də geri qayıtdı. Belə olan halda, əks-təsir kimi ona tənqidlər də dirilməli idi. Dini mövqenin məğlubedilməzliyini iddia edənlər unutmamalıdırlar ki, dinin tənqidləri də zəifləməmişdir, azalmamışdır. Üstəlik, bu tənqidlər səhv arqumentlər deyildilər ki, onları tarixin arxivinə ataq. Əsl din hardadır? Əksər dindarlar yeri gələndə öz mövqelərinin təsdiqi kimi bir milyarddan çox inanan insan kütləsini arqument kimi göstərirlər, bu kütləyə sahib çıxırlar. Amma eyni zamanda da əsl dinin ayrı şey olduğunu, onu cahil adamların, kütlənin etiqadı ilə eyniləşdirməyin doğru olmadığını söyləyirlər. Bu, nə məntiqdir belə? Essensializm sona çatmış, öz yerini eksistensializmə və praqmatizmə vermişdir. Bu, o deməkdir ki, bir şeyin nə olduğuna cavab axtararkən onun zamandan və məkandan kənar mahiyyəti və mənasını deyil, onun konkret situasiyada nə iş gördüyünə, nə etdiyinə, hansı funksiyanı yerinə yetirdiyinə baxılmalıdır. Bir şeyin mahiyyətinin "əslində" nə olduğunu axtaran essensialist yanaşma daha aktual deyildir. Tutalım, iki yaşlı körpə uşağı zorlayan və sonra da onu diri-diri yandıran bir manyakın valideyni məhkəmə salonunda fəryad edib, "mənim övladım əslində belə deyil!" desə, bu nəyi dəyişdirər ki? O manyakın "əslində" necə adam olması indi kimin nəyinə lazımdır axı? Məntiq elmində bir mühakiməni isbat edərkən isbatda mühakimənin özündən dəlil kimi istifadə etməyə qapalı dairə adı verilir. Məsələn, mən deyirəm: "Mənim müəllimimin bu fikri necə səhv ola bilər, axı o özü dedi ki, bu fikir düzdür". Məntiqdə qapalı dairə yolverilməz hesab olunur və dairəvi isbatlar psixoloji effekt yaratmaqdan başqa heç bir işə yaramayan yalançı isbatlar sayılır. Necə ki, hüquqda özünün-özünə şahid olmağına icazə verilmir. Tarix elmdir. O, öz predmetini konkret zaman və məkan daxilində demarkasiya edir (məhdudlaşdırır). Məsələn, "cırtdan təpəgözü öldürmüşdür" xəbəri tarix elmi üçün fakt deyildir. Çünki bu xəbərin konkret obyekti yoxdur, o mücərrəddir. Miflərdə -dı,-di,-du,-dü kimi psevdokeçmiş zaman ifadələri əslində konkret heç bir zamanı göstərmir, sadəcə psixoloji effekt yaradır. Məsələn, "Məlikməmməd divə dedi" xəbərində "dedi"dən məlum olur ki, bu hadisə keçmişdə olub, amma konkret nə vaxt? Tarix elmi mifik zamanla məşğul olmur. Mifik qəhrəmanlar da tarix kitablarına salınmırlar. Məsələn, siz heç bir tarix kitabında Məlikməmmədin adına rast gəlməzsiniz. Amma bəlkə də nağıl qəhrəmanı Məlikməmmədin doğrudan da xalqa zülm edən hansısa "divi" öldürmüş Məlikməmməd adlı prototipi olmuşdur. Amma tarix elmi bunu bilmir. Bəs əgər olmayıbsa və Məlikməmməd tamamilə artefaktdırsa, onda necə? Ona görə də Məlikməmməd tarixi, yəni elmi qəhrəman yox, nağıl qəhrəmanıdır. Tarix elminin qeydiyyata aldığı tanınmış peyğəmbərlər bunlardır: Zaratustra (Zərdüşt), Musa, İsa, Muhamməd, Buddha, Lao Tse, Mahavira, Konfutsi. Burada məsələn, Adəmin adı yoxdur. Xahiş edirəm, heç kim məndən inciməsin, tarix adlı elm üçün Adəmlə Məlikməmməd arasında heç bir fərq yoxdur. Təkrar edirəm, mifik-dini rəvayətlər tarix elminə daxil deyildir. Yəni din elm deyildir. Sonda bir iki kəlmə də keçən dəfəki yazımla əlaqədar. O yazıda mən islam dininin ərəblərin dini olduğunu iddia etmişdim və yenə də bu fikirdə qalıram. Gəlin, oxuyaq: İbrahim surəsi, ayə 4: "Biz hər peyğəmbəri öz xalqının dilində göndərdik. Bunu ona görə belə etdik ki, o öz xalqı ilə danışa bilsin". Əgər opponentlərimin dediyi kimi, Quranda onun ümumbəşəri mesaj olduğu haqqında da ayələr varsa, bu, mənim misal verdiyim ayələrin hökmünü aradan qaldırmaz, sadəcə olaraq Qurandakı növbəti ziddiyyətlərdən birinin kəşfinə yol açar. Bir də forumların birində hörmətli ilahiyyat alimlərindən biri mənə yazdığı cavabında Muhamməd peyğəmbərə üsyan qaldırmış Malik İbn Ovfa Muhamməd peyğəmbərin 100 dəvə ilə yanaşı, hakimiyyətdə vəzifə də vəd etdiyini yazmağı nədənsə "unudub". Malik arvad-uşağını əsirlikdən xilas etmək və Peyğəmbərin vəd etdiklərini almaq üçün müsəlman olmuşdur. Təbəri isə bu hadisəni islamda rüşvətin başlanğıcı adlandırır. (Mənbə: Camiu'l-Bəyan fi Təfsir'l Quran, c.10, s.141). Müəllif Təbərinin adını çəksə də, nədənsə, bu rüşvət söhbətinin üstündən sükutla keçir. İslam dininin necə yayılması məsələsinə gəldikdə. Doğrudur, Quranda yazılıb ki, dində zorakılıq yoxdur. Amma Ali İmran surəsi 195-ci ayəni oxuyaq: "…Hicrət edənlər və yurd-yuvalarından qovulanlar, mənim yolumda işgəncə görənlər, müharibə edənlər və öldürülənlər. Mən onların günahlarını əlbəttə ki, siləcəyəm və onları hökmən qızıldan çaylar axan cənnətlərə yerləşdirəcəyəm. Bu, onlara Allahdan bir mükafat kimi veriləcəkdir". Əgər yaddaşım məni çaşdırmırsa, ərəb tarixçilərindən ya Müqəddəsidir, ya da Məsudi, yazır ki, Babək Xürrəmdinlə müharibə etmək üçün Xilafətdə bu çağırışla əsgər toplayırlarmış: "Hərbiyyunda (yəni döyüş bölgəsində, Azərbaycan da buraya daxil idi) Babək adında bir şeytan peyda olub, kim onunla müharibədə şəhid olsa, dərhal cənnətə gedəcək". İndi özünüz təsəvvür edin, Babəkə və başqalarına qarşı islam orduları necə toplanırdı. Başqa bir tarixi fakt. İndi İraq ərazisində yerləşən və islama sitayiş edən Kərkük vilayətinin mərkəzi Süleymaniyyədə tapılmış tarixi sənədlərdən birində o vaxtlar atəşpərəstliyə inanan əhaliyə qarşı ərəb zülmü öz əksini aşağıdakı kimi tapmışdır: "Müqəddəs yerlər yandırıldı. Müqəddəs odlar söndü. Və böyüklərin ən böyüyü gizlinliyə çəkildi. Ərəb zülmü Kərkükdə bütün kəndləri xaraba qoydu. Qadınlar və qızlar əsir aparıldı. Kişilər öz qanlarında boğuldular. Zərdüşt etiqadı təkbaşına buraxıldı. Hörmüzd onların heç birini bağışlamayacaq…"

Qılınc müsəlmanlığı

Və ya qılıncın İslamı

İslam ərəblərin dini kimi yaranmışdır. Başlanğıcda Quran ümumbəşəri mesaj deyildi. Sonrakılar Muhamməd peyğəmbərin missiyasını genişləndirdilər. Tezisimi əsaslandırmaq üçün gəlin, Quranın özünə və İslam tarixinin bəzi məqamlarına yenidən nəzər salaq. Fussılət surəsi: 3-cü ayə: "(Bu, elə bir kitabdır ki) Onun ayələri ərəbcə anlayan bir qövmə izah edilmişdir". Eyni surənin 44-cü ayəsində isə deyilir ki, əgər biz Quranı başqa bir dildə versəydik, onda deyəcəkdilər: ərəbə də başqa bir dildə kitab olar? Hadid surəsi, 26-cı ayədə isə belə deyilir: "And olsun ki, biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi də, kitabı da onların nəslinə verdik". Buradan belə çıxır ki, semit (yəhudi-ərəb) peyğəmbərlər silsiləsinin və kitablarının türklərə, kürdlərə, talışlara, farslara, ləzgilərə və s. heç bir dəxli olmamışdır, yoxdur. Yaxud da, Əl-Bəqərə surəsinin 132-ci ayəsində deyilir: "Bunu (müsəlmanlığı -A.M.) İbrahim də öz oğullarına vəsiyyət etdi, Yaqub da: Oğullarım! Allah sizin üçün bu dini seçdi…" Eyni surənin 133-cü ayəsində isə belə deyilir. "…onda Yaqub öz oğullarına: Məndən sonra kimə qulluq edəcəksiniz, demişdi. Onlar sənin və babaların İbrahim, İsmail və İshaqın Allahı olan vahid Allaha qulluq edəcəyik, biz ancaq ona təslim olmuşuq" dedilər. Burada azərbaycanlı oxucu bilməlidir ki, bu şəxslərin adları (İbrahim, İsmail, Yaqub və s.) bizə tanış gəlsə də, onların bizimlə heç bir tarixi-mifik-etnik əlaqəsi yoxdur. Sadəcə olaraq bizim dinimizi dəyişdirəndən sonra, adlarımızı da dəyişdiriblər. İndi İbrahim bizim qonşumuz, İsmail dostumuz, Yaqub qohumumuzdur. Tarix elmində semitlərin üç peyğəmbəri qeydə alınır: Musa, İsa, Muhamməd. Amma ərəblər özləri inanırlar ki, daha üç peyğəmbəri olub ki, onlar şəriət gətiriblər. Bunlar Adəm, Nuh və İbrahim peyğəmbərdir. İsmail İbrahimin oğludur. Rəvayətə görə, onlar ata-bala Məkkədə Kəbənin təməlini atıblar. İshaq da İbrahimin oğludur, o, atası 120 yaşında olanda doğulub. Yəhudilər və ərəblər bu şəxsləri özlərinin ulu babaları, mifik əcdadları sayırlar. Onların qoyduqları qayda-qanunları isə "din" hesab edirlər. Təxminən biz "atalar sözləri" adı verdiyimiz kəlamların ulu babalarımız tərəfindən bizə miras qoyub getdiklərinə inandığımız dünyagörüşü kimi. Yaxud belə də demək olar: Dədə Qorqudun yaponlara nə qədər dəxli varsa, Adəmin, İbrahimin, İsmailin və sonrakıların da bizə o qədər dəxli var. Məgər ərəblər və yaxud yəhudilər bizim Dədə Qorqudu öz dədələri sayırlar? Rad surəsi, 7-ci ayədə deyilir: "…sən (söhbət Muhəmməd peyğəmbərdən gedir-A.M.) Sadəcə xəbərdarlıq edənsən. Hər millətin bir yol göstərəni var". Diqqətinizi "millət" anlayışına cəlb edirəm. "Millət" dini-şər'i anlayış olub, qərblilərin nasion anlayışına qəti uyğun gəlmir. Quranda "millət" din, adət mənasında işlədilir. Eyni dinə, adətə (şəriətə) mənsub olanlara millət deyilir. Aydındır ki, məzmun etibarilə "millət" "ümmət" anlayışına uyğun gəlir. Məlumdur ki, hələ İslamdan çox-çox əvvəl Məkkə şəhəri həm ticarət, həm də dini mərkəz idi. Karvan yollarının kəsişməsində yerləşən bu bazar-şəhər dünyanın dörd bir yanından gələn informasiyalardan xəbərdar olurdu. Cahiliyyə dövrü kimi xarakterizə edilən İslamdan əvvəlki dövrün poeziya nümunələrindən də öyrənə bilirik ki, ərəblər o dövrdə xristianlığı, iudaizmi, atəşpərəstliyi tanıyırdılar. O dövrdə Məkkədə savadlı olmaq üçün təbii ki, öz məzunlarına diplom və ya şəhadətnamə kimi bir şey verən, sistemli tədrisatla məşğul olan xüsusi məktəblər yox idi, amma əvəzində karvansaralarda gecədən sübhədək danışılan nağıllar, rəvayətlər vardı, şeir məclisləri vardı, "informasiya daşıyıcısı" rolunu oynayan tacirlərin nəql etdikləri sərgüzəştlər vardı və nəhayət müxtəlif dinlərə inanan insanların söhbətləri vardı. O dövrün savadlısı belə məclislərin dinləyicisinə, oralarda danışılanların bilicisinə deyilirdi. Ona görə də, "Muhamməd peyğəmbər savadsız olub" fikri korrekt deyildir. Əgər savadlı olmaqdan yazı yazmaq və oxumaq nəzərdə tutulursa, hə, ola bilsin ki, peyğəmbər bunu bacarmayıb. Ancaq o da nəzərə alınmalıdır ki, yazı ərəblərdə ta qədimdən bəri mövcud olsa da (bunu tək-tək adamlar bacarırdı), bütövlükdə yazı mədəniyyəti onlarda VIII əsrdən başlanır. Mənə Muhamməd peyğəmbərin yazı-pozu işini bilməməsi də inandırıcı görünmür. Çünki xatırlayaq ki, Xədicə öz ticarətinin bütün idarəsini və hesabdarlığını 20-25 yaşlarında gənc Muhammədə, gələcəyin peyğəmbərinə tapşırmışdı. Ərəblər Məkkəyə təkcə ticarət üçün yox, həm də ziyarət üçün gəlirdilər, Kəbənin ziyarəti üçün. (Yeri gəlmişkən "həm ziyarət, həm ticarət"in, ümumiyyətlə müqəddəsliklə alverin eyni beşikdə böyüməsi İslamın sonrakı inkişafında təsiredici rol oynadı). Ərəblər Məkkəyə Həcc ziyarəti üçün gəlirdilər. Hələ İslamdan əvvəl! Ərəblərin bu adəti sonra dinlərində də öz sabit yerini tutdu. İslamın arabizm olduğunu Quranın ərəb həyat tərzindən doğulduğuna dair faktlar sübut edir. O dövrdə ərəblər qəbilələr halında birləşmişdilər. Hər qəbilənin öz bütü, öz ləhcəsi, mənafeyi vardı. Aralarında tez-tez müharibələr, o cümlədən qan və qisas davaları olurdu. Bir qəbilə üzvünün öldürülməsinə cavab kimi, qatili öldürmək, ya ölənin qohumlarının, ya da ölənin qəbilə üzvlərinin şərəf vəzifəsi sayılırdı. Dişə-diş, qana-qan intiqam üsulu eynilə Qurana da keçmiş, saxlanmışdır. Oxuyaq. Bəqərə surəsi, 178-ci ayə: "Ey iman edənlər. Öldürənlərin qisasını almaq vacib hesab edildi. Azad şəxsə azad, köləyə kölə, qadına qadın…" Sonra. Məlumdur ki, İslamdan qabaq ərəblər bütpərəst idilər və onların dini təsəvvürlərində cin, şeytan, pəri kimi vahiməli, qorxulu obrazlar mövcud idi. Bu obrazların funksiyası qorxutmaq idi. Qorxudaraq çəkindirmək isə Quranın işlək üsullarından biridir. Eş-Şura surəsinin 7-ci ayəsində Muhamməd peyğəmbərin vəzifəsi Məkkədə və ətrafında yaşayanları qiyamət gününün dəhşəti ilə qorxutmaq kimi müəyyənləşdirilmişdir. Başqa bir məsələ. "Ərəb" səhra adamı deməkdir. Səhra küləyi və qızmar isti üzündən onların gözləri iri, rəngləri ağ olmurdu. Hələ cahiliyyə dövrünə aid şeirlərdə qadın gözəlliyi irigözlülük və ağüzlülük ilə vəsf edilirdi. Çünki belələri az-az tapılırdı. İndi Quranda oxuyuruq: Saffat surəsi, 48 və 49-cu ayələr: (Cənnətdə möminlərin) "Yanlarında gözəl baxışlarını ancaq onlara zilləmiş iri gözlü hurilər vardır. Onlar gün dəyməmiş yumurta kimi ağappaqdırlar". Bundan əlavə, məlumdur ki, ərəblər daim su qıtlığı və sərinlik həsrəti çəkmişlər. Quranda isə ərəb təkcə qorxudulmur, eyni zamanda onun ən həsrətli arzularına xitab edilir. Oxuyaq. Fəcr surəsi, 12-16-cı ayələr: "Orada (cənnətdə) daimi axan bulaqlar, taxtlar, düzülmüş qədəhlər, yasdıqlar, sərilmiş xalılar var". Daha başqa bir xüsus. Ərəblər ildə bir dəfə Məkkəyə Həcc ziyarətinə gələndə, tikiş vurulmadan, yundan hazırlanmış paltarları geyəndə və bir də Həccdən qayıdanda evlərinə qapılarından yox, evin arxasında sırf bu məqsədlə açılmış xüsusi oyuqdan sürünə-sürünə evə daxil olmağın onlara uğur gətirəcəklərinə inanırdılar. Necə ki, bizim Novruzda od qalayıb, üstündən hoppanmağımız kimi. Bu adəti ləğv etmək üçün Allah Muhamməd vasitəsilə ərəblərə ayə göndərir (hə, məhz ərəblərə!). Oxuyaq. Bəqərə surəsi, 189-cu ayə: "…yaxşı hərəkət evinizə arxasından daxil olmaq deyildir… Evinizə qapısından girin, Allahdan qorxun, inşaallah, nicat taparsınız". İndi mən XXI əsr azərbaycanlısından soruşuram, vicdanınızla deyin, "evinizə arxadan deyil, qapısından daxil olun" əmrinin sizə nə dəxli var? Bəyəm bu, bizim mədəniyyətin tarixidir? Bizim Novruzda yumurta döyüşdürməyimizin ərəbə dəxli var məgər? İslamda əsbabı-nüzul, Quran ayələrinin gəlmə səbəbləri deyilən bir anlayış var. Yəni hər bir ayə o dövrün şərtləri üçün, sırf ərəblərə hesablanmışdır. Mənim zənnimcə, Muhamməd peyğəmbər də bu iddiada olmuşdur. Lakin sonrakı vəziyyət, siyasi İslam onun əsil missiyasını genişləndirərək, zədələdi. Məsələn, məlumdur ki, Muhamməd peyğəmbər Quranda "xətmül-ənbiya" kimi xarakterizə edilir. "Xətm" ərəb dilində həm təsdiqləyici möhür, həm də son mənası daşıyırdı. "Ənbiya" isə nəbilər, yəni peyğəmbərlər deməkdir. "Xətmül-ənbiya"nı iki cür anlamaq olardı: 1. Muhamməd peyğəmbər özündən əvvəlki bütün semit peyğəmbərlər silsiləsinin təsdiqləyici möhürüdür və yaxud da, 2. O, sonuncu peyğəmbərdir. Sonrakılar ikinci mənanı qabartdılar. (Hansı din öz peyğəmbərinə sadiq qalıb ki?) Çünki Muhamməd peyğəmbərin ölümündən sonra, qəbilələrarası siyasi-ideoloji konfliktlər, mərkəzi hakimiyyətə tabe olmaq istəməyənlər və ən əsası özünü yeni peyğəmbər elan edənlər ortaya çıxdı. "Xətm" sözünün "son" mənası bu vaxtdan etibarən siyasi İslam tərəfindən vurğulanmağa başladı. Bəlkə də "xətm" sözündə "son" mənası əvvəlcə heç yox idi, sonradan konnotativ məna kimi uyduruldu. Əks təqdirdə belə çıxır ki, özünü peyğəmbər elan edənlər dəli olmuşdular. İslam mədəniyyəti nə "kərtənkələ qızardıb yeyən ərəblər"in (Firdovsi) ibtidai mədəniyyətindən, nə də Qurandan yarandı. Bu mədəniyyət bizim, farsların, yunanların, hindlilərin, misirlilərin, qədim Mesopatomiyanın mədəni abidələri hesabına formalaşdı. İslam dini heç vaxt könül xoşluğuyla ya da daha güclü dəlillərin təbii qalibiyyətiylə yayılmamışdır. O, həmişə əvvəlcə işğal etmiş, sonra siyasi hakimiyyət qurmuş, ardından da cizyə kimi təzyiqlər vasitəsilə bərqərar olmuşdur. İslamın qılıncla yeridilməsi Muhamməd peyğəmbərin ölümündən sonra daha geniş vüsət aldı. Heç kimə sirr deyil ki, Muhamməd peyğəmbər tarixdə qılınc tutmuş yeganə peyğəmbərdir. Hələ Muhamməd peyğəmbərin sağlığında İslamın qəbul etdirilməsinə dair maraqlı bir fakt. Çox hörmətli professorumuz hacı V. Məmmədəliyev yazır ki, 630-cu ildə Həvazin qəbilələrinin 20 minlik ordusu Muhamməd peyğəmbərin 12 minlik ordusu ilə döyüşdə məğlub olduqdan sonra, Həvazin qəbilələrinin komandanı Malik bin Ovf əsir düşmüş arvadını və uşaqlarını xilas etmək üçün İslamı qəbul etdi… Ərəblər VII əsrdə Ərəbistandan çıxaraq, İraq, Suriya, Fələstin, Misir, İran və daha sonra şimali Afrikanı işğal etdilər. Yerli xalqlarla qarışıb onları ərəbləşdirdilər. Yerli xalqların dilləri ərəbləşdi. Bundan sonra İraq, Suriya, Fələstin, Misir, Liviya, Tunis, Əlcəzair və Fars xalqları ərəb oldular. Əməvi hökmdarı Əbdülməlik zamanında İslam imperiyasında ərəb dili rəsmi dil elan edildi. Ələ keçirilmiş ölkələrin xalqları İslamı qəbul etmək və ərəb dilini öyrənmək məcburiyyətində qaldılar. O vaxtlardan etibarən dilimiz arabizmlərlə doldu, fenotipimiz (görünüşümüz) ərəb sayaq oldu. Sonda, Hadid surəsi, 19-cu ayəyə diqqət yetirək: "İnkar edərək, ayələrimizi yalan hesab edənlərə gəldikdə, onlar da cəhənnəm əhlinə daxildir". Söyləyin mənə, xahiş edirəm, bu qədər qəzəbli və qorxulu olmayın, yəhudilərin dini xaric, hansı dini kitabda belə bir hədələmə qeydə alınıb, xristianlıqdamı, atəşpərəstlikdəmi, buddhizmdəmi, daoizmdəmi, hinduizmdəmi? Özünün müzakirəyə çıxarılmasına bu şəkildə veto qoyan dünyagörüşü sivil birgəyaşayış üçün təhlükəli deyilmi?

Qılınc müsəlmanlığı

Və ya qılıncın İslamı

İslam ərəblərin dini kimi yaranmışdır. Başlanğıcda Quran ümumbəşəri mesaj deyildi. Sonrakılar Muhamməd peyğəmbərin missiyasını genişləndirdilər. Tezisimi əsaslandırmaq üçün gəlin, Quranın özünə və İslam tarixinin bəzi məqamlarına yenidən nəzər salaq. Fussılət surəsi: 3-cü ayə: "(Bu, elə bir kitabdır ki) Onun ayələri ərəbcə anlayan bir qövmə izah edilmişdir". Eyni surənin 44-cü ayəsində isə deyilir ki, əgər biz Quranı başqa bir dildə versəydik, onda deyəcəkdilər: ərəbə də başqa bir dildə kitab olar? Hadid surəsi, 26-cı ayədə isə belə deyilir: "And olsun ki, biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi də, kitabı da onların nəslinə verdik". Buradan belə çıxır ki, semit (yəhudi-ərəb) peyğəmbərlər silsiləsinin və kitablarının türklərə, kürdlərə, talışlara, farslara, ləzgilərə və s. heç bir dəxli olmamışdır, yoxdur. Yaxud da, Əl-Bəqərə surəsinin 132-ci ayəsində deyilir: "Bunu (müsəlmanlığı -A.M.) İbrahim də öz oğullarına vəsiyyət etdi, Yaqub da: Oğullarım! Allah sizin üçün bu dini seçdi…" Eyni surənin 133-cü ayəsində isə belə deyilir. "…onda Yaqub öz oğullarına: Məndən sonra kimə qulluq edəcəksiniz, demişdi. Onlar sənin və babaların İbrahim, İsmail və İshaqın Allahı olan vahid Allaha qulluq edəcəyik, biz ancaq ona təslim olmuşuq" dedilər. Burada azərbaycanlı oxucu bilməlidir ki, bu şəxslərin adları (İbrahim, İsmail, Yaqub və s.) bizə tanış gəlsə də, onların bizimlə heç bir tarixi-mifik-etnik əlaqəsi yoxdur. Sadəcə olaraq bizim dinimizi dəyişdirəndən sonra, adlarımızı da dəyişdiriblər. İndi İbrahim bizim qonşumuz, İsmail dostumuz, Yaqub qohumumuzdur. Tarix elmində semitlərin üç peyğəmbəri qeydə alınır: Musa, İsa, Muhamməd. Amma ərəblər özləri inanırlar ki, daha üç peyğəmbəri olub ki, onlar şəriət gətiriblər. Bunlar Adəm, Nuh və İbrahim peyğəmbərdir. İsmail İbrahimin oğludur. Rəvayətə görə, onlar ata-bala Məkkədə Kəbənin təməlini atıblar. İshaq da İbrahimin oğludur, o, atası 120 yaşında olanda doğulub. Yəhudilər və ərəblər bu şəxsləri özlərinin ulu babaları, mifik əcdadları sayırlar. Onların qoyduqları qayda-qanunları isə "din" hesab edirlər. Təxminən biz "atalar sözləri" adı verdiyimiz kəlamların ulu babalarımız tərəfindən bizə miras qoyub getdiklərinə inandığımız dünyagörüşü kimi. Yaxud belə də demək olar: Dədə Qorqudun yaponlara nə qədər dəxli varsa, Adəmin, İbrahimin, İsmailin və sonrakıların da bizə o qədər dəxli var. Məgər ərəblər və yaxud yəhudilər bizim Dədə Qorqudu öz dədələri sayırlar? Rad surəsi, 7-ci ayədə deyilir: "…sən (söhbət Muhəmməd peyğəmbərdən gedir-A.M.) Sadəcə xəbərdarlıq edənsən. Hər millətin bir yol göstərəni var". Diqqətinizi "millət" anlayışına cəlb edirəm. "Millət" dini-şər'i anlayış olub, qərblilərin nasion anlayışına qəti uyğun gəlmir. Quranda "millət" din, adət mənasında işlədilir. Eyni dinə, adətə (şəriətə) mənsub olanlara millət deyilir. Aydındır ki, məzmun etibarilə "millət" "ümmət" anlayışına uyğun gəlir. Məlumdur ki, hələ İslamdan çox-çox əvvəl Məkkə şəhəri həm ticarət, həm də dini mərkəz idi. Karvan yollarının kəsişməsində yerləşən bu bazar-şəhər dünyanın dörd bir yanından gələn informasiyalardan xəbərdar olurdu. Cahiliyyə dövrü kimi xarakterizə edilən İslamdan əvvəlki dövrün poeziya nümunələrindən də öyrənə bilirik ki, ərəblər o dövrdə xristianlığı, iudaizmi, atəşpərəstliyi tanıyırdılar. O dövrdə Məkkədə savadlı olmaq üçün təbii ki, öz məzunlarına diplom və ya şəhadətnamə kimi bir şey verən, sistemli tədrisatla məşğul olan xüsusi məktəblər yox idi, amma əvəzində karvansaralarda gecədən sübhədək danışılan nağıllar, rəvayətlər vardı, şeir məclisləri vardı, "informasiya daşıyıcısı" rolunu oynayan tacirlərin nəql etdikləri sərgüzəştlər vardı və nəhayət müxtəlif dinlərə inanan insanların söhbətləri vardı. O dövrün savadlısı belə məclislərin dinləyicisinə, oralarda danışılanların bilicisinə deyilirdi. Ona görə də, "Muhamməd peyğəmbər savadsız olub" fikri korrekt deyildir. Əgər savadlı olmaqdan yazı yazmaq və oxumaq nəzərdə tutulursa, hə, ola bilsin ki, peyğəmbər bunu bacarmayıb. Ancaq o da nəzərə alınmalıdır ki, yazı ərəblərdə ta qədimdən bəri mövcud olsa da (bunu tək-tək adamlar bacarırdı), bütövlükdə yazı mədəniyyəti onlarda VIII əsrdən başlanır. Mənə Muhamməd peyğəmbərin yazı-pozu işini bilməməsi də inandırıcı görünmür. Çünki xatırlayaq ki, Xədicə öz ticarətinin bütün idarəsini və hesabdarlığını 20-25 yaşlarında gənc Muhammədə, gələcəyin peyğəmbərinə tapşırmışdı. Ərəblər Məkkəyə təkcə ticarət üçün yox, həm də ziyarət üçün gəlirdilər, Kəbənin ziyarəti üçün. (Yeri gəlmişkən "həm ziyarət, həm ticarət"in, ümumiyyətlə müqəddəsliklə alverin eyni beşikdə böyüməsi İslamın sonrakı inkişafında təsiredici rol oynadı). Ərəblər Məkkəyə Həcc ziyarəti üçün gəlirdilər. Hələ İslamdan əvvəl! Ərəblərin bu adəti sonra dinlərində də öz sabit yerini tutdu. İslamın arabizm olduğunu Quranın ərəb həyat tərzindən doğulduğuna dair faktlar sübut edir. O dövrdə ərəblər qəbilələr halında birləşmişdilər. Hər qəbilənin öz bütü, öz ləhcəsi, mənafeyi vardı. Aralarında tez-tez müharibələr, o cümlədən qan və qisas davaları olurdu. Bir qəbilə üzvünün öldürülməsinə cavab kimi, qatili öldürmək, ya ölənin qohumlarının, ya da ölənin qəbilə üzvlərinin şərəf vəzifəsi sayılırdı. Dişə-diş, qana-qan intiqam üsulu eynilə Qurana da keçmiş, saxlanmışdır. Oxuyaq. Bəqərə surəsi, 178-ci ayə: "Ey iman edənlər. Öldürənlərin qisasını almaq vacib hesab edildi. Azad şəxsə azad, köləyə kölə, qadına qadın…" Sonra. Məlumdur ki, İslamdan qabaq ərəblər bütpərəst idilər və onların dini təsəvvürlərində cin, şeytan, pəri kimi vahiməli, qorxulu obrazlar mövcud idi. Bu obrazların funksiyası qorxutmaq idi. Qorxudaraq çəkindirmək isə Quranın işlək üsullarından biridir. Eş-Şura surəsinin 7-ci ayəsində Muhamməd peyğəmbərin vəzifəsi Məkkədə və ətrafında yaşayanları qiyamət gününün dəhşəti ilə qorxutmaq kimi müəyyənləşdirilmişdir. Başqa bir məsələ. "Ərəb" səhra adamı deməkdir. Səhra küləyi və qızmar isti üzündən onların gözləri iri, rəngləri ağ olmurdu. Hələ cahiliyyə dövrünə aid şeirlərdə qadın gözəlliyi irigözlülük və ağüzlülük ilə vəsf edilirdi. Çünki belələri az-az tapılırdı. İndi Quranda oxuyuruq: Saffat surəsi, 48 və 49-cu ayələr: (Cənnətdə möminlərin) "Yanlarında gözəl baxışlarını ancaq onlara zilləmiş iri gözlü hurilər vardır. Onlar gün dəyməmiş yumurta kimi ağappaqdırlar". Bundan əlavə, məlumdur ki, ərəblər daim su qıtlığı və sərinlik həsrəti çəkmişlər. Quranda isə ərəb təkcə qorxudulmur, eyni zamanda onun ən həsrətli arzularına xitab edilir. Oxuyaq. Fəcr surəsi, 12-16-cı ayələr: "Orada (cənnətdə) daimi axan bulaqlar, taxtlar, düzülmüş qədəhlər, yasdıqlar, sərilmiş xalılar var". Daha başqa bir xüsus. Ərəblər ildə bir dəfə Məkkəyə Həcc ziyarətinə gələndə, tikiş vurulmadan, yundan hazırlanmış paltarları geyəndə və bir də Həccdən qayıdanda evlərinə qapılarından yox, evin arxasında sırf bu məqsədlə açılmış xüsusi oyuqdan sürünə-sürünə evə daxil olmağın onlara uğur gətirəcəklərinə inanırdılar. Necə ki, bizim Novruzda od qalayıb, üstündən hoppanmağımız kimi. Bu adəti ləğv etmək üçün Allah Muhamməd vasitəsilə ərəblərə ayə göndərir (hə, məhz ərəblərə!). Oxuyaq. Bəqərə surəsi, 189-cu ayə: "…yaxşı hərəkət evinizə arxasından daxil olmaq deyildir… Evinizə qapısından girin, Allahdan qorxun, inşaallah, nicat taparsınız". İndi mən XXI əsr azərbaycanlısından soruşuram, vicdanınızla deyin, "evinizə arxadan deyil, qapısından daxil olun" əmrinin sizə nə dəxli var? Bəyəm bu, bizim mədəniyyətin tarixidir? Bizim Novruzda yumurta döyüşdürməyimizin ərəbə dəxli var məgər? İslamda əsbabı-nüzul, Quran ayələrinin gəlmə səbəbləri deyilən bir anlayış var. Yəni hər bir ayə o dövrün şərtləri üçün, sırf ərəblərə hesablanmışdır. Mənim zənnimcə, Muhamməd peyğəmbər də bu iddiada olmuşdur. Lakin sonrakı vəziyyət, siyasi İslam onun əsil missiyasını genişləndirərək, zədələdi. Məsələn, məlumdur ki, Muhamməd peyğəmbər Quranda "xətmül-ənbiya" kimi xarakterizə edilir. "Xətm" ərəb dilində həm təsdiqləyici möhür, həm də son mənası daşıyırdı. "Ənbiya" isə nəbilər, yəni peyğəmbərlər deməkdir. "Xətmül-ənbiya"nı iki cür anlamaq olardı: 1. Muhamməd peyğəmbər özündən əvvəlki bütün semit peyğəmbərlər silsiləsinin təsdiqləyici möhürüdür və yaxud da, 2. O, sonuncu peyğəmbərdir. Sonrakılar ikinci mənanı qabartdılar. (Hansı din öz peyğəmbərinə sadiq qalıb ki?) Çünki Muhamməd peyğəmbərin ölümündən sonra, qəbilələrarası siyasi-ideoloji konfliktlər, mərkəzi hakimiyyətə tabe olmaq istəməyənlər və ən əsası özünü yeni peyğəmbər elan edənlər ortaya çıxdı. "Xətm" sözünün "son" mənası bu vaxtdan etibarən siyasi İslam tərəfindən vurğulanmağa başladı. Bəlkə də "xətm" sözündə "son" mənası əvvəlcə heç yox idi, sonradan konnotativ məna kimi uyduruldu. Əks təqdirdə belə çıxır ki, özünü peyğəmbər elan edənlər dəli olmuşdular. İslam mədəniyyəti nə "kərtənkələ qızardıb yeyən ərəblər"in (Firdovsi) ibtidai mədəniyyətindən, nə də Qurandan yarandı. Bu mədəniyyət bizim, farsların, yunanların, hindlilərin, misirlilərin, qədim Mesopatomiyanın mədəni abidələri hesabına formalaşdı. İslam dini heç vaxt könül xoşluğuyla ya da daha güclü dəlillərin təbii qalibiyyətiylə yayılmamışdır. O, həmişə əvvəlcə işğal etmiş, sonra siyasi hakimiyyət qurmuş, ardından da cizyə kimi təzyiqlər vasitəsilə bərqərar olmuşdur. İslamın qılıncla yeridilməsi Muhamməd peyğəmbərin ölümündən sonra daha geniş vüsət aldı. Heç kimə sirr deyil ki, Muhamməd peyğəmbər tarixdə qılınc tutmuş yeganə peyğəmbərdir. Hələ Muhamməd peyğəmbərin sağlığında İslamın qəbul etdirilməsinə dair maraqlı bir fakt. Çox hörmətli professorumuz hacı V. Məmmədəliyev yazır ki, 630-cu ildə Həvazin qəbilələrinin 20 minlik ordusu Muhamməd peyğəmbərin 12 minlik ordusu ilə döyüşdə məğlub olduqdan sonra, Həvazin qəbilələrinin komandanı Malik bin Ovf əsir düşmüş arvadını və uşaqlarını xilas etmək üçün İslamı qəbul etdi… Ərəblər VII əsrdə Ərəbistandan çıxaraq, İraq, Suriya, Fələstin, Misir, İran və daha sonra şimali Afrikanı işğal etdilər. Yerli xalqlarla qarışıb onları ərəbləşdirdilər. Yerli xalqların dilləri ərəbləşdi. Bundan sonra İraq, Suriya, Fələstin, Misir, Liviya, Tunis, Əlcəzair və Fars xalqları ərəb oldular. Əməvi hökmdarı Əbdülməlik zamanında İslam imperiyasında ərəb dili rəsmi dil elan edildi. Ələ keçirilmiş ölkələrin xalqları İslamı qəbul etmək və ərəb dilini öyrənmək məcburiyyətində qaldılar. O vaxtlardan etibarən dilimiz arabizmlərlə doldu, fenotipimiz (görünüşümüz) ərəb sayaq oldu. Sonda, Hadid surəsi, 19-cu ayəyə diqqət yetirək: "İnkar edərək, ayələrimizi yalan hesab edənlərə gəldikdə, onlar da cəhənnəm əhlinə daxildir". Söyləyin mənə, xahiş edirəm, bu qədər qəzəbli və qorxulu olmayın, yəhudilərin dini xaric, hansı dini kitabda belə bir hədələmə qeydə alınıb, xristianlıqdamı, atəşpərəstlikdəmi, buddhizmdəmi, daoizmdəmi, hinduizmdəmi? Özünün müzakirəyə çıxarılmasına bu şəkildə veto qoyan dünyagörüşü sivil birgəyaşayış üçün təhlükəli deyilmi?

Mən ikinci olmaq istəyirəm


Mən öz ikinciliyimi elan edirəm. Mənim birinciliyim ikinciliyi könüllü olaraq seçməyimdədir. Mən birinci ikinciyəm. İkinciliyi seçməklə mən mübarizəsizliyimi elan edirəm. Mən öz qələbəmi belə qazanıram, özümü əsas yerə rəqib saymadan. Məndən birinci olmaq istəyənə, birinci elə mən özüm qalxıb, istədiyi yeri ona verirəm. Budur mənim ikinciliyim. Mən özümə birinci olmaq arzusunu yaraşdırmıram. Birinci olmaq ehtirası tərbiyəsizlik və primitivlik kimi gəlir mənə, utanıram birinci olmaq arzusundan. Hamının mübariz, qələbəyə ruhlanmış, iradəli, aktiv və maskulyin olmaq istədiyi vaxtda və yerdə mən geri çəkilən, passiv və feminin olmağa qərar verirəm. Axırda kimin birinci olacağı nigarançılığı əksəriyyətin daxilində ən əvvəldə dayanır. Bu nigarançılıq onların neçə-neçə gözəl imkanlarını və dostluqlarını məhv edir. Mən birinciliyi sevmirəm. Çünki mən "Bir"i sevmirəm. Axı "Bir" özündən başqa heç nəyə yaşamaq hüququ vermir. O, bizi saymır. İnsan da Bir olar?! Bir olar Allah. Birincilik arzusunun kütləviləşdiyi, bayağılaşdığı, şitləşdiyi bir dövrdə və yerdə mən belə bir ötüşməyə qoşula bilməzdim. Bu da mənim qürurumdur. Hə, mən heç kimlə yarışmıram. Ancaq birincilərin sayıldığı bir dövrdə və yerdə mən özümü ikinci sayıram. Qoy yalnız birinciləri saya salanlar məni saymasınlar. Hamının ancaq birə qədər saymağı bildiyi və yek (bir) olmaq istədiyi vaxtda mən ikini təsdiqləyir, ikinciliyi öz boynuma götürürəm. Birinciliyə namizədlərin sayını bir nəfər azaltmış oluram. Şaquli hierarxiyada hamı birinci ola bilməyəcəyini başa düşüb, üfüqi müstəvidə hərə bir küncə çəkilib, özünü o küncün yiyəsi - birincisi edir. "Öz əlim, öz başım", bu sözü gündə on dəfə eşidirik. İkinciliyi seçməklə və elan etməklə, mən heç bir ikinci dərəcəli keçmişimə və gələcəyimə məhkumiyyətimi ifadə etmirəm. Bununla mən heç kimə və heç bir məğlubiyyətimi də boynuma almış olmuram. Əksinə, birinci olmaq istəyənlərin ortasında ikinciliyi seçə bilməyi qələbə sayıram. Mən bununla çoxlu paxıllara da sakitlik bəxş etmiş oluram. Onların hədər yanğınını söndürürəm, özümə çoxlu dostlar qazanıram: "Siz Allah mən sarıdan gərginlik keçirtməyin, özünüzü həlak etməyin, mən birinci olmaq istəmirəm, biz eyni sıraya, eyni yerə can atmırıq". Mənim birinciliyim birinci ikinci olmağımdır, ikinciliyi birinci mənim seçməyimdir, özü də könül xoşluğuyla. Amma ikinciliyimin birinciliyinə paxıllığı tutanlar ola bilər. Düzü, bilmirəm onlara nə yazım. Amma o boyda real birinciliyi qoyub mənim ikinciliyimə susayanların ola biləcəyi çox da inandırıcı görünmür. Digər tərəfdən, ikinciliyi seçməklə məqsədim,üçüncünü, dördüncünü... qabaqlamaq deyil. Burada prinsipial məsələ kimin birinci olacağı və olmaq istədiyidir. O, mən deyiləm. Ancaq mən bircə dənə ikinci olmağı da istəməzdim. Bu, təvazökarlıqdan deyil. Təvazökarlığı heç vaxt sevməmişəm. Təvazökarlıq etmək istəsəydim, özümü yetim sonuncu elan edib, vəziyyəti sentimentallaşdırardım. Mən sonuncu deyiləm. Daraşan, bir də yapışan canlılardan zəhləm gedir, iyrənirəm. Ona görə də xarakterimdə kütləvilik və qırsaqqızlıq yoxdur. (Adətən kütləvi birliyə millilik, yapışqan qırsaqqızlığa mübarizlik deyirlər). Bu da mənim fərdiyyətimdir: ikinciliyi seçmək.

Yeni Dəyərlər Elitası


Ölkəmizdə dəyər dəyişikliyi gedir, ənənəvi dəyərlər böhran keçirir. Dəyərli sayılanlar dəyərini itirir, dəyərsiz sayılanlar dəyər qazanır. Milli-mənəvi dəyərlər adı verilən dəyərlərin çəkisində, tutduqları mövqedə dəyişikliklər baş verir. Dəyər dəyişikliyi labüddür, bu proses tarixin gedişinə, zamanın təbiətinə xasdır. Bizim dəyər dəyişikliyimizin kökündə Qərb yönümlü akkulturasiya prosesi dayanır. "Akkulturasiya" dedikdə, bir kulturun ondan fərqli kulturla, yəni ona oxşamayan başqa dəyər sistemi ilə təması nəticəsində, ondan aldığı təsirlərlə, ona oxşaması, ona uyğunlaşması başa düşülür. Ölkəmizdə gedən bütün sferalardakı dəyər dəyişikliyi Qərb yönümlü akkulturasiyon prosesdir. Akkulturasiyanın aparıcıları tək-tək şəxslər, qruplar, telekanallar, hakimiyyət və s. ola bilər. Akkulturasiya prosesinin sürəti asılıdır kulturların təmasının və interaksiyasının intensivliyindən. Qapalı, təcrid olunmuş cəmiyyətlərdə bu proses çox ləng gedir. Qədimdə bu prosesin əsas subyektləri tacirlər və səyyahlar olublar. Yeni ideyalar, yeni dünyagörüşləri, yeni normalar, davranış qaydaları, yeni hakimiyyət münasibətləri, yeni institutlar, hətta yeni sözlər də dəyər dəyişikliyinə gətirib çıxara bilər. Mövcud siyasi iqtidar akkulturasiyanı ləngidir, dəyər dəyişikliyinə çalışmır: Qərb universitetləri ilə akademik mübadilə demək olar ki, yoxdur; dövlət universitetlərinə xaricdən professor və müəllim dəvətləri yox səviyyəsindədir, yeni dəyərlər gətirmiş məşhur əsərlərin tərcüməsi həyata keçirilmir, dövlət hesabına xaricə oxumağa çox-çox az tələbə göndərilir, kompyuter və internet xidməti kifayət qədər bahadır, xarici telekanallar hamının üzünə açıq deyil, yerli telekanallarda göstərilən filmlər və hazırlanan proqramların əksəriyyəti konservativ xarakter daşıyır, ölkəyə xarici jurnallar demək olar ki, gəlmir, turizm yoxdur və s. Simptomatik yanaşsaq, deməli, siyasi hakimiyyət cəmiyyətin Qərb dəyərləri istiqamətində akkulturasiyasını istəmir. Akkulturasiyanı assimilyasiya kimi başa düşməməliyik. Assimilyasiya özünə oxşatma deməkdir. Bir də ki, biz onsuz da hamıya oxşayırıq, özümüzdən başqa. O xalqlar anti-qlobalist olsunlar ki, onlar özlərini itirməkdən qorxurlar. Biz isə özümüzü hələ yaratmağa çalışırıq, biz ki, hələ yoxuq. Biz nədən qorxmalıyıq? Bizi yəhudi-zadla müqayisə edirlər. Sadəcə bir fakt: yəhudilər öz milli varlıqlarını, fərdiliklərini qorumaq, hamıdan təcrid etmək üçün e.ə.621-ci ildə (!) özlərinin Yahve (Yəhva) tərəfindən seçilmiş olduqlarına inanaraq, qərar verdilər: 1. Yəhvadan başqa heç bir Allaha sitayiş etməmək!, 2. Başqalarının allahlarına qulluq və pərəstiş etməmək! Azərbaycanlı isə belə deyir: "Elə et ki, Allaha da xoş getsin, Tanrıya da". Aydındır da məsələ, dostlar. Ona görə də bizimki qabaqdadır - dəyişməkdə, yeniləşməkdə, başqalaşmaqda. Bəlkə dirildik deyə. Cəmiyyətdə müəyyən sahədə dəyər dəyişikliklərini şüurlu surətdə öz qarşısına məqsəd kimi qoymuş strukturlar mövcud olur, olmalıdır. Baxmayaraq ki, dəyər dəyişikliyi qarşısıalınmaz təbii prosesdir. Xalqın instinktiv-bişüur icra etdiyi davranışların dəyərini sorğu-sual edən, köhnə dəyərləri yenidən nəzərdən keçirən, yeni dəyərlər gətirən, yeni dəyərləri yayğınlaşdıran və yerləşdirən, bunlara qadir olan qruplara sosiologiyada "dəyər elitaları" adı verilir. Azad, açıq, plüralist cəmiyyətlərdə fərqli dəyər sistemlərini təmsil edən irili-xırdalı dəyər elitaları çox olur. Hərçənd onların nüfuz və təsir dairələri eyni olmur. "Alma" yeni bir dəyər elitasıdır. Vaxtilə siyasi müxalifət yeni siyasi dəyərlər elitası idi. Sonra bu statusunu o, ondan güclü olan iqtidarla bölüşdü və köhnəldi. Ədəbiyyatda indi "Alatoran"çılar yeni ədəbi dəyərlər elitası kimi çıxış edirlər. Milli-mənəvi dəyərlərə qarşı isə bir dəyər elitası var: o bizik! Biz - bir qrup intellektual ən köklü dəyər dəyişikliyinə girişmiş yeni dəyərlər elitasıyıq.

Boşluğun Doluluğu


Bütün anladıqlarımızın, bütün dəyərimizin, hər şeyin gözümüzdən düşdüyü vaxtlar olur. Gözümüzün sürüşkən olduğu vaxtlar. Çox sıxıntılı, spazma keçirdiyimiz günlər. Ruhumuz dara düşür. Siqaretlə keçmir, içki ilə ötmür, televiziya, internet köməyə gəlmir. Əlimiz heç bir kitaba uzanmır. Bilmirik hara qaçaq bu darlıqdan. Mən tələbə olanda, belə vaxtlarımda özümə məktub yazıb yollardım. Bir iki gün sonra mənə məktub "gələrdi". Sınamışam, belə vaxtlarda ən yaxşısı saatlarla yatmaqdı. (Hər halda bu, illərlə, bəzən əsrlərlə yatmaqdan yaxşıdı). Biz danışanlar, biz yazanlar, biz gopa basanlar hələ ən dərin qatlara enə bilməmişik. Çünki hələ yaza bilirik, danışa bilirik, katafaziyaya uğramamışıq. Gərək öz sükunətinə əvvəlcə kontekst hazırlayasan sözlərlə. Qədim mütəfəkkirlər hər şeyi hamıya deməzlərmiş, hamıya hər şeyi deməzlərmiş. Hamıya açıq eksoterik dərslərdə bəzilərini seçib, qapalı esoterik dərslərinə çağırarlarmış. Bizim sütun yazılarımız bu sayaq bir az da anonim məktublara bənzəyir. Adama rahatlıq verir də, vermir də. Amma Hegel deyib: "Elə bir şey yoxdur ki, varlıq ilə yoxluq arasında olmasın". Birdən dostlar düşür yada. Birdən də elə dostlar çıxır yaddan. Nədənsə, indi R.Qaracanın şeiri düşdü yadıma: "Hər gün bir yarpaq düşür ömürdən, bəzən də ikisi". Gərək gec kəşf edəsən ölümü, intiharı, qocalığı, xəstəliyi, tənhalığı, zəifliyi, səhvi… Xoşbəxt olmaq üçün. Hamıdan biri olmaq üçün. Kimə lazımam? Nəyə lazımam? Niyə də lazım olmalıyam axı? Adamın öz-özünə istehza elədiyi vaxtlar olur. Bu dəqiqə o qədər bədbinəm ki, hamını bağışlayıram. Biz vətənsizlər! Biz sürgündəkilər! Mübarizə də həyatı mənalandırma formalarından, özündən qaçış yollarından biridir. Xoşbəxtliyin zirvəsində, sürəkli alqışın ən gur yerində intihar dəcəlliyi. C.Londonun Martin İdeni kimi. Adam əvvəl lovğalanır ki, bunu bircə mən bilirəm. Sonra lovğalanır ki, bunu bircə mən anlayıram. Daha sonra lap lovğalanır ki, bunu mən demişəm, mən yaratmışam, mən yazmışam. Axırda şöhrətpərəstlik uşaqlığı keçib gedir, adama tənhalıq qalır. Sən demə, ətrafımızdakıları qırırmışıq. Heç kimə deyə bilmədikləriniz qədər yalnızsınız. Sevgili filosof dostum Alov bu yarımçıq fikirlərimin əlyazmasına belə bir "opponent rəyi" yazıb: "Bədbinlik ən böyük xudbinlikdir. Bədbinlik ən böyük sevgisizlikdir. Bədbinlikdə əvvəl yaddaş korlanır; gözəl günlər, sevdiyin insanlar, xatirəyə dönmüş xoş duyğular unudulur. Bədbinlikdə dünya qalın pərdə arxasından görünür; dünyanın al-əlvanlığı itir, dünya bozarır. Bədbinliyin tənhalığı insanı azadlıqdan məhrum edir; insan özünə pərçimlənir. Bədbinlikdə insan dünya boyda nəhayətsiz olmur, zindan boyda dar olur. Bədbinlikdə insanın varlığı insanın darlığında boğulur; gen dünya ona görə adama dar gəlir. Bədbinlikdə insan öz həcmi qədər yer tutur, amma dünyanı günahlandırır: "yalandır, kim deyir dünya böyükdür". Daralmış, xırdalmış insanda heç kəsə yer qalmır, özündən başqa. Azadlığın ölçüsü sevginin ölçüsünə uyğundur. Ancaq sevən insan azaddır. Ancaq azad insan sevə bilir. Ancaq azadlıqda başqaları görünür. Ancaq sevəndə başqaları mövcud olur. Bədbinlik insanı özünə həbs edir. Həbsxanada azadlığa və sevgiyə yer yoxdur. Sənə azadlıq arzulayıram". Deyirəm, dünyanın işinə bax, mənə də azadlıq arzulayırlar…


Biz Allaha İnanırıqmı?

Bu yaxınlarda yaxın dostların birindən belə bir mesaj aldım: "Həyatda ən çox qorxduğum şey şərdi. Sən ağıllı adamsan. Sənə şər atsaydılar, öz günahsızlığını necə sübut edib, vəziyyətdən qalib çıxardın?" Sabah dostuma mesaj yazıb bildirəcəyəm ki, cavabımı Almanın bu sayında oxusun. Zarathustra (Zoroaster) deyirdi ki, insan bir-birilə mübarizə aparan xeyir qüvvə ilə şər qüvvənin ortasında dayanıb, seçim etməyə məhkumdur. O, hansı cəbhəyə keçirsə, həmin cəbhəni gücləndirir və həmin tərəfi qələbəyə bir addım da yaxınlaşdırır. Zarathustranın ilahilik ilə insanilik arasında qurduğu bu əlaqə insaniliyi ilahilikdən asılı vəziyyətə gətirən sonrakı semit dinlərdən (iudaizm, xristianlıq və islamdan) daha insanidir. Belə ki, Zarathustraya görə, ilahiliyin aqibəti insanilikdən asılıdır, əksinə yox! Xeyir-şər mübarizəsinin nəticəsi insandan asılıdır. Göy Yerdən asılıdır. Allah insandan asılıdır! Başqa sözlə, o yerdə ki, şər qalibdir, deməli, orada daxilən və xaricən şəri seçmiş insanlar çoxluqdadır və əksinə. Sonrakı dinlərin dediyinin əksinə, insan heç də Allahın əmrlərindən çıxdığına görə, onun qəzəbinə tuş gəlmir, sadəcə olaraq, səhv seçim edir və nəticədə pis vəziyyətə düşür. O ki, qaldı bizim nağıllarımıza da düşən xeyrin şər üzərində labüd qələbəsinə, bu, Zarathustranın optimizmindən, arzusundan başqa bir şey deyil. Bu, sonrakı semit dinlərin deformativ təfsiri də ola bilər. Sonrakı dinlər vurğunu Allah üzərinə qoydular və bizim insanımıza da "Allahın işinə qarışmaq olmaz", "şeytan gec-tez məğlub olacaq" kimi arxayınçılıqlar verdilər. Nitsşe "Belə dedi Zarathustra" əsərində Allahın öldüyünü xəbər verəndən sonra əlavə edir: "Onu biz öldürdük". Allah ona görə öldü ki, biz onu seçmədik. Allah ona görə öldü ki, biz şərin tərəfinə keçdik. İndi həyatımızda ən çox qorxulan şeyin böhtan və iftira biçimində şər olması sadə məsələ deyil. "Ləkəni at, yapışmasa da izi qalacaq". Görəsən, bu fikir nə vaxt deyilib. Mənim üçün maraqlıdır ki, şər nə vaxtdan böhtan və iftira mənası qazanıb. Belə çıxır ki, böhtan və iftira şər qədər məğlubedilməzdir? Bizdə deyərlər: "Piləsən yıxılar". Mənim açımım belədir: yəni şər atsan, məhv olar. Şər sözdür. Söz isə üfürməkdir, piləməkdir. Türk şairi C.S.Tarançının misravari belə bir ifadəsi var: "bir sıxımlıq canımız". İndi isə belə demək lazımdır: "bir üfürümlük (şərlik) canımız". Görəsən, şəri üstümüzdən silmək niyə belə qeyri-mümkünə çevrilib. Bu ki, Yerin məhkəməsi deyil ki, ədalətinə güvənməyəsən. Mənə maraqlı olan odur ki, biz Göydən niyə daha arxayın deyilik. Bizdə böhtanlanmış, adına söz çıxarılmış qızlar həmişə məhv olublar. Ölkəmizdə getdikcə artan qısqanclıq qətllərinin rəsmi statistikası belə son dərəcə yüksəkdir. "Ana-bacı söyüşü" üstündə adam öldürə bilənlərimiz gündən-günə artır. Şərin yıxa bilmədiyi heç bir xeyir, amma andın yuya bildiyi heç bir şər yoxdursa, deməli, Allah çoxdan ölüb, "xəbərimiz yox". Söyüşə inanan, tövbəyə inana bilməz. Böhtana inanan, anda inana bilməz. Şərə inanan, Allaha inana bilməz! Dünənə qədər düşünmək olardı ki, bizdə şər maskulyindir, çünki "o söz" damğası ilə şərdən ən çox qızlar, qadınlar əziyyət çəkirdilər. Amma indi kişilər də "mavi" şərindən xof içindədirlər. Nəzərə alsaq ki, bizdə cinsi məsələlər ən tabu mövzudur və indi hətta kişilər də bu mövzuda səksəkədədirlərsə, deməli, xeyir dibə vurub. Şər qorxusu tənhalıq qorxusudur. Yalnız tənhalıqdan qorxmayanlar şərdən qorxmurlar. Güclülər təklənəndə daha da güclənirlər. Zəiflər güclənmək üçün birləşirlər. Şərin ziddi kimi Allah daha yoxdur. Amma əvəzində din var. Allahsız din. Allah ən birinci elə dinin öz içində ölür, din yarananda. Allahın ilk qatilləri də din qurucuları olur, məsələn, İsa Məsihin Allahını öldürən, xristianlığın qurucusu St. Paul kimi.

Azərbaycanlılar və Muğam

Ölürəm, ölürəm, ölürəm…
Qarabağ şikəstəsi üstə Azərbaycanlıların əksəriyyəti buna inanır ki, biz tarixin məsum təsadüfləri nəticəsində bu günə qalmışıq və kor talenin qurbanlarıyıq. Qısası, biz inanırıq ki, bizə ədalətsizlik edilib. Nənələrimiz demişkən, "dad fələk əlindən". Hadisələrə qismətlə, yaxud da Allahın öz kefinə görə ixtiyari seçimlərilə izah vermək çox ibtidai təsəvvürdür və bu, onu göstərir ki, bizdə ictimai şüur hələ də mifdən (müthosdan) məntiqə (loqosa) keçid etməyib. Biz hələ də deyirik: "Allah özü bilən məsləhətdir", O, qoysa olacaq, qoymasa yox. Bu xalq "Səbəbkar özgəsidir" (filan düşməndir) deyənlərini həmişə qəhrəman hesab edib. "Günah özümüzdədir" (filan cəhətimizdə) deyənlərini isə xəyanətkar. Bu gün dəllallar və sadəlövhlər ermənidən bütün problemlərimizin qıraqdakı səbəbkarı obrazını yaradırlar. Babəki də erməni satıb, Demokratik Cumhuriyyətimizin süqutunda da onların barmağı var. Müşfiqi də onlar güllələtdirib və s. Biz heç nədə və heç vaxt səbəbkar deyilik və olmamışıq, həmişə özgəsi, həmişə başqası günahkar olub, məsələn, erməni! Təki nəzəri-diqqətimiz özümüzdən yayınsın. Amma axundzadələr, məmmədquluzadələr, sabirlər belə demirdilər. Onlar deyirdilər ki, ay müsəlmanlar, günah özünüzdədir, səbəb özünüzsünüz. Ancaq şəxs kimi, konkret heç kim səbəbkar deyil! Elə tragizm də ondadır ki, ortada günah var, amma konkret günahkar yoxdur. Günah dünyagörüşümüzdədir, mentalitetimizdədir, ənənəmizdədir, dinimizdədir, xasiyyətimizdədir, cəhalətimizdədir, dəyərlərimizdədir! Cahil xalqın səhv hədəfə vurmağından xeyir götürənlər və daxilən dəyişməyimizi istəməyənlər "Ermənidir!", "Özgəsinin dəyirmanına su tökür!" damğalarıyla çoxumuzu elə cahil xalqın öz əli ilə, ya da adı ilə məhv edəcəklər. Necə ola bilər ki, şanlı tariximiz, böyük mədəniyyətimiz, kamil dinimiz, zəngin dilimiz, ecazkar muğam musiqimiz var, amma özümüz üfunət iyi veririk. Kütləvi epidemiyalarda az sayda sağlamlar norma kimi götürülür, belə hallarda kütləvilik normallıq sayıla bilməz. Ona görə də, biz azlar haqlıyıq. Epidemiya ocaqlarımızdan biri muğamdır. Muğam geniş anlayışdır, ərəblərdə makam, farslarda dəstgah, taciklərdə makom, türkmənlərdə mukam və s. Mən muğam deyəndə, Azərbaycan muğam məktəbini, muğamın Azərbaycan variantını nəzərdə tuturam. Hələ 2001-ci ildə çox hörmətli filosofumuz N.Mehdi "Çətin və dolaşıq durumların kulturolojisi" əsərində muğamı (Azərbaycan muğamını), cəmisi iki səhifə həcmində də olsa, dahiyanə şəkildə şiə ruhu ilə əlaqələndirib, muğamın "nalə psixologiyası"nı şiə şikəstliyi ilə izah edib. Söhbət muğamın fəlsəfəsindən, estetikasından gedir, getməlidir, onun ayrı-ayrı ifaçılarının şəxsiyyətindən yox. Bu nə müzakirədir ki, muğam özü yaxşıdır, ifaçılar onu gözdən salıblar. Ən ləyaqətli xanəndələrimizdən biri Q.Rüstəmovdursa, onun ifası fəryaddan, yəni tipik muğam əməlindən başqa nədir? Muğam ellikcə qəmə batmağın təsəllisidir. Muğam həmdərdlərin məlul-məlul, çiyin-çiyinə dayanmasından aldıqları həzzdir. Muğam nakamların "elnən gələn dərd toy-bayram olar" inancıdır. Mən muğamdan artistik atmosferdə alınan estetik həzz zad yox, patoloji zarıltı və inilti duyuram. Siz hüzr yerlərində mərsiyəxanlar (pulla tutulan adamağladanlar) oxuyanda camaatın üzünə, halına fikir verin, bir də onlar muğam dinləyəndə. Zərrə qədər fərq yoxdur. Əziz muğamsevərlər! Muğam dinləyəndə nə yadınıza düşür? Qocalmış, ya da artıq vəfat etmiş valideynləriniz? Çox erkən itirdiyiniz əzizləriniz? Qovuşa bilmədiyiniz nakam eşqləriniz? Peşmançılıq duyğularınız? Nisgilləriniz? Onda gedin, psixopatologiya kitablarını vərəqləyin, görəcəksiniz ki, bunlar hamısı psixoloji defektlərin və travmaların qalıqlarıdır. Ona görə də, muğam heç incəsənət növü belə deyil. Əgər o, orta əsrlərdə formalaşmış sufi musiqisidirsə, onun bu gün dinləyicilərdə yaratdığı psixoloji effekt sufizm fəlsəfəsinə nə dərəcədə uyğundur? Hansı sufi məzlumcasına inilti, miskincəsinə zarıltı yolu ilə Allaha qovuşmaqdan söz açıb? Əgər o, sonralar deformasiya olubsa, onda onun indiki mahiyyəti nədir? Bəlkə o, feodal təfəkkürlü insanın dini ritualının müzikal bir parçası olub? Hə, hörmətli muğamşünaslarımız, nə deyirsiniz?

İnkar həmişə riskdir

Əzizinəm mentalitet...
Bütün tarix boyu (beş-on il istisna) Azərbaycanın yerli ağaları özgə ağalarla əhali arasında vasitəçi rolu oynayıblar. Bizim özündən başlayan, "özündən deyən" öz ağamız (bir-ikisi istisna) heç vaxt olmayıb. Spinozadan (XVII əsrdən) bu yana bilirik ki, azadlıq qanunsuzluq yox, öz qanununa, özünün qoyduğun qanuna boyun əyməkdir. Bizim isə heç vaxt öz qanunumuz olmayıb. Yəni siyasi azadlığımız olmayıb. Bu gün "milli" olmuş mentalitetimiz bir vaxtlar özgəsinin bizə qoyduğu qanun olub. Bizdə bu gün "milli"yə çevrilmiş hər şey özgəsinindir. Biz - özgəsiyik. Azərbaycanlı - özü deyil. Bir vaxtlar Etibar Məmmədovun səsləndirdiyi "milli diktator" konsepsiyası özünü empirik olaraq da doğrultmadı. Bəzən deyirlər: "Bunlar bizi inkar edir!" "Bunlar"ın adından soruşuram: Siz nəyə "biz" deyirsiniz? Sizin nəyiniz özünüzünküdür? Ulu Mirzə Cəlil özü soruşub və özü də cavab verib: "Biz nəyik? …biz heç nəyik". Odur ki, biz sizin …mız (…muz,…müz,…miz) şəkilçinizə mız qoyuruq. Türk şairi A.İlhan demişkən: "Sənin olan heç nə mənim deyil, Mənim olan hər şey səni qorxudur". Almaq, öyrənmək, götürmək özlüyündə pis şeylər deyillər. Bunu bütün xalqlar ediblər. Amma bir şərtlə ki, bunları həzm edəsən, öz içində əridib, özününkü edə biləsən. Azərbaycanlılar isə aldıqlarına bir ştrix də əlavə etməyiblər. Azərbaycanlılar ümumbəşəriliyin Azərbaycan variantını yarada bilməyiblər. Bağışlamırıq! Elə buna görə də, Azərbaycan mədəniyyətinin (mentalitetinin) özgə mədəniyyətlərdə yerləşən köklərini asanlıqla müəyyən etmək olur. Azərbaycanlı izləri itirməyəcək qədər rəiyyət qalmışdır. Azərbaycanlıların indiyədək tarixi-etnik kimlikləri az-çox araşdırılsa da, onların mental-psixoloji kimlikləri heç araşdırılmayıb. Əlbəttə, azərbaycanşünaslığı qəzetlə yaratmaq olmaz. Qəzetçiliyin öz səviyyəsi var. Ancaq məsələ burasındadır ki, bundan sonra "Biz kimik?" sualına daha türkük, nə bilim türkdilliyik, farsdan dönməyik və s. kimi bir cavab bizi razı sala bilməz. Digər tərəfdən, azərbaycanşünaslığı bəh-bəh janrından çıxarmaq lazımdır. Doğrudur, yeri gələndə, həkim, hərbçi, siyasətçi, ideoloq və s. yalan danışa bilər. Amma kimsə də amansızcasına düzünü demək vəzifəsi daşımalıdır axı. Bunu filosoflar, yazıçılar, şairlər, intellektuallar etməlidirlər. Bir də ki, ümumiyyətlə azərbaycan xalqı haqqında bu gün çoxlarının dilinə düşmüş (salınmış) "bəh-bəh"li fikirlər Stalinin göstərişlərindən daha qədimə getmir. Fikir verin, ənənəmiz özünü özüylə necə mühafizə edir. O, belə danışır: "Pah, xoruz yox idi, səhər açılmırdı?"; yaxud da: "Köhnə bazara təzə nırx qoymazlar" (nırx fars dilində dəyər deməkdir). "Qınından çıxıb, qınını bəyənməyən ..!". Yeniliyə rişxənd, ironiya, artıqlıq duyğusu ilə baxır ənənəmiz. Yəqin ki, bir vaxtlar gələcək, Azərbaycanda doğulan körpələrin azərbaycanlı valideynlər tərəfindən tərbiyə edilməsi qadağan ediləcək. Görünür, gənclərimizi iki növə ayırmalıyıq: qoca gənclər və gənc gənclər. Qoca gəncin ancaq yaşı gəncdir. Gənc gəncin isə dünyagörüşü yenidir. "Gənclər ili"ndə bunları ayıraq. Məsələn, muğam oxuyan gənc qoca gəncdir, Nitsşe oxuyan gənc gənc gəncdir. Mənim elə tələbələrim olub (və var) ki, mən onlardan gənc olmuşam. Təsəvvür edin ki, mən onları azadlığa onlar isə məni qandallara dəvət ediblər. Mən onlara cəsarət vermişəm, onlar isə mənə təskinlik. Ona görə də, "Gələcək gənclərindir" şüarı ikibaşlı məna daşıyır. Diqqətli olmalıyıq. Baxmaq lazımdır ki, bunu deyən kimdir. Kədərlənməyək ki, bizdə qoca gənclər də var, əksinə, sevinək ki, bizdə bir-iki baş gənc gənc peyda olub. Sevinək ki, gənc gənclər indi nəinki qocalara (bunlar valideynləri olsa belə), heç qoca gənclərə də inanmaq istəmirlər. Sevinək ki, onlar bir gün ərzində əksər qoca professorumuzdan daha çox mütaliə edirlər. Ümidimiz inkarçı gənc gənclərədir. Necə ki, onların ümidi bizədir - azadlıq müəllimlərinə. İnkarçı gənclik və azadlıq müəllimliyi! Yazıb-yazıb özüm-özümü coşdurdum. Amma unutmayaq: biz risk edirik. Çünki yox olmaq təhlükəsinə girməyən, yox etmək təhlükəsi yarada bilməz.

Din, mentalitet, siyasət: Üçü birində

Bizim millət yox, ümmət olduğumuzu, milli-mənəvi dəyərlərin əslində dini dəyərlər olduğunu, mentalitetimizin dini-idealist səciyyə daşıdığını, "azərbaycanlı" adının "müsəlman"ın dünyəvi qiyafəsi olduğunu və s. mən ötən yazılarımda yazmışam. "Gündəlik Azərbaycan"ın 01.02.07 tarixli sayında çox istedadlı dostumuz Xaqani H. "Dünyəvi dövlət: ikiallahlılıq" adlı yazısında problemin analizinə politoloji istiqamət vermişdir. Bu yazısında hörmətli Xaqani müəllim mənim anladığıma görə, Azərbaycanda mövcud siyasi iqtidarın dinlə birləşdiyini əsaslandırmış, mövcud siyasi rejimin dinlə səssiz, him-cimli, gizli əməkdaşlığını ifşa etmişdir. Hələ Hegel bütün tarixi əxlaqdan dövlətədək gələn yol kimi səciyyələndirmişdi. Bu isə o deməkdir ki, əgər kənardan müdaxilə olmasa, "pre-politik determinant" (H.Markuze) rolu oynayan sosial iqtidar son nəticədə siyasi iqtidara transformasiya olunur. Elə buna görə də, Şərqdə Qərb sayağı hüquqi-rasional əsaslar üzərində dövlət qurmaq, şərqlilərin birgəyaşayışını tənzimləyən ənənəvi əxlaq normalarına və mentalitetinə yad və zidd bir işə girişmək deməkdir. Məncə bu, təzaddır, formulirovkası da belədir: "Ya milli mentalitet, ya da hüquqi münasibətlər" (yaxud da: "Ya milli-mənəvi dəyərlər, ya da sivil cəmiyyətin dəyərləri") Azərbaycanda iki cür siyasi hakimiyyət qurmaq olar: birini sovet rejimindən tanıyırıq: qeyri-milli, anti-mental, dünyəvi rejim. Amma sovet quruluşunda əlavə olaraq, imperialist maraqlar, Böyük Rus müstəmləkəçiliyi, hədəfdən çox yayınmış Stalin repressiyası və s. də olduğuna görə, sovet proyekti elə də uğurlu alınmadı. Amma təxminən eyni məzmunlu Atatürk inqilabları daha uğurlu nəticələr verdi, çünki qeyd etdiyim əlavə məsələlər yox idi. Bizdə qurula biləcək ikinci növ rejim milli-dini rejimdir. Bu modelin ifrat, öz məntiqi sonunadək işlənmiş forması İran rejimidir. Azərbaycanı özbaşına buraxsan, təbii yolla, ən yaxşı halda yarımteokratik rejim qurar. Sadəlövh mentalitetçilərimiz üçün deyirəm: milli-mənəvi dəyərlərimiz, milli mentalitetimiz bu gün siyasi ritorikadır! Bu, tələdir. Muğamata qayıdış, "dinimiz, peyğəmbərimiz" təranələri, müəyyən dozanı keçməyən qarabağçı vətənpərvərlik, Ramil Səfərov hay-həşiri kimi küy-kələklərin və s. qarşısında mövcud siyasi hakimiyyətin dirijor-texnoloqları dayanır. Şəxsən məni bu iqtidarın hakimiyyət naminə milli-dini ənənəviliyi qoruması narahat edir. Hazır elektoratla işləmək konformizmdir, üstəlik təhlükəlidir də, yeni elektorat yaratmaq isə siyasi filosofluq tələb edir. Di gəl ki, müxalifət düşərgəsində də vəziyyət fərqli deyil. Müxalif partiya liderləri də "milli" musiqimiz Yetim Segaha qulaq asıb kövrəlirlərsə, atalar sözlərimizlə fikir yürüdürlərsə, oruc tutub, həccə gedirlərsə, onların hakimiyyətə gəlişilə mahiyyətcə nə dəyişə bilər? Mən arzulayardım ki, siyasi iqtidar bir neçə yüz il yaşı olan, köhnəlmiş "azərbaycanlı" tipini tarixin zibilxanasına atsın və yeni təhsil kurrikulumu ilə yeni insan tipinin yaradılmasına girişsin. Yaxud da müxalifət axundzadələrin, cəlillərin, sabirlərin lənətlərinə etimadla yanaşsın, "milli-mənəvi dəyərlər"ə qarşı inkarçı mövqedən çıxış edərək hakimiyyətə iddialı olsun. Yəqin ki, Demokratik Cümhuriyyətimizin başbilənləri də türkləşmə-müasirləşmə-islamlaşma triadasını necə sintez edəcəklərinə qərar verə bilməmiş, məcbur qalıb, onları yan-yana düzərək, üçrəngli eklektika əldə etmişlər. Atatürk isə bu triadada islamçılığı tamamilə çıxdaş etmiş, türkçülüyü dillə və qürur mənbəyi kimi islamdan əvvəlki türk tarixçiliyi ilə məhdudlaşdırmış, təkcə müasirliyə (qərbçiliyə) ən əsas yeri vermiş, onu təkrəngli oriyentr, kriteri kimi qoymuşdur. Biz isə indiki halda birinci sıraya diniliyi, sonra dini milliliyi və nəhayət müasirliyi qoyuruq. Xoş halımıza ki, müxalifət düşərgəsində bu məsələdə iqtidara müxalif dünyagörüşdə olan heç kim yoxdur. Deməli, hamıdan az, hamıdan yalnız bizik, orda-burda, bir-iki baş inkarçı intellektual. Qalanları azərbaycanlı"lardır. Ölkədə yeni siyasi yön yoxdur. Çünki yeni dünyagörüşü yoxdur?

Kos-kosa, şəqqül-qəmər, yoxsa qül-qülü

Çarəsiz təbəssümlə
Mənşə əsas deməkdir. Biz əsassız xalqıq. Məhvimiz o vaxtdan başladı ki, biz öz mənşəyimizi itirdik. Ən böyük unutqanlıq odur ki, öz mənşəyini unudursan. Aytmatovun manqurtu anasını öldürərkən öz mənşəyini məhv edirdi. Manqurtluq mənşəsizlikdir. Heç bəlkə bizim mənşəyimiz yerli-dibli olmayıb. Bildiyimiz odur ki, biz bu gün mənşəsizik. Qədim Çin poeziyasından təxminən belə bir misra yaddaşımda ilişib qalıb: "Mən geri qayıtmaq istəyirəm, amma yolu itirmişəm". Şəxsən mən mənşəyə qayıdan yol bilmirəm. Bilən desin. Mənşəni yaratmırlar, kəşf edirlər, tapırlar. Bizim indi mənşə yaradan vaxtımız deyil. Gecdən də gecdi. Qədim olmağa qalsa, yerli afrikalılar bütün bəşəriyyətdən daha qədimdirlər. Çünki insan milyon illər bundan qabaq Afrikada yaranıb. Amma onlar bu gün aclıqdan və xəstəlikdən milçəklərini də qova bilmirlər. Biz elə bilirik ki, ağsaqqal kultu xalqlar arasında da olur. Yəni qoca azərbaycanlı cavan azərbaycanlının gözündə necə hörmətə layiqdirsə, sanki qoca xalqlar da ehtirama belə layiq olmalıdırlar. Əslində biz qədim yox, qocalmış, pörsümüş, rahat ölməkdən başqa arzusu qalmamış, yaddaşını itirmiş, xərifləyən, büzük, cırıq-cırıq olmuş bir xalqıq. Görünür, Altsheymer sindromu qoca xalqlara da xasdır. Görəsən, biz yenidən necə doğula bilərik? Yəni haradan? Bizə ikinci ömür bəxş edə bilən alma nağıl yox, gerçək ola bilərmi? Mənşə öz deməkdir. Biz özü olmayan xalqıq. Azərbaycanın özü özgələrdən əmələ gəlmiş konqlomeratdır. İndi hansı özün özgələşməsindən söhbət gedir, mən başa düşmürəm. Farslaşmağımız, ruslaşmağımız, qərbliləşməyimiz - artıq zəruridir. Daim başqası olmaqdan başqa hansı yolumuz qalıb? Hardadır Azərbaycanın özü, hansı abidədə, hansı yazıda, hansı kitabda, hansı simvolda? Ki, ondan bərk-bərk yapışaq və özgələşməyək. Harda axtaraq Azərbaycanı? Həsənoğlunun qül-qülü şeirində, yoxsa avestaşünasların hələ də dekodlaşdırmadıqları avesta dilində yazılmış "Qat"larda? Kosanın torbası yarıyar? Bəlkə Füzulinin adamağladan qəzəllərini oxuyaq? Bəlkə əhli-beytə (Muhammədin arvadlarına) şeir düzən Nəsimiyə müraciət edək? Daha keçib, bəlkə uzaqbaşı Quran oxuyaq? "Şəqqül-qəmər"dən başlasaq olar? Biz özgə yayından çıxmış ox kimiyik. İstəmədiyimiz hədəflərə atılmışıq. Biz azmışıq. Ariadne ipimiz qırılıb. Nitsşe "Antixrist" əsərində yazır ki, bir xalq o vaxt məhv olur ki, o, öz mənşəyindən törəməyən ideala doğru can atır. Özümüzə layiq bilib, sayıb seçdiyimiz düşmənə, antipodumuza baxın: erməni! Bu nə miskin sonluqdu, Tarix, bizə göstərirsən?! Devizimizdən həşəmət yağır: "Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq". Can ey! İçində yaşadığımız və yaşatdığımız ənənə (müasir mentalitetimiz) mənşəyimizdən törəmə deyil, o, bizim mənşədən gəlməmişdir, əksinə, mənşəyimizlə bizim aramıza girərək mənşəyimizlə əlaqəmizi kəsmişdir. İslam bizi mənşəyimizdən ayıran birinci və ən güclü balta zərbəsi idi. Bu əclaf bizi özümüzdən ayırdı. Nə bizə geri qayıtmaq şansı saxladı, nə də bizi biryolluq özünə calaq edə bildi. Renessansımız islamdan əvvələ qayıdışdır! Bəlkə Babək Xürrəmdin? (Bunu pıçıltıynan soruşuram). Yenidən qırmızı bayraq! IX əsrin qisası! Nə deyirsiniz? Hə? Eh, gəlin, bir-birimizin qanını qaraltmayaq. Biz onsuz da itirilmiş nəsillərdən növbətisiyik. "Titanik" sakinləri kimi gəlin, qucaqlaşaq. Çarəsiz təbəssümlə. Ən yaxındakı gəmi biz qərq olandan dörd saat sonra bura çata bilər. Haydegger demişkən, "olmayan Allahın qarşısında qürub edək".

...lıq nədir?


"Konkretə doğru" J. Val , 1932-ci il Bu yazıda qoymaq istədiyim problem ondan ibarətdir ki, müasir azərbaycan dilində …lıq4 (…lık, …luq, … lük) şəkilçisinin yaratdığı abstrakt (ümumi) isimlər necə olur ki, həm də konkret (təkcə) şeylərin adı kimi çıxış edə bilir. Məsələn, "yaxşılıq" bir tərəfdən abstrakt-fəlsəfi ümumi termindir; digər tərəfdən isə konkret birisinin xeyrinə konkret nəsə (yaxşı əməl) etmək deməkdir. Bəs, görəsən, dilimiz nə üçün konkreti ümumi kimi adlandırır. Dilimizdə konkretin ümumi görünüşü sadəcə zahiridirmi? Bunun təfəkkürümüzdəki korrelatı nədir? …lıq şəkilçisi dilimizdə bir neçə funksiyası olan, mənaca bir neçə qrupa bölünən isimlər düzəldən şəkilçidir. Məsələn, ağaclıq, nəmlik, uzunçuluq, gözlük və s. Ancaq məni bu yazıda sözügedən şəkilçinin gözəllik, gerçəklik, yaxşılıq, doğruluq kimi müəyyən bir qrup abstrakt- fəlsəfi terminlər düzəldən funksiyası maraqlandırır. Platondan etibarən belə ümumi terminlər mahiyyəti, ideyanı ifadə edirlər. Məsələn, platonizmə görə, gözəl bir mənzərə, gözəl bir qadın və s. gözəllik mahiyyətinin daşıyıcıları olduqları dərəcədə gözəldirlər. Onları gözəl edən gözəllik adlı ümumilikdir. Xüsusini ümumiyə tabe edən məşhur fəlsəfi idealizm budur. İdealizmdə xüsusinin, təkcənin, konkretin heç bir dəyəri yoxdur. Dil faktlarına müraciət edək. Məsələn, alman dilində Wirkliche (Realnoye) gerçəklik (Wirklichkeit, realnost) kimi yox, "gerçək-bir-şey" və ya "gerçək-olan-konkret-nəsə" və yaxud da "Gerçək" kimi tərcümə olunmalıdır. Gəlin, bu cümləyə fikir verək: "Azərbaycan xalqının tarixi qəhrəmanlıqla doludur". Qəhrəmanlıq ümumi isim olub, mahiyyəti, ideyanı ifadə edir. Bu cümlədən belə çıxır ki, azərbaycan xalqının tarixi qəhrəmanlıq ideyası ilə, yəni qəhrəmanlıq hadisələrinin mahiyyəti ilə doludur. Əslində belə deyilməli idi, təxminən: "Azərbaycan xalqının tarixi qəhrəmancasına hadisələrlə və yaxud da qəhrəmanlıq hadisələri ilə doludur". Çünki res qestae kimi tarixi keçmişdə mahiyyət, ideya ola bilməz, yalnız hadisə ola bilər. 1."Gənc olanların hamısı" ilə, 2. "gənc-lik ideyası"nı və 3. "gənc-bir-şəxs"i eyni sözlə, "gənclik" ilə, yəni abstrakt-ümumi terminlə ifadə edəndə, olan konkretə, gənc-bir-şəxsə olur. Konkreti ümumi kimi çağırmaqla biz konkreti ümuminin daşıyıcısı hesab edir, konkretdə ümumini görmüş oluruq. Bu halda bizim üçün konkretdə mövcud olan şey onun ümumiliyi olur. Konkretin "bu"luğu, "buradalığ"ı, cismaniliyindən irəli gələn hansısa situasiyaya anqaje (Engagement) olmuş olması, yəni onun özünəməxsusluğu, əvəzedilməzliyi, təkcəliyi, xüsusiliyi, sui generis olması idealizmdə maraqlı olmur. Maraqlı olan o olur ki, bütün bunların əsasında dayanan, əzəli, əbədi ümumi cəhət nədir? Tipik idealist yanaşma! Lakin ümumi terminlər yalnız …lıq ilə yaranmır. "İnsan" kimi ümumiləşmiş terminlər də var. Təsadüfi deyil ki, konkretçi eksistensialistlər "insan" əvəzinə "mən", "şəxs" (A.Kamyu), "ətdən və sümükdən insan" (M.d.Unamuno) kimi adlardan istifadə edirdilər. Beləliklə, idealist-totalitar təfəkkürün boyunduruğundan çıxa bilmək üçün biz normativ dildən kənara çıxmalardan qorxmamalıyıq. Qeyd: Hörmətli dostlar! "Alma" qəzetində çap olunmuş bir neçə dəyərli yazım bir müddət idi ki, qəzetin sitəsində "Yazar arxivi"mə daxil edilməmişdi. Xəbər verirəm ki, onların varlığı arxivimdə bərpa edilmişdir.

"...dır (4)" nədir?


Gülüş doğurmursansa, sən hələ Yolda deyilsən Lao Tse Bu yazıda mənim mövzum "...dırlıq" (Istheit, isness, estğnostğ) problemidir. Bu formulirovka Haydeggerin adı ilə bağlıdır. İlk dəfə o, bu problemi alman dilində qaldırıb. "...dır4" (...dır, ...dir, ...dur, ...dür) məntiqdə kopula (copulativum), bağlayıcı, birləşdirici adlanır. Məsələn, "indi gecə-dir" məntiqi hökmündə iki ayrı element (indi və gecə) "dir" vasitəsilə bir-birinə birləşmişdir. ...dır-ın kökü Azərbaycan dilində "durmaq" (dayanmaq) felidir. Mən Nəsiminin qəzəllərinin birində eynilə mühafizə olunmuş bu kökə rast gəldim: "Nə kişidürür Şirazi ki, bəyan edə bu razı". Nəsimi bu misrada ...dır şəkilçisini ...dürür şəklində, durmaq felinin III şəxsin təkində təsrifi kimi işlətmişdir. Preplatonik fəlsəfədən məlumdur ki, qədim yunan mütəfəkkiri Parmenid varlığı hərəkətsizlik, durğunluq, onun müasiri Heraklit isə hərəkətlilik, axıcılıq kimi səciyyələndirmişdi. Parmenid varlığı qədim yunan dilində esti (...dır), Heraklit isə rei (axır, gedir, olur) kimi təsvir etmişdi. Beləliklə, problem bundan ibarətdir ki, varlıq dayanıb, yoxsa axıb gedir. Hegel "Varlıq daim nə üçünsə narahatdır" (unruhig) deyəndə, heraklitian fikir yürüdür, varlığın axıcılığını, hərəkətliliyini ifadə edirdi. Onun inkarı inkar prinsipi təkcə fikirlərarası prinsip deyil, həm də varlığın qanunudur. Hegel ilahilik (Allah) ilə zamaniliyi (tarixi) sintez edərək, bir tərəfdən tarixi ilahiləşdirdisə, digər tərəfdən ilahini tarixiləşdirmiş oldu. Nitsşenin öldüyünü elan etdiyi "qocalmış Allah"ı Hegelin "tarixi Allah"ıdır əslində. Nitsşe "Allah öldü" deyərkən, varlıqda heç bir substansiallığın, yəni heç bir hərəkətsiz, durğun, dayanıqlı, əbədi sferanın, statik əsasın olmadığını, bir sözlə "...dır"ın sona çatdığını deyirdi. Əslində heç bir şeyə …dır demək olmaz. Tutalım, Misirdə aparılan arxeoloji qazıntıların birində bizim bu gün məişətimizdə istifadə etdiyimiz "fincan"a bənzər bir əşya tapdıq. Və o əşyanı götürüb, hansısa muzeydə "Qədim Misir məişət əşyaları" rəfinə qoyduq. Belə etməklə biz varlığı Parmenid sayağı "...dır" kimi təsvir etmiş olduq. Amma unutduq ki, varlıq bir yerdə dayanıb durmur, elə hey axıb gedir, olmaqda olur. Yəni bizim bu gün fincan kimi "gördüyümüz", içinə duru bir şey tökmək üçün alət hesab etdiyimiz əşya bəlkə də nə vaxtsa, bu gün unudulmuş hansısa dini ritualın hansısa dekorativ elementi idi. Yaxud da, bəlkə də qədim misirlilər bu gün bizə özünü fincan kimi "göstərən" bu əşyanı təpəsi üstə çevirib, yerə qoyur, onun ətrafında rəqs edirdilər və s. Misalları çoxaltmaq olar: ox-yay (samuray qılıncı və s.) bir zamanlar silah idi. Lüğətlərdə o, hələ də silah kimi izah olunur. Amma bu gün o, evlərimizdə suvenirdir. Varlıq axıb gedir. Nitsşenin Buddhadan gələn "əbədi heç nə yoxdur" tragizmi də budur. Hətta allahlar da ölə bilər, necə ki, ölür də. Bütün tarix ölmüş cürbəcür allahlarla doludur. Haydeggerin destruksiya proqramı üzərindən Derridanın mətnlərin dekonstruksiyası, habelə hermenevtika bu problematikanın şaxələnmələridir. Derridanı Hegelə bağlayan tellərdən biridir bu. A.Uots "Zen yolu" əsərində yazır ki, bir kultur üçün hansısa konvensional-tarixi normalar sisteminin, bizim dilimizdə yəni mentalitetin əbədi hesab olunması və əbədi bir şey kimi mühafizə edilməsi qədər dəhşətli bir şey yoxdur. Çünki heç nə ...dır deyil, hər şey axıb gedir, olur, uçur… Mən bəzi yazılarımda və dərslərimdə islam dininin və mentalitetimizin varlığın ruhuna zidd idealist dünyagörüşünü lənətləyəndə, buradan çıxış edirəm. E-mail poçtuma hörmətli oxucularımdan daxil olan bəzi sorğu və etirazlarda isə deyilir ki, bizdə məgər islam var ki, onu inkar da edək. Mən təfəkkürümüzə və dilimizə hopmuş "gizli dinilik" dən danışıram, ibadətkar mömin təqva yiyələrinin sayından yox.

Kim nə üçün yazır?

Qulağı olan eşitsin
İsa Məsih
İnsanları düşündürmək asan iş deyil. Mən bunu fəlsəfə müəllimi kimi bilirəm və deyirəm. İnsanların təfəkkürünü tərpətmək, bədənlərini tərpətməkdən çətindir. Müəllimlik ən çox filosofluqla üst-üstə düşür. Filosofluq müəllimlik, müəllimlik də filosofluqdur. Bu, həm tarixən, həm də mahiyyətcə belədir. Hinduizm dinində cəhalət günah sayılır. Elə buna görə də, hindlilər bilməyərəkdən edilən səhvi, bilərəkdən edilən səhvdən daha bağışlanmaz sayırlar. Hinduizmdə müəllim "quru" adlanır (sanskritcə olan bu sözün oxunuşunda vurğu birinci hecaya düşməlidir, yəni o, dilimizdə "yaş"ın antonimi "quru" kimi səslənməməlidir). Quru qaranlıqdan (qu) - çıxaran - (ru) deməkdir. Amma hansı qaranlıqdan? Müəllim kimin hansı qaranlıqdan əziyyət çəkdiyini necə müəyyən etsin? Filosofların hansı qaranlığa işıq saldıqları çox vaxt kütləyə qaranlıq qalır. Yalnız filosoflar filosofların işığına ehtiyac duyurlar. Kütlə fəlsəfi qaranlıqdan qorxur. İndi çoxları çap olunur. Amma görəsən, kim nə üçün yazır? Kim kimə yazır? Kant demişkən, "Biz nəyə ümid edə bilərik?" "Qalx, qalx, Azərbaycan!" çağırışı ilə, "Qalxın, ölülər!" çağırışı arasında mahiyyətcə fərq yoxdur. Qaranlığın eyniyyəti kütlənin eyniyyətidir. "Qafil, oyan!" (İ.Nəsimi) bunlardan daha ədəbli çağırışdır. Kütlənin hətta etirazları, şikayətləri, narazılıqları da eyni olur. Filosof kütləyə səslənmir. N.Berdyayev bizə öyrədir ki, kütlə filosofu heç vaxt sevmir, sevə bilməz də, onda o, kütlə olmaz. "Milli fəlsəfə", "Milli filosof"?! Axı kütlə Sokratın ölümünə səs verdi. M.Qandhi kütləyə söz deyə bilər, R.Taqor isə yox. Bu, elə belə də olub. Nitsşe Göte haqqında yazıb: "Göte həmişə azlıq üçün yaşadı və yazdı". Kütləyə ikrahından dağlara qaçan və dağda ot-ələf yeyib, zəhərlənib ölən qədim yunan mütəfəkkiri Heraklitə kütlə belə ayama verib: "Zülmət" (Skoteinos). Heraklit isə kütləni belə adlandırıb: "Çoxlar". Heraklitə bərk vurğun olan Nitsşe isə kütləni 2500 il sonra belə xarakterizə edib: "Lap çoxlar". Deməli, onlar artıblar! İnsanları düşündürmək asan deyil… "Müəllif öz taleyini qabaqcadan görür: ona fikir verməyəcəklər! O, bu müdhiş hadisəni hiss edir: paxıl bir tənqid ona falaqqa zopasi kimi dəyəcəkdir". Bu sözlərin müəllifi XIX əsrdə yaşamış danimarkalı filosof, estet və xristian teoloqu S.Kirkeqordur (addakı "k" hərflərini "kitab" sözündəki kimi yox, "kombayn" sözündəki kimi oxumalıyıq). 42 illik qısa və tragik bir ömrün yiyəsi olan bu filosofun əsərləri belə melanxolik fikirlərlə doludur. Kirkeqor Hegelə qarşı düşünmüş, ekzistensializm fəlsəfəsinin əsasını qoymuşdur. "Bütün ömrüm boyu gözlədim ki, birisi gələcək və mən onunla dərin söhbətə başlayacağam. Amma o, gəlmədi". Bu sözlərin müəllifi isə XX əsrdə yaşamış və "bütün XX əsr təfəkkürünün gizli kralı" (H.Arendt) adını qazanmış alman filosofu M.Haydeggerdir. Haydegger bunu 87 illik ömrünün sonlarında söyləyib. Bütün ömrü boyu fəlsəfəsi də, özü də hegelçiliyin və Hegelin kölgəsində qalan Şopenhauer ömrünün sonlarında kəşf edilib, əsərləri oxunmağa başlayanda, gündəliyinə sevinclə belə yazıb: "Oxunuram, oxunacağam!" Yaradıcılığının ilk dövrlərində Şopenhauer fəlsəfəsinin güclü təsirində qalan Nitsşe də öz sağlığında, bir-iki yaxın dostu xaric, demək olar ki, heç kimin diqqətini cəlb etməyib. Amma o, öz dəftərinə bu münasibətlə bəxtəvər bir ədayla belə yazıb: "Oxunmuram, oxunmayacağam!" Şəxsən mən çox azsaylı, konkret tanıdığım, sevgili dostlarım üçün yazıram. Onlar üçün "fortoçka" olmaq mənim dostluq borcum və fəxrimdir. Bu dəfə alınmadı, dostlar. İnsanları düşündürmək asan iş deyilmiş…

Senti-Mentalitetimizə Dair

Azərbaycanlı öz duyğularında kimdir?
Hegelə görə, hər bir duyğu dumanlı, üstüörtülü fikirdir (burada söhbət görmək, eşitmək kimi sensual duyğulardan yox, sevinc, qəzəb kimi sentimental duyğulardan gedir). Hegel üçün son nəticədə duyğu yoxdur, fikir var, o, duyğunu fikrə reduksiya (müncər) edir. Yəni sevinc, qəzəb, ehtiras kimi duyğular da əqli aktlardır, könül də ağıla daxildir. Yəni zövqlər də məsum deyil, onları da fikirlər kimi mübahisəyə çıxarmaq, bəyənib bəyənməmək olar. Belədə, görəsən, primitiv zövq yiyəsi dərin təfəkkür yiyəsi ola bilərmi? Və yaxud əksinə, hər primitiv duyğunun altından (içindən) mütləq dayaz fikirmi çıxar? Mən bu yazıda Azərbaycan mental məktəbinin senti-mental ifadəsini göstərmək istəyirəm. Azərbaycanlılıq həm də bir duyğu tərbiyəsi və ənənəsidir. Mən azərbaycanlının öz duyğularında kim və necə olduğunu anlamaq istəyirəm. Əvvəla, öz üzərimdəki müşahidələrimə söykənərək deyim ki, duyğular heç də qəbul edildiyi kimi, fikri qabaqlamır, əksinə, fikirlər duyğuları ötür. Biz adətən çoxdandı daşıdığımız bir fikirdən daşınmağımıza baxmayaraq, ona paralel duyğumuz əvvəlki zövqünü davam etdirir. Buna çoxlu misallar vermək olar. Biz "özümlə (ürəyimlə) bacara bilmirəm" deyəndə, əslində bu hadisəni, duyğu vərdişimizi ifadə etmiş oluruq. Duyğu zövqümüz təfəkkürümüzün qərarından zamanca geri qalır. Buna görə də, biz azsaylı yeni intellektuallar mental azərbaycanlılığı fikrən tərk etsək də, hələlik senti-mental azərbaycanlılığa daxilik, yəni duyğularda hələ kifayət qədər azərbaycanlıyıq. Lakin bundan narahat olmaq lazım deyil, çünki bu təbiidir. Məsələn, kimsə mənim bu yazımı "Sarı çiçəyim" fonunda duyğulanaraq oxuyursa, amma eyni zamanda da mənim antimental fikirlərimlə razılaşırsa, buradakı ziddiyyətdən o, məyus olmamalıdı. Məncə, duyğularında yeni "azərbaycanlılar" fikirlərində yeni "azərbaycanlılar"dan sonrakı nəsil olacaq. Mən azsaylı biz təzələrin belə bəzən muğamata, azan səsinin avazına, meyxananın ritminə az qala avtomatik sentimental meylinə mistifikasion və ya millətçi izahlar verəcək qədər sadəlövh deyiləm. Beləliklə, görəsən, azərbaycanlı öz duyğularında kimdir, necədir; onun duyğuları hansı fikirlərini örtür? Bizim insanlığımız ilk dəfə laylayla azərbaycanlılıq istiqamətində deformasiya edilir. Azərbaycanlılıq laylayla başlayır. Nədir laylay? Onun melodiyası bizim şüuraltımıza hansı fikir cızıqlarını çəkir, elmi dillə desək, o, beynimizdəki sinir hüceyrələri arasında sonralar qurulacaq hansı sinaptik əlaqələrə zəmin hazırlayır? Laylay ağıdır, mərsiyədir, muğamatdır. O, muğamın körpələr üçün aranjirovkasıdır. Azərbaycan muğam sənəti kreativ baxımdan sadistlər, reseptiv baxımdan mazoxistlər yetişdirən sadomazoxizm məktəbidir. Bu musiqi tarixdə bir dənə də olsun mühüm qələbəsi olmayan, əvəzində qüruru dönə-dönə sındırılmış yazıq bir xalqın müzikal özünüifadəsidir. Bu musiqi yarısı diri qalmış xalqın, ölmüş yarısına ağladığı mərsiyəsidir. Biz muğamatımızla fəxr edəndə mənim yadıma qəmindən nəşələnən bədbəxt və məzlum Füzuli düşür. Azərbaycanlının ən işlək duyğusu qəmdir, kədərdir. "Həmsöhbət" "həmdərd" deməkdir. "Fikir eləmək" "dərd çəkmək" deməkdir. Bir-birimizi fikirli (fikirləşən) görəndə "nə olub?" deyə soruşan bizik. Biz sevinə bilməyən, şadyanalıq mədəniyyəti olmayan xalqıq. Kədərimiz məğrur və fəxri alınmadığı kimi, şadyanalığımız da şit və arsız çıxır. Ağız kənarlarında yerləşən gülüş qırışları əksər yaşlılarımızda belə yoxkən, düyünlənmiş qaşların yerində qalmış çapıq izi gənclərimizdə belə var. Azərbaycanlı təbiətən məğlubiyyətə, nakamlığa, qovuşmamağa, umsuq qalmağa, bədbəxt olmağa meyllidir. Hər bir azərbaycanlı qəlbinin ən əziz guşəsi onun nisgilləri və puça çıxmış arzularının açı xatirəsidir. O, nakam qalıb, öz nakamlığına şeir yazmağı, sevgilisinə qovuşmaqdan üstün tutan dekadentdir. Azərbaycanlı olmaq həyat qorxağı olmaq deməkdir.

Ürəyimiz şişib

Amma "ürəyigeniş" olmaqdansa, "yekəbaş" olmaq yaxşıdır Hegelin fransız tədqiqatçılarından biri F.Şatale burada bir az da mənim aydınlaşdırıcı əlavələrimlə təxminən belə yazır ki, iki cür söz var: 1. Başa düşülməyi uman, hətta istəyən, cavab gözləyən dialojik söz və əksinə, 2. Başa düşülməyi çox vaxt özü əngəlləyən, alıcısı tərəfindən verilən sualı sevməyən, sözünü kəsmək məcburiyyətində qalıncayadək öz nitqində pauza etməyən monolojik söz. Birincisi öz dinləyicisindən və ya oxucusundan başa düşmədən inanmamağı və əməl etməməyi tələb edən, qarşısındakını passiv alıcı kimi yox, həmsöhbət kimi gözləyən, bu olmayanda onu hətta sözlə həmsöhbət kimi hazırlayan, duyğulara deyil, təfəkkürə səslənən sözdür. İkincisi isə öz dinləyicisindən və ya oxucusundan daim inam və riayət gözləyən, onu rəiyyətə çevirən, sentimental üsullarla emosiyalara, qəlbə xitab edən ("damardan girmək"), bu alınmayanda mistik vahimələndirmə, bu da alınmayanda real qorxutma üsullarına əl atan sözdür. Şatalenin bu bölgüsü azadlıq ilə despotizm, fəlsəfə ilə din, müəllim ilə lider və s. arasındakı fərqə yaxşı işıq salır. J.F.Liotar postmodern vəziyyəti din, dövlət, avtoritetlər və s. kimi böyük tribunaların aradan qalxması kimi xarakterizə edərkən, Şatalenin mənim ikinci sırada verdiyim sözünü nəzərdə tutmuş olur: postmodern situasiyada şaquli monoloqlar üfüqi dialoqlarla əvəzlənmişdir. L.Feyerbax haqlı olaraq intellektin mənşəyini dialoqda görürdü. O, hesab edirdi ki, intellekt dialojikdir, başqa sözlə sosialdır. Dayaz dialoqlarla və ya dialoqu cavabsız monoloqun əvəz etdiyi mühitlərdə intellekt inkişaf edə bilmir! Bizim "böyüyə hörmət" prinsipimizə görə, "cavab qaytarmaq" "üzə ağ olmaq" kimi, "nankor çıxmaq" kimi mənfi məna yükünə malikdir. Halbuki cavab gözləməmək, qarşısındakına cavab pauzası verməmək despotizm və misantropiya nümunəsidir. Amma digər tərəfdən də rasional münasibəti bizdə adətən məsxərə, hırıldama, söyüş və yaxud da sevgi, heyranlıq kimi emosional-sentimental duyğu reaksiyaları əvəz edir. İslam Şərqi ilə xristian Qərb arasındakı mövcud inkişaf fərqinin obyektiv və subyektiv səbəbləri hər halda çoxdur. Amma bu səbəblərdən biri də məncə, bu iki kultural regionun sitayiş etdiyi dinləridir. Sadəcə kitab kimi yanaşdıqda, mən Quranı Şatalenin bölgüsündə ikinci növ sözə, İncili birinci növ sözə daxil edirəm (Dəlillərim çox, amma yerim azdır. Çox qısaca birini belə deyə bilərəm): Quran hər kəlməbaşı cəhənnəm və Allahın intiqam qorxutmaları, cənnət iştahlandırmaları ilə öz oxucusundan inam - bu, tamamilə duyğu aktıdır! - tələb etdiyi halda, İncil İsa Məsihin düşündürücü sözləri və hərəkətləri ilə daim təfəkkürlə qərar verməyə səsləyir. Mənə inanmayanlar bu kitabları bir də mən dediyim gözlə vərəqləsinlər. Görünür, sentimental Şərq və intellektual Qərb bölgüsü çox da yersiz deyil. Rus dilənçiləri ilə yerli dilənçilərimizi müqayisə edək: rus qarıları sakitcə, sadəcə görünən bir yer seçir və üsulluca "pomoqite pojaluysta" deməklə kifayətlənirlər. Yəni görün, burada köməyə ehtiyacı olan birisi var, düşünün, qərar verin. Özümüzünkülərə fikir verin: onlar yanıqlı muğam səsi ilə yalvararaq, ahu-fəğanla ürəyimizi al-qan etməyə çalışaraq dilənirlər. Yaxud da şikəst bir adamın natamam əzasını bizə göstərib, ürəyimizi xarab edirlər (Bu üsulun televariantı da var idi). İfrat duyğubazlığımıza mən "ürək şişməsi" adı verirəm. ("Ürək şişməsi" adı verilən hadisənin tibbdə tamam ayrı mənası olduğunu bilirəm). Bizim ürəyimiz beynimizdən iridir, o, şişib. Ürəyidoluluqda başıboşluq sezilir. Axı adam nə qədər Yetim Segah kədərinə qərq olar?! Bir-iki dərin fikir qarşısında biz tez deyirik: "başım şişdi". Çünki başımızın fikir tutumu azdır, ona görə də tez dolur. Amma əvəzində ürəyimiz genişdir, onun duyğu tutumu çoxdur. Mənim ürək şişməsi dediyimə el arasında ürəyigenişlik deyirlər. Mən isə belə deyərdim: "ürəyigeniş" olmaqdansa, "yekəbaş" olmaq yaxşıdır. Ürəyidoluluq bəlkə də başıboşluğun təsəllisidir. Biz bir-birimizin ağlına heç nəyi batıra bilməsək də, ürəyinə tez yol tapırıq.

Nihilizm

O, "nə üçün?" sualına cavabsızlıq halıdır
Nitsşe
Üç qrup dəyər və üç tip dəyərləndirmə var: yaxşı (xeyir)-pis (şər) kimi etik dəyərlər, gözəl-eybəcər kimi estetik dəyərlər və düzgün-səhv kimi logik (məntiqi) dəyərlər. Bu bölgüyə paralel olaraq da üç tip dəyərləndirmə bunlardır: …yaxşıdır(…savabdır)-…pisdir(…günahdır), …gözəldir-…eybəcərdir, …düzgündür-…səhvdir. …yaxşıdır, …gözəldir, …düzgündür hökmlərini "…olar!"; …pisdir, …eybəcərdir, …səhvdir hökmlərini də "…olmaz!" kimi xülasə etmək olar. Dəyərləri dəyərləndirmələrdən qabağa çəkən, dəyərləndirmələrin verilmiş hazır "ideal" dəyərlər əsasında icra edilməsini istəyən fəlsəfi mövqe idealizm adlanır. Dəyərlər mahiyyətin (essensiyanın), dəyərləndirmələr təzahürün, gerçək yaşayışın (eksistensiyanın) ifadəsi olduğundan, idealizmi bu baxımdan essensiyalizm də adlandırmaq olar. Və əksinə, dəyərləndirmələri dəyərlərdən qabağa çəkən, dəyərlərin dəyərləndirmələrdən yarandığını iddia edən fəlsəfi mövqe eksistensializm adlanır. İdealist və ya essensiyalist mövqe dəyərləndirmələrin əsasına "…olar!"-"…olmaz!" sabit dəyər hökmlərini qoyur və yaşayışımızın hər bir anında nəyin pis, nəyin yaxşı; nəyin gözəl, nəyin eybəcər; nəyin düzgün, nəyin səhv olduğunu bu hökmlərə görə müəyyənləşdirməyimizi tələb edir. "Hökm"ün cəmi ərəb dilində "ehkam"dır. Leksikonumuzdakı "ehkamçılıq" (doqmatizm) söz açdığım həmin bu idealizmi və ya essensiyalizmi ifadə edir. İdealizm anti-həyati, anti-humanist təfəkkürdür. Təsadüfi deyil ki, o, Şərqdə Allahı "vacib varlıq" (yəni mövcud olmaması qeyri-mümkün varlıq), insanı isə "mümkün varlıq" (yəni mövcud olmasa da olar, o, olmaya da bilər) kimi qoyan Orta əsrlərdə daha çox çiçəklənmişdir. Ona görə də Renessans "daha çox insan, daha az Allah" devizini ortaya atmışdı. Bu, daha çox həyat, daha az ehkam demək idi. Renessans yaşamayan Şərqdə isə hələ də Allahdan ötəri insana, namusdan ötəri qadına və s. qıya bilirlər. XIX əsrdə Hegel yazırdı ki, Şərqdə insan yoxdur, Allah var və o Allah insanı udub. Qərbdə idealizmin antihəyatiliyinə və antihumanizminə XIX əsrdən başlayaraq həyat fəlsəfəsi və "humanist eksistensializm" (Sartr) son qoydu. Antiidealist təfəkkür olan eksistensializmin humanizmi ondadır ki, o, dəyərləri (ehkamı) dəyərləndirmələrin (yaşayışın) determinantları yox, əksinə, məhsulu hesab edir. Mən əvvəlki yazılarımda mentalitetimiz idealist xarakterlidir dedikdə, biz nökər şüurundayıq dedikdə, Azərbaycanda insan yox, mentalitetin icraçıları var dedikdə, azadlıq ağlını və əxlaqını itirməkdir dedikdə və s. ehkamla qurulmuş təfəkkürümüzü nəzərdə tuturdum. Ehkamçılığımızın müasir adı mentalitetdir. Dəyişkən yaşayışı sabit ehkamla tənzimləmək cəhdi əvvəl-axır dekadens verir. Dəyərlər və "…olar!"-"…olmaz!" kimi dəyər hökmlərinin mühüm bir funksiyası da onların mənəvi həyatımızın məna əsasını təşkil etmələridir ("Mənəvi" sözü "məna" sözündən olub, əslində "mənavi" deməkdir). Onlar bizim destruktiv "nə üçün?" sualı qarşısında qalxanımız rolu oynayırlar. İnsanlar öz həyatlarına onların vasitəsilə məna qazındırır, aydınlıq gətirirlər. Onlar hazır izah şablonlarıdır. Nihilizm həyatın ənənəvi oriyentrlərdən, sabit izah qəliblərindən çıxması, dəyərləndirmələrin öz dəyər əsaslarını itirməsidir. Nihilizm ənənəvi dəyərlərin dəyərsizləşməsi, dəyər hökmlərinin qüvvədən düşməsidir. Nihilizm gələcəyin keçmişsiz qalmasıdır. Bu mənada o, yoxluq, boşluq, əsassızlıq, mənasızlıq, izahsızlıq halıdır. O keçid halı kimi ağrılı, sarsıntılı prosesdir. Nihilizmdən M.Veberin sehrsizləşmə, öz sehrini itirmə (Entzauberung) anlayışına da bir çıxış var. O, yeni rasional əsaslandırma tələbi və ehtiyacı ilə yaranır. Ölkəmizdə başlamış olan və şəxsən mənim getdikcə dərinləşməsini gözlədiyim nihilizm hələlik özünü mentalitetimizin disfunksionallaşması kimi göstərir. Nihilizm köklü təzələnmənin zəruri mərhələsidir. Haydegger onu belə ifadə edir: "Köhnə allahlar bizi tərk ediblər, yeniləri isə hələ ki, gecikirlər".

Allah və Ağıl

Dinin elmi sübutu…
Filosoflar (ilk dəfə Hegel) ağlın tarixi inkişafını təfəkkür səviyyələrinə görə belə müəyyən edirlər: 1. Epik-artistik təfəkkür; 2. Mifik-dini təfəkkür; 3. Fəlsəfi-elmi təfəkkür. Bunların hər biri ağlın inkişafında müəyyən bir tarixi mərhələni təşkil edir. (Yeri gəlmişkən, görəsən, bu bölgüyə görə, bizdə nə üçün dini və bədii şüur nisbətən alınır, amma fəlsəfi-elmi şüur hələ çox cır qalır? Yaxud da, inkişaf dərəcəsinə görə düzsək, düzülüş nə üçün belə alınar: din (mif, nağıl), sənət (poeziya, musiqi) və nəhayət, fəlsəfə (elm)? Görəsən, biz öz təfəkkür səviyyəmizə görə tarixin harasındayıq?) Dində ağıla iki münasibət muşahidə etmək olar: 1. Allahı və ya ilahiliyi ağılla isbat etmək cəhdi və 2. Ağlın Allahı və ya ilahiliyi dərk etməkdəki acizliyini göstərmək cəhdi. Orta əsrlərdə, istər xristianlıqda, istərsə də islamda hər iki mövqeni görmək olardı. Dindar mütəfəkkirlər adətən hər iki mövqeni, mistiklər isə ikinci mövqeni mənimsəyirlər. Allahın ağılla isbat edilməsi Orta əsrlər təfəkkürünə xasdır. Allah isbatı ilə islamda mütəkəllimlər adı verilən İbn Sina, Əbu Hamid Qazzali kimi ilahiyyatçılar, xristianlıqda isə Anselm, Akvinas Foma kimi teoloqlar məşğul olublar. Orta əsrlərdə, Allah isbatı dedikdə, Allahın Aristotel məntiqi ilə isbatını nəzərdə tuturdular. Ümumiyyətlə, Orta əsrlərin bəlkə də ən əsas arzusu elə ilahilik ilə insaniliyin, bir sözlə Allah ilə ağlın münasibətini, əlbəttə ki, birincinin xeyrinə aydınlaşdırmaq olub. Lakin burada çox mühüm məsələ ondan ibarətdir ki, ağıl Orta əsrlərdə induktiv metodla işləyən bugünkü təcrübi-elmi ağıl yox, Aristotel məntiqi ilə işləyən fəlsəfi ağıl idi! Allah mifik-dini təfəkkürün təsəvvürüdür. Fəlsəfi ağılla icra edilən çoxlu Allah isbatlarının heç biri heç Orta əsrlərdə uğurlu alınmadığı halda, onu bu gün elmi ağılla isbat etməyə girişirlər. Xristian teoloqu Tertullian deyirdi: "Mən Allaha absurd olduğu üçün inanıram". Yəni inanmağım üçün əqli səbəblər axtarmıram. Etiqadın əqli olmadığından nəinki narahat olmuram, əksinə, ona elə məhz buna görə inanıram. İslamda sünnilərə görə IV xəlifə, şiələrə görə isə I imam Əlinin təxminən belə bir sözü var: "Göydə lə iləhə illəllah yazılmış olsaydı, Allaha inamım artmazdı". Yəni Allahın ağıl üçün sübutsuzluğu onun başaşağılığı deyil ki, sübutu da başucalığı olsun. Doğrudan da, məgər Allah istəsəydi həftədə bir dəfə (ildə bir dəfə də olar) özünü bizə göstərə bilməzdimi, dini dillə desək, təəyyün edə bilməzdimi? Allahın varlığı ağıl üçün prinsipcə mübahisəlidir. (Hələ Orta əsrlərdə məşhur İbn Sina-Qazzali-İbn Rüşd mübahisəsidir bu). Dinin canı da elə bundadır. Yoxsa cənnət imanlılara yox, ağıllılara, özü də elmi ağlı inkişaf etmiş alimlərə vəd olunardı ki. Təsəvvür edin, mən sizə deyirəm ki, qalileylər, nyutonlar yanılıblar, yerin cazibəsi deyilən fiziki dəyişməz zad yoxdur, boşluğa buraxılan cism heç də sürətini artıra-artıra yerə çırpılmaz, yavaş-yavaş, sallana-sallana yerə enər. Belə deyib, özümü bu gecə vaxtı buraxıram ikinci mərtəbədən aşağı. Yaxud da faradeylər yanılıblar elektrikin öldürücü təsiri yalandı deyibən yapışıram açıq naqildən!.. Mənim haqqımda nə düşünərdiniz? Yəqin ki, belə: "Bu başdanxarab imiş ki!" Niyə belə düşündünüz? Ona görə ki, elmi həqiqətlərə belə münasibət haqlı olaraq başıxarablıq, dəlilik təsiri bağışlayardı. Ona görə də Quranda yazılanları əcaib-qəraib vasitələrlə elmi həqiqət kimi göstərməyə çalışarkən, Allaha inamsızlığı başdanxarablıq, dəlilik kimi damğalamağa hazırlaşmış olurlar. Bu "sübutların" ardından ya dəlixana gəlir, ya da həbsxana, təbii olaraq. İran nümunəsi gözümüzün qabağındadı. Allahın varlığı və islamın ən mükəmməl din olması 2+2=4 kimi isbat olunursa, onda belə çıxır, bəşəriyyətin, xüsusilə elmin inkişaf etdiyi ölkələrdə yaşayan və Allaha inanmayan, islama etiqad etməyən milyardlarla hissəsi ağlını itirib ki. Aydındır ki, Allahın elmi isbatı kütləvi bazara hesablanıb və reklam kimi düşünülüb. İslam dinini pozitivist elmi yolla sübut etmək cəhdi ya cəhalət rüsvayçılığı, ya da intellektual həyasızlıqdır.

Din və Biz

Ən gözəl rəng boz rəngdir!
Dinlər çoxdu, iki mindən çox. Ən tanınmışları bunlardır: islam, xristianlıq, iudaizm, buddhizm, konfutsizm, şintoizm, zen, daoizm. Bu dinlər bir-birlərindən bəzi məqamlarda o qədər çox fərqlidirlər ki, onların hamısını vahid "din" anlayışına sığışdırmaq çox çətindir. Məsələn, hinduizm dinində peyğəmbərlik institutu yoxdur, buddhizmdə Allah təsəvvürü yoxdur, konfutsizmdə ibadət yoxdur, şintoizmdə baş Allahın dünyanı yaratması deyə bir görüş yoxdur və s. Hər halda biz unutmamalıyıq ki, dünya əhalisinin 80%-dən çoxu bizim dinimiz olan islama etiqad etmir. Və yəqin ki, hər bir dinin mənsubu təbii olaraq öz din(lər)ini "ən kamil din(lər)" sayır (Eyni vaxtda bir neçə dinə inananlar var, məsələn, çinlilər). Bəşərin çox böyük nailiyyətidir ki, insanın seçdiyi dinə etiqad etmə və ya heç bir dinə etiqad etməmək azadlığını konstitusion hüquqa çevirə bilib. Bu hüquqa görə, din insanın yalnız və yalnız öz vicdanı qarşısında məsuliyyət daşıdığı seçimdir. Bu o deməkdir ki, dini etiqad nə anadangəlmə genetik kodlarla ötürülür, nə də spritual ənənə vasitəsilə yeridilən və tələb edilən məhkumiyyətdir. O qəlbin vərdişi yox, təfəkkürün seçimi olmalıdır. Əks halda, belə çıxır ki, biz öz təfəkkürümüzün aksiomatik əsasını, intellektual-analitik seçimlə müəyyən etmirik. Siz anadangəlmə kor bir adamın "ən gözəl rəng boz rəngdir!" tərsliyinə inanardınız? (Korlar dünyanı qara yox, boz rəngdə görürlərmiş. Anadan kor doğulub, sonradan gözləri görənlər deyirlər bunu). İnvarianta məhkum olmuş və ya edilmiş cahil insanlara konstitusion seçim imkanı tanımağın nə mənası var ki? Məsələn, məgər azərbaycanlı bir oğlanın "sərvboylu", "incəbelli", "mərmərsinəli", "zülfü pərişan"… bir qıza aşiq olması guya onun azad erotik seçimidir? Əlbəttə ki, deyil! Amma əgər o oğlan sonra dönüb desə ki, gözəlliyin vahid, ümumbəşəri ölçüləri var və bu ölçülər də mənim seçdiyim qızın malik olduğu keyfiyyətlərdi, hə, bax onda bu olur məzlum cəhalət, yaxud da yeniyetmə sentimentallığı. Sosial-psixoloqların mediatik massadan, 25-ci kadr kimi gizli manipulyativ vasitələrdən, beyin yuyulması kimi texnologiyalardan söz açdıqları bir dövrdə, ümumiyyətlə, hansı mütləq həqiqi seçimdən söhbət gedə bilər. Bu dediyim bütün dünyaya aiddir. Biz dinə öz münasibətimizi aydınlaşdırmalıyıq. Əvvəlcə onu qeyd edim ki, şəxsən mənim üçün dinin cəmiyyətdəki yeri və rolu, təxminən, bizdə azdan-çoxdan hələ də yaşayan atəşpərəstliyimiz kimi olsa yaxşı olar: od qalayıb üstündən hoppanmaq, xonça bəzəmək, yumurta döyüşdürmək, qapı pusmaq, işığa and içmək, barışmaq, odu çirkləndirməmək və s. kimi. Göründüyü kimi, bu dinimizin bizim həyatımızdakı yeri çox təvəzökardır, Novruz hamımızda xoş duyğular oyadır, bayram günü hamının üzündə mənə həmişə çox qəribə gələn bir təbəssüm olur, qədimliyimizin incə, kövrək nisgili yadımıza düşür… və s. Amma gəlin görək, biz islam dininə belə saf, qorxusuz, sevgiylə, könüllü, rahat münasibət bəsləyə bilirikmi? İslama münasibətdə hələlik ən güclü determinant kimi sovet quruluşuna reaksiya olaraq, sol təfəkkürdən uzaqlaşma, o cümlədən klerikalist sosial tendensiya çıxış edir. Bu, aydındır ki, konyukturadır, dəbdir. Ona görə də ayıq-sayıq intellektuallarımız yəqin ki, bu tələyə düşməyəcəklər. Bizim dindarlar Qərbin bizə göstərilən açıq-saçıqlığına qarşı "milli mentalitet"mizi qorumaq vəzifəsini öz üzərlərinə götürürlər. Beləliklə, açıq-saçıqlıqdan iyrənən ənənəçi yaşlılar və sidq ürəkdən millətçi olanlar sadəlövhcəsinə dini düşərgəyə düşürlər. Bu məsələ belə sadə həll oluna bilməz. Əvvəla, Qərb dəyərləri təkcə açıq-saçıqlıqdan ibarət deyil və üstəlik açıq-saçıqlıq "platonik məhəbbət"dən heç də pis deyil. Dünən çadraçı Füzuli ilə xəstələnənlər bu gün sağalmaq üçün açıq-saçıqçı Freydə müraciət edirlər. Məncə biz çox diqqətli olmalıyıq ki, Qərb dəyərlərinə qarşı münasibətimiz getdikcə dini rəng almasın. İkinci, mentalitetimizdəki bu milliliyin nə demək olduğunu aydınlaşdırmalıyıq. Bu sual açıq olaraq qalır: islam bizim milliliyimizi niyə belə çox sevir axı?

Dekadens

Xəstə - özünə ziyan verəndir
F.Nitsşe
Dekadens latın dilində çöküş, süqut, eniş deməkdir. Bu termindən, xüsusilə, mədəniyyətin cırlaşmasını, geriləməsini, çürüməsini ifadə etmək üçün istifadə olunur. Dekadensə uğramış mədəniyyətə dekadent mədəniyyət deyilir. Reqressiya (geriləmə) proqressiyanın (irəliləmənin) ziddi kimi, ümumi anlayış olduğundan, degenerasiya (cırlaşma) isə dekadensə nisbətən məhdud mənalı olduğundan, onların heç biri dekadensi tam adekvat əvəzləyə bilmir. "Dekadens" elmi ədəbiyyatda, konkret olaraq, sivilizasion degenerasiya və yaxud sivilizasion reqressiya mənalarını özündə birləşdirib daşıyan xüsusi termin kimi qəbul olunur. Amma təkcə mədəniyyət yox, hansısa şəxs də, dövr də, təfəkkür ənənəsi də dekadent kimi səciyyələndirilə bilər. Dekadensi fəlsəfi-kulturoloji diaqnoz kimi işləyən və məşhurlaşdıran Nitsşe olub. Nitsşe XIX əsrin sonunda Qərb sivilizasiyasına dekadent diaqnozu qoydu və dekadensin səbəbi kimi semitik-platonik təfəkkür tərzini, konkret olaraq, idealizmi və xristianlığı günahlandırdı. Bəs, görəsən, idealizm və xristianlıq (o cümlədən islam) kimi idealist dinlər dekadensə necə səbəb olurlar? İzah edirəm: Bütün varlıq canlı həyat kimi dinamik, dəyişkən, inkişaf edən struktura malikdir. Amma idealizm (platonizm) və yaxud kütləvi adıyla din, varlığın dinamizmindən kənarda, dəyişməyən, əbədi qalan ilahi sfera, əzəli etalonlar, fövqəltarixi müqəddəs normalar, statik qanunauyğunluqlar, xülasə, Platonun dili ilə ideal, dinin dili ilə Allah fərz edir və ona inandırır. Beləliklə, idealizmdə və idealist dinlərdə dünya iki hissəyə, real təbiiliyə (cismaniliyə) və irreal ilahiliyə (ruhaniliyə), başqa sözlə, maddi bu dünyaya və mənəvi o dünyaya parçalanır. İdealist əxlaq və yaxud dini mentalitet tələb edir ki, insan öz həyatını bu dixotomiya üzərində qursun: yəni bu dünyasını o dünya üçün yaşasın, öz arzularını ilahi tələblərlə qiymətləndirsin, məntiqindən çox ənənəyə güvənsin, yeni-yeni situasiyalarda əbədi presedentlərə görə hərəkət etsin və s. Nitsşe göstərdi ki, idealizm və xristianlıq (bu məsələdə islam xristianlıqdan fərqlənmir) varlığın strukturunu düzgün əks etdirmir və insan həyatında çiçəklənmənin, yeniləşmənin qarşısını alır və nəticədə dekadens qaçılmaz olur. Və ən pisi burasındadır ki, o müqəddəslik, möminlik, ilahilik, əxlaq, tabu, and yeri, ideal, əbədiyyət və s. kimi gözəl adlara bürünür. Ona görə də onu tənqid etmək ağır günah sayılır. Mən yenə bu fikirdəyəm ki, bizim mədəniyyətə yenilik və yaxud təzələnməni inkardan başqa heç nə gətirə bilməz. İndilik bizim təfəkkür ənənəmiz dekadent məzunlar yetişdirən məktəb olaraq qalır. Mentalitetimizin baş dəyərləri dekadent dəyərlərdir. Biz uşaqlarımızın zövqünü dekadent dəyərlərə görə formalaşdırırıq. Dekadent dəyər zəiflədən, inkişafdan saxlayan, çürüdən, nəhayət öldürən dəyərdir. Dekadent isə bu dəyərləri, yəni özünə zərərli olanı seçənə deyilir. Məhəbbətlə alışıb yanan, amma sevgilisinin yerdəki reallığını, onun psevdoreal göydəki orijinalı naminə rədd edən Füzulinin Məcnunu tipik dekadentdir, o xəstədir. Gicbəsər! Gənclərə platonik məhəbbət təbliğ edən, müğamat üstə oxunan məcnunanə qəzəllər də həmçinin dekadens yayan mikroblardır. İdealist xristian dini qərblilərin dünyəvi inkişafına mane olmağa başlayan kimi Qərb intellektualları onu aktual məsələlərin həllindən çıxdaş etdilər, edə bildilər. Hinduizm, buddhizm, daoizm, konfutsizm, şintoizm, zen kimi insaniliklə ilahilik arasında kəskin sədd qoymayan, insana öz arzuları ilə barışıq yaşamağı öyrədən, qeyri-idealist dinlərə etiqad edən uzaq şərq xalqlarının dünyəvi inkişaflarına onların adı çəkilən dinləri ya heç mane olmur, ya da çox səthi problemlər yaradır. Amma gəlin, düşünək görək, niyə dünyanın ən dekadent kultural sferası islam dünyasıdır. Mümkün cavablardan birini artıq eşidirəm: Müsəlmanlar öz dinlərinə layiqincə etiqad etmirlər, ona görə. Yaxşı, olarmı ki, qoyduğumuz bu suala mümkün cavablardan biri kimi, bir dəfə də elə bu dinin özünü səbəbkar kimi təklif edək? Axı nə üçün bu variantı heç düşünməməliyik?