Xaqani H. etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Xaqani H. etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Ata və Zaman

Xəqani H.
“İnsan gələcəyə söykənib yaşayır”. Kamyu deyəndən bəri bunu hamı bilir. İnsan gələcəyi özgəsində, özgəsiylə münasibətində kəşf etdi. Tək-tənha adada yaşayan bir adam gələcək tanımaz. Allahın da “gələcəyi” yoxdur, çünki onun üçün “özgə” yoxdur. Gələcək başqalarıyla münasibətimizdə yaranır; gələcək özgəsidir. “Mən”in özgəylə münasibəti zamanla bağlıdır, məkanla bağlı deyil. “Özgə”nin özgəliyi gələcək zaman olaraq məna kəsb edir. Bu varoluşsal durum, ailə münasibətləri kontekstində, xüsusən də ata-oğul münasibətində özünü daha kəskin büruzə verir.Övlad yerli-dibli özgəsi deyil; o, bir özgədir, amma atanın “mən”indən asılı bir özgədir. Övladın özgəliyi elə bir özgəlikdir ki, atanın “mən”i bu özgəlikdə özünü təzədən yaradır. Oğulun özgəliyi atanın “mən”inin özgəliyidir, o, müstəqil bir özgə deyil. Ata öz ekzistensial durumunun imkanlarını övladda tapır; atalıq övlad üçün mümkünsüz olan şeyin imkana çevrildiyi ekzistensial durumdur. Levinasın ekzistensialist diliylə desək, ata övladının timsalında “olmaqdan başqa cür olmağa” can atır; “varlıqdan qaçış” imkanıdır o, daimi “indi”nin, əzəli-əbədi “indi”nin gələcək qapısıdır. Bu mənada atalıq kişinin öz mövcudluğunu aşan, öz varlığının ötəsində bir gələcək qurmaq təşəbbüsüdür.Atanın gözündə övlad nə onun “mən”idir, nə də tamamən özgədir. Övlad başqası deyil, amma “mən” də deyil. Atalıq özgə olduğu halda, eyni zamanda “mən” olan başqasıyla münasibətdir. Övlad istehsal olunmur, o, atanın sadəcə olaraq əsəri deyil, atanın mülkiyyəti də deyil. Atanın gözündə övlad “özgə” olan bir «mən»dir. Bu, bəsit empatiya duyğusu deyil. Ata əslində övladının sahibi deyil, ata övladıdır. Oğul atanın indiki zamanının gələcəyə yönəlmiş felidir. Ata oğullayır. (Yağış nə edirə Yağır. Ata nə edirə Oğullayır.)Oğlu ilə hər qarşılaşması, hər münasibəti, onunla hər üz-üzə gəlməsi, ona gülümsəməsi, acıqlanması və s. atanın oğullamasıdır. Övladının otağına qapını döymədən daxil olur; ata bunu müdaxilə kimi görmür, çünki özgələşən “mən”in otağına girir, “öz” otağına girir. Ata övladını evdən qovanda dünyadan qovur, onu zamandan qovur, öz varlığının o yanındakı gələcəkdən qovur, yer üzündən qovur. Çünki olmaq, Heydeggerin dediyi kimi, “dünyada olma”dır, “burada olma”dır.Ata varlıq kimi “olan”dır, oğul isə “olan” kimi olandır; atalıq varlıq halıdır, oğul isə yaşayışdır, ekzistensialdır; oğul varlıq olan atanın varoluşudur. Oğul atanın “olmağı”dır. Ata varlığıyla oğludur. Oğulun mövcud olması atanın “olmağı”nın ikiləşməsi, haçalanması deməkdir. Söhbət “alter-ego”dan getmir. Atalıqda “olmaq” feli çoxluq qazanır; atalıq durumunda “olmaq” felin cəm formasıdır. Ata bir “mən” kimi təkdir, amma atalıqda onun varoluşu plüral xarakter daşıyır. Atalıq plüral yaşayışdır.Bu fikirləri qəti həqiqət kimi irəli sürmürəm; bunlar mülahizələrdir və mənimlə razılaşmamaq olar. Ancaq Heydegger, Marle-Ponti, Levinas, Sartr, Marsel kimi filosofları oxumaqla yanaşı Kafkanın öz atasıyla olan münasibətini tədqiq etmək də qismən dediklərimlə razılaşmağınıza səbəb ola bilər. Övlad atanın gözündə bir zaman periodudur.Freyd insanın psixi təhlilinə uşaqdan başlayırdı; edip kompleksi, fallik mərhələ və s. atadan da başlamaq olar; övladının tamamən ayrı bir özgə olduğunu qəbul etmək istəməyən, təhtəlşüurunda onu bir “mən-özgə” kimi yaşadan atada nevropatologiya meydana gəlir. Nevrotik hal atalığın simptomlarından biridir. əksər atalar bu mərhələni şüur müstəvisində sağlam şəkildə keçə bilmir. Buna görə də, atalıq mahiyyətcə heretizmdir. Xəstəlik növüdür atalıq. (Bunun üçün Azərbaycanda sübut axtarmağa ehtiyac yoxdur. Hər tərəf atadır və hamısı xəstədir. Bu ölkədə atalığın simptomları qorxmaq, yaltaqlanmaq, boyun əymək, ağlamaq və s. bu kimi təzahür edir).Atalıq bəsitcə törəmək instinkti deyil, bədəni yoxluğa gecikdirmə cəhdidir; oğulda “gecikmiş bir gələcək” tapmaq təmayülündən yaranır. Ekzistensialist aspektdən yanaşanda törəmək instinkti, yəni çoxalmaq arzusu belə ürəkbulandırıcıdır.
X.L.Borxes bunu bir hekayәsindә demişdi: “Güzgülәr vә atalar iyrәncdir, çünki var olan şeylәri çoxaldırlar."

Azərbaycanlılar və Allah

Xaqani H.

Allah dünya azərbaycanlılarının cəmidir; hər bir azərbaycanlı ayrı-ayrılıqda allahın bir hissəsini təşkil edir. Fəqət bu o demək deyil ki, allah bütün azərbaycanlıların tək-tək riyazi toplamından ibarətdir. Xeyr, allah azərbaycanlıların spontan vəhdətindən yaranan, onu “təşkil edənlərdən” üstün substansdır, “azərbaycanlılıq”dır. Bir azərbaycanlının özünü allahın maliki kimi görməsi, daha doğrusu onu özünün şəxsi mülkiyyəti olaraq dərk etməsinin səbəbi budur. Azərbaycanlı allah deyilən o “külli” varlığın, “azərbaycanlılıq”ın konkret təzahürüdür. Belə olmasaydı müasir azərbaycan dilində “allahımdan razıyam”, “allahıma qurban olum” və.s ifadələrinə rast gəlməzdik. Bu ifadələrdə azərbaycanlıların xarakteristik xüsusiyyətlərindən biri özünü biruzə verir: özünün də bir hissəsi olduğu şeyi bütövlükdə mənimsəmək cəhdi! İstəyir ki, allah tamamən onun olsun, allahı qapı qonşusuna, qohum-əqrabasına, iş yoldaşlarına qısqanır; allahı onların əlindən almağa can atır. Beləcə, azərbaycanlıların simasında yeni panteist anlayış formalaşır. Allah artıq laməkan deyil, qismən dünyadadır, amma əsasən Azərbaycan Respublikasının sərhədləri daxilindədir. XIX əsrin ən böyük ateist filosofu L. Feyerbax deyirdi ki,”allah insanı özünə oxşar yaratmayıb, əksinə insan allahı özünə oxşar yaradıb”. Alman filosofu bu nəzəriyyəsiylə teoloji müstəvidən antropoloji müstəviyə keçirdi. Azərbaycanlıların allah anlayışına nəzər saldıqda görürük ki, L. Feyerbaxın məntiqi sərrastlığı bir tərəfə, bu anlayışda Qədim Yunanın mifik təfəkkürünə xas kozmoqoniyanın əlamətləri də öz təsdiqini tapır. Azərbaycanlıların allahı antropomorfik (insanabənzər, insanbiçimli) xarakter daşıyır və bu “antropos” azərbaycanlıdır. Aərbaycanlının təsəvvüründə allah kişidir, ona “tanrı kişi” deyilir. Həyatın bütün sferalarında patriarxal dəyərlərə söykənən ictimai münasibətlərin yaratdığı azərbaycanlı qadın allahdan, ərindən qorxduğu qədər qorxur. Allah Azərbaycanda adətən qadını görür, kişiyə nisbətən daha çox qadını güdür; atası, qardaşı, yaxud əri kimi… Azərbaycanlı ürəkdən güləndə elə bilir ki, allah da gülür, elə bilir ki öz gülüşü allahın gülüşünün bir hissəsidir. Ağlayanda elə bilir ki, allah da ağlayır, kədərlənəndə elə bilir ki kədəri allahın kədərinin bir parçasıdır. Azərbaycanlının allahı kinlidir, intiqam almağı xoşlayır, gücünü zəiflərin üstündə sınayır, qəddarcasına gülümsəyir. Azərbaycan dilində tez-tez səslənən “allah bütün bunları görür” deyimi əslində real həyatda şahid olduğumuz qonşuların bir-birini, atanın qızını və ya oğulun bacısını güdməsinin, dövlətin öz vətəndaşını daima nəzarət altında saxlamasının təxəyyüldəki inikasıdır. Dövlət hər şeyi görür, ata hər şeyi görür, qonşular hər şeyi görür, nəticədə allah hər şeyi görür. J. P. Sartrın məşhur “mövcudluq mahiyyətdən əvvəl gəlir” postulatı nə demək istədiyimi kifayət qədər açıqlayır. Güclü azərbaycanlı allahda daha çox hökmranlıq əzmini, yerin-göyün sahibliyi, mərhəmətsizlik kimi cəhətləri tapır, buna müqabil zəif azərbaycanlının gözündə allah rәhmli, adil, bağışlayan hökmdardır. Hәr iki halda allah hökmdardır, fәqәt birindә mәrhәmәtli padişah, o birindә isә qәddar müstәbiddir. Ümumiyyәtlә ictimai münasibәtlәrin müәyyәn tarixi mәrhәlәsindә hökmdarlıq institutu meydana gәlmәsәydi insan tәxәyyülündә allah yaranmayacaqdı. Azәrbaycanlıların allah tәsәvvürü dә ictimai münasibәtlәrin inkişaf tendensiyasına müvafiq surәtdә dәyişir. Bu mәnada azәrbaycanlıların allahla münasibәti antropomorfik anlayışın mәntiqi nәticәsi kimi tәzahür edir. Azәrbaycanlı yerinә görә allahdan qorxur, yerinә görә ona yaltaqlanır, bәzәn dә ondan bezir, amma heç vaxt ona qarşı üsyan etmir, necә ki içtimai münasibәtlәr konteksindә üsyan etmir. Orta әsrlәrin başlarında Avreli Avqustin soruşurdu: “allah mәnim harama gәlәcәk?” Allah azәrbaycanlıların instinktindә özünә yer tapıb; yemәk, yatmaq, hәtta seks kimi allaha inam da instinktivdir. Allaha inam, әslindә, azәrbaycanlının özünә-inamının instinktiv stimuludur. Buna bәnzәr fikirlәri F. Nitsşe “Antixrist”dә dilә gәtirmişdi. Allah inancı yaşamaq uğrunda mübarizә şәraitindә möminin әn dәrin qatlarında gizlәnmiş özünü-müdafiә instinkti olduğuna görә, hәqiqәtin, xüsusәn dә içtimai gerçәklәrin danılmasına gәtirib çıxarır. Azәrbaycanlının dünyagörüşündә hәqiqәtә yer yoxdur, çünki allah var. Cәmiyyәtdә әdalәtsizlik yoxdur, allah var; istismar yoxdur, allah var. Bәşәriyyәt yoxdur, allah var. İnsan yoxdur, allah var. Belәcә, allah azәrbaycanlının alter-eqosuna çevrilir. Azәrbaycanlıların allaha yönәlmiş bu instinktiv tәmayülü әslindә allahı “öldürür”. Çünki, A. Kamyunun mәntiqiylә desәk, allaha fasilәsiz baş әymәk onu yox etmәkdir; allaha qarşı arada-bir üsyan etmәk isә onu var etmәkdir. Azәrbaycanlı allahı özünә oxşadaraq mәhv edir.

Azərbaycanlılar və Azadlıq

Xaqani H.

Azərbaycanlılar ilə itaət arasında ontik əlaqə var. İtaət azərbaycanlıların mövcudluq səbəbidir; azərbaycanlı inanır ki, itaət etməsə öləcək, yox olacaq. Həyatı itaətə müncər etmək xarakteristik azərbaycanlı xüsusiyyətidir. E. de la Böti, hələ XVI əsrdə bu duruma “könüllü köləlik” deyirdi. Azərbaycanlı qul olmağa könüllüdür, çünki azadlıq yükdür və azərbaycanlı bu yükü daşımaq istəmir. Təhlükəsizlik (əmin-amanlıq, sabitlik) ilə azadlıq arasında hər zaman qəti şəkildə seçim etmək mümkün olmasa da azərbaycanlılar tarixən asanlıqla birinci durumu seçiblər. Bu xalqın təhlükəsizlik hissi bütün tarixi dövrlərdə azadlıq hissini üstələyib. Azadlıq “təhlükəli” situasiyadır, təhlükə olmadan azadlıq olmaz. Azərbaycanlının azadlığı rədd etməsinin səbəbi özünü təhlükədə hiss etməsidir. Azadlıq təhlükə gətirirsə, azərbaycanlının təsəvvüründə rədd edilməlidir; o, təhlükəli azadlıq durumunun əvəzinə təhlükəsizliyi təmin edən itaəti seçir. Bu, E. Frommun tədqiq etmək məcburiyyətində qaldığı “azadlıqdan qaçış” mexanizmidir. Dünyanı özündən kənarda, özündən tamamən ayrı bir varlıq kimi görən azərbaycanlı nəticədə özünü dünyadan təcrid edir. Dünya onun gözündə uzaq bir yerdir. Beləliklə gücsüzlük, tənhalıq, acizlik hissinə qapılır. Çıxış yolu kütlənin bir hissəsi, onun ayrılmaz parçası olmaq, onunla birgə “yaşamaq”, başqa sözlə mövcud dəyərlər sisteminin yaratdığı qəlibin içinə girməkdir. Dünya ilə özü arasındakı boşluğu bu şəkildə itaətlə dolduran azərbaycanlıların öz ölkələrinin “özunə-məxsusluğunu” vurğulamaq məqsədiylə tez-tez işlətdikləri “bura Azərbaycandır” ifadəsinin sosial-psixoloji kökləri bu cür analiz edilə bilər. Bu mənada, azadlıqdan qaçış mexanizminin nəticələrindən biri olan avtoritarizm azərbaycanlıların varoluş tərzini müəyyən edən əsas psixi təmayüldür. Dünyadan xeyli uzaq düşmüş azərbaycanlının, öz individual “mən”ini kor-təbii şəkildə özündən kənardakı bir nəsnəyə (pula), bir şəxsə (prezidentə, müdürə), bir kollektiv subyektə (ailəyə, millətə), fövqəltəbii qüvvəyə (allaha) qatmasından, özümlüyünü özündən daha “böyük” bir varlığın içində əridməsindən başqa yolu yoxdur. Bu mexanizmin labud nəticəsidir ki, bir tərəfdən sorğusuz-sualsız itaət, digər tərəfdən mütləq hökmranlıq arzusu paradoksal surətdə azərbaycanlıların milli ruhunu təşkil edən iki əsas xüsusiyyətdir. E. Fromm da qeyd edir ki, sadist və mazoxist təmayüllər avtoritar şəxsiyyətə malik olan adamlarda paralel proseslər kimi formalaşır. Bu səbəbdən, Azərbaycanda zalımları məzlumlar yaradır. Azadlıq yükündən xilas olmaq istəyinin psixi cəhətdən hərəkətverici qüvvəsi müstəqil fərdiyyətə malik olan şəxsin ictimai həyatında qərarlarını özünün verməsi, seçimlərini özünün etməsi zərurətidir ki, bu da qərarlarından, seçimlərindən şəxsin özünün məsuliyyət daşımasını gündəmə gətirir. Azərbaycanlıların ən çox qorxduğu şey isə məsuliyyətdir. Onlar azadlığı məsuliyyət olmadan istəyir. Düçar olduğu uğursuzluğun, nailiyyət əldə edə bilməməsinin, müvəffəqiyyətsizliyinin səbəbini özündən kənarda axtarmaq, bu səbəbləri ictimai həyatın ədalətsizliyində, siyasi rejimin mahiyyətində, yaxud zəmanəmizin xislətində tapmaq azərbaycanlıya daha cazibədar görününr. Burada fatalizmin psixi rasionalizasiyası özünü biruzə verir. Azadlıq imkanı həmişə azadlıqla nəticələnmir. Bu, imkandan necə istifadə olunmasından asılıdır. Ayrıca azadlıq, onu həyata keçirmək üçün lazım gələn vasitələrlə birgə əldə edilməlidir. Azadlıq imkanı azərbaycanlıların əlində azadlıqsızlıqla nəticəlәnir, cünki azadlıq imkanını reallaşdırmaq üçün gərəkli olan vasitələrə malik deyil. Bu vasitələri azərbaycanlı özü yaradır. Azadlığı reallaşdırmaq naminə istifadə olunan vasitələr (yollar, metodlar) nəinki azadlıq durumuna yol açır, hətta azadlıq imkanını bütövlükdə ortadan qaldırır. Azadlıq imkanı azadlığın inkarıyla nəticələnir. Bunun səbəbi azərbaycanlının pozitiv azadlıq anlayışını tanımamağıdır; azadlıq deyəndə azərbaycanlı neqativ azadlığı—hər cürə təzyiqdən, müdaxilədən, zorakılıqdan, təlqindən xilas olmağı—başa düşür. Şübhəsiz ki, insanın özündən kənar qüvvələrin təzyiqindən və ya hökmranlığından qurtulması azadlığın birinci şərtidir, fəqət tək şərti deyil. Neqativ azadlığı, azadlığın tək şərti kimi görmək onu məqsədə çevirir; azadlıq isə məqsədə çevrildikdə illuziya olur. Halbuki pozitiv mənada azadlıq insana öz şəxsiyyətini müdaxiləsiz formalaşdırmaq, öz individual varlığını, özümlüyünü yaratmaq, intellektual-mental potensiyalını reallaşdırmaqdan ötrü lazımdır. Yəni azadlıq özü vasitədir; azadlığın bu şəkildə pozitiv idrakı azərbaycanlılara yaddır. Azərbaycanlı azadlığı niyə istədiyini bilmir, daha doğrusu onun nə işə yaradığını, nəyə lazım olduğunu bilmir. Bilmir ki, azadlıqla nə etməlidir. Azadlığı neqativ azadlığa reduktə etmək onu sərbəstliklə səhv salmaqdır. Azadlıq insanın öz zəif cəhətlərini, çatışmamazlıqlarını, qeyri-insani keyfiyyətlərini istədiyi kimi gerçəkləşdirmək sərbəstliyi deyil, əksinə öz çatışmamazlıqlarını, insana yaraşmayan cəhətlərini aradan qaldırmaq imkanı və fürsətidir. İnsan yalnız azadlıqla və azadlıqda əxlaqlı ola bilər. “Sərbəst bazar iqtisadiyyatı” anlayışından sərbəst bazar cəmiyyəti quraşdıran azərbaycanlılar isə azadlıqdan əxlaqsızlıq yaradır. Yaltaqlıq, qorxaqlıq, yalançılıq, rüşvət kimi qeyri-əxlaqi keyfiyyətlər azərbaycanlıların azadlıq anlayışının konkret təzahürləridir. Azadlıq məfhumunun neqativ anlayışla məhdudlaşdırılmasının bir nəticəsi də odur ki, insan tarixi prosesin aktiv subyekti olmaqdan çıxıb tarixin obyektiv inkişaf qanunauyğunluğunun bəsit, passiv aktyoruna çevrilir. Halbuki ictimai münasibətlər zəminində formalaşan insan əmək (iş, fəaliyyət, akt) sayəsində öz insani mövcudluğunu təkrar istehsal edir. Bütün canlıların ümumi cəhəti, hamısının bioloji baxımdan özünü bəsit təkrar-istehsal xassəsinə malik olmasıdır. İtin hürməsi onun bəsit özünü təkrar-istehsalıdır, ilanın sürünməsi, insanın danışması da o cümlədən onların bəsit özünü təkrar-istehsalıdır. Fəqət insan özünün bəsit yenidən-istehsalıyla kifayətlənmir, eyni zamanda əməklə, işlə, aktla özünün tarixi təkrar-istehsalına nail olur. Məsələn kosmik peyk icad edir, dövlət qurur, elm yaradır, şeir yazır, pendir istehsal edir və.s. İnsanın özünü tarixi yenidən-istehsalı onun öz bioloji, etnik, irqi, sinfi müəyyənolunmuşluğunu aşmaq, başqa sözlə hər cür determinizmi neqate etmek (inkarlamaq) cəhdi olduğundan, individual azadlıq prosesinin başlanğıcıdır. Deməli azadlıq insanın obyektlikdən subyektliyə yüksəlməsini ifadə edən durumdur. Bu mənada bir azərbaycanlının azərbaycanlı olmasıyla fəxr etməsi itin öz hürməsiylə qürrələnməsinə ekvivalentdir. Necə ki it hürərək azad olmur, azərbaycanlı da öz azərbaycanlılığını, yəni bioloji-fizioloji-irqi təyinatını vurğulamaqla azad olmur. Əgər bir qadın ictimai həyatında qadınlığına, bir gənc gəncliyinə, bir qara dərili dərisinin rənginə, bir ingilis ingilisliyinə, o cümlədən bir azərbaycanlı azərbaycanlılığına istinad edirsə deməli o, özünü obyektliyi ilə məhdudlaşdırır, daha doğrusu öz obyektliyini ideallaşdırır. Bu cür adamlardan ibarət olan xalq ən geniş mənada tarix yarada bilməz. İnsan fakt deyilsә, demәli onun azadlığı da fakt deyil. Azadlıq insana әvvәlcәdәn verilmir; insan, azadlığı әmәklә әldә edir, yәni azadlıq mütәmadi prosesdir. İnsan, mәnbәyi özündәn kәnarda olan determinizmlәri nә dәrәcәdә aşarsa o dәrәcәdә azadddır. Bu fikirlәrin işığında açıqca mәlum olur ki, azәrbaycanlılar bütün canlılara xas olan özünü bәsit tәkrar-istehsalı mәrhәlәsindәn o taya keçmәyi bacarmayıb. Çünki bu xalqın “milli mentalitet” adında nәhәng azadlıq düşmәni var.İnsan bir qadın kimi azad ola bilmәz, yalnız insan kimi azad ola bilәr; azad qadın ola bilmәz, azad insan ola bilәr. Bu qәbildәn, insan sırf qara dәrili olmağına görә azadlığa çata bilmәz, insan olmağına görә azadlığa çata bilәr; azad zәnci yoxdur, azad insan var. Bir azәrbaycanlı, azәrbaycanlı olmaqla azadlıq әldә edә bilmәz, insan olmaqla azadlıq әldә edә bilәr. Gәnc K. Marx “Yәhudi Mәsәlәsi” әsәrindә deyirdi ki, ”yәhudinin azad olması, cәmiyyәtin yәhudilikdәn xilas olmasından asılıdır”. Azәrbaycanlının azad olması, cәmiyyәtin bütövlükdә azәrbaycanlılıqdan xilas olmasından asılıdır. Azәrbaycanlı ancaq vә ancaq azәrbaycanlılıqdan qurtulduqda azad olacaq.

“İnsan”dan “fərd”ə

Azadlıq yollarında-1

İnsan nədirsə odur, onun qabaqcadan verilmiş tərifi yoxdur, mahiyyəti yoxdur. İnsan öz yaşayışıdır; o, nə yaşayırsa odur. A.Kamyunun sözüdür: “insan daim öz gerçəklərinin pəncəsindədir” Özündə başlayıb özündə başa çatır insan. Onu fərd eləyən varoluşudur.İnsan təkdir, təkliyi onun fərdiliyidir; nə Allah var, nə mahiyyət, nə ümumi əxlaq anlayışı, nə də hansısa qanunauyğunluq. İnsan azadlığa məhkumdur; insan durumdur, situasiyadır; insan azadlıqdır; “azadlıq istəyən” deyil, azadlıqdır. Çünki insan özünü seçir, özünü seçməsi onu konkretləşdirir, fərdləşdirir. “İnsan azadlığı” məfhumu liberal illuziyadır. Azadlıq insanın azadlığı deyil, “mən”in azadlığıdır. Azadlıq dəyişməz-universal “insan naturasının” azadlığı deyil, konkret insanın konkret durumudur. Azadlıq, azadlıq ideyası olmamalıdır, bir istək, bir arzu olmamalıdır; özümlük olmalıdır, özümə, öz bədənimə, öz varlığıma malik olmaq qüvvəsi olmalıdır. M.Ştirner bunu qışqıra-qışqıra demişdi, ona qulaq asmadılar.Materializm insanı obyektə, predmetə çevirdi; nəticəsi sosializm oldu. İdealizm insanı ruha və maddəyə ayırdı; nəticəsi - liberalizm. Liberal “insan” əslində fərd deyil, necə ki sosialist “insan” fərd deyil. Sosializm konkret insan tanımır, kollektiv insan tanıyır, “biz” tanıyır. Onun gözündə individual varlıq kimi insan deyilsən, ictimai varlıq kimi insansan. Liberalizmin gözündə isə varlıq növü kimi insansan, mücərrəd insansan. Konkret insan, konkret “mən” deyilsən, Məmməd, Əli, Sevinc deyilsən. Sənin hüquqların hamının hüquqlarıdır, ona görə də əslində heç kəsin hüququ deyil. Hamının olan heç kəsin deyil. “İnsan hüquqları”?! Liberalizm səndə səni görmür, “insan”ı görür. “İnsan” ümumbəşəri kateqoriyadır, bu səbəbdən də fərdiliyə yox, tarixiliyə dəlalət edir.Fərd zamanın tarixiliyində itir; tarix mahiyyətcə “individiumun” inkarıdır. Tarix obyektiv qanunauyğunluğun, kollektiv subyektlərin, dövlətlərin tarixidir. Diaxronizm “insan”a əsaslanır, fərdə yox; tarixilik “bəşəriyyət”ə aiddir, fərdə aid deyil. Niyə? Çünki keçmiş dərhal tarix olmur; keçmiş nə qədər bu günə yaxındırsa o qədər fərdidir, bu gündən uzaqlaşdıqca tarixləşir və tarixləşdikcə qeyri-fərdiləşir. Fərd “bəşəriyyətdə” yox olur. Tarix, fərdiliyin anti-tezidir. Odur ki, fərd “indi”yə məhkumdur. A. Kamyu demişkən, “indiki zamanın cəhənnəmində” yaşayır o. Fərd “indi”nin içində azadlıq durumudur. O ki qaldı “gələcəyə”, o, ümumbəşəri layihədirsə, qanunauyğunluqdursa fərdiliyə ziddir, durumdursa ekzistensialdır. Fərdin hekayəsi olur, həyat hekayəsi; insanın isə tarixi olur. Çünki insan ictimai münasibətlərin cəmidir, fərd isə instinktlərinin cəmidir, bədən üzvlərinin cəmi. İnsan dözülməzdir!Bədənin mühakiməsi zəkanın mühakiməsindən itidir. Zəka tələb edir: insan azad olmalıdır; insan dünyaya azad gəlir, ancaq hər yerdə qolları zəncirlənib. J.J.Russo sadəlövhlüyü! Bədən tələb edir: mənim azadlığım - “mən”in azadlığıdır. Qoluma, ayağıma, ətimə, bədənimə toxuna bilməzsən; o, mənim konkretliyimdir; o, mənim mülkiyyətimdir, yaşayışımın və ölümümün evidir. Bədən - mənəm. Bədən mənim vətənimdir, onun istəkləri mənim azadlığımdır. İnsan - azadlıqdır.Faciədir; bəşər insan məhkumdur. “Cəhənnəm özgələridir” deyirdi J.P.Sartr, yanındakı adam cəhənnəmdir. Xilas yoxdur, olmamalıdır. Xilas ideyası yeni buxovlar, yeni ağalar, yeni qandallar yaradır. “Xilas” yox, qiyam! “Mən”ə qarşı olan hər şeyə qarşı qiyam! Daimi qiyam, permanent qiyam; hər zaman, hər yerdə qiyam! Kifayət qədər pulu olmadığına görə müalicə edilməyən xəstə xəstəxanada, haqları əlindən alınan tələbə universitetdə, əri tərəfindən zorlanan və təhqir olunan qadın evdə, dindirmədə söyülən və döyülən “şübhəli şəxs” istintaqda, zorla mitinqə aparılan məmur iş yerində qiyama qalxmalıdır. Xəstə, palataya gələn baş həkimin üzünə tüpürəndə, tələbə rektoru döyəndə, qadın yatdığı yerdəcə ərinin cinsi orqanını kəsib zibil qabına atanda, saxlanılan şəxs çıxandan sonra polis məntəqəsini bombalayanda azad olacaq. Azadlıq - permanent qiyamdır.

“Mən”in azadlığı

Azadlıq yollarında-2
Bütün dəyərlər sistemi, bütün ideallar, bütün doktrinalar, bütün ali prinsiplər - hamısı əxlaq prinsipləridir. Fərdə zidd olan hər şey əxlaqidir. Qanunlara riayət edirsənsə - “təmiz vətəndaşsan”, qanunlara qarşı gəlirsənsə - “cinayətkar”. Qanun əxlaqilikdir; qanunlar əxlaqiliyə söykənir.Allahın hökmlərinə uyğun hərəkət edirsənsə - “fəzilətli adamsan”, həyatında Allah kəlamını nəzərə almırsansa - “günahkar”. Din əxlaqilikdir. Ölkə mənafeyini öz mənafeyindən üstün tutanda “vətənpərvər” olursan, ölkə mənafeyinə əhəmiyyət verməyib nəyin bahasına olursa olsun öz mənafe və istəklərinə görə hərəkət edəndə “vətən xaini” olursan. Vətən əxlaqilikdir. Bir sözlə, dövlətin olduğu yerdə hər şəy əxlaqilikdir, hər şəy əxlaqi dəyərlərlə əsaslandırılır. Dövlətin özü də o cümlədən.Əxlaqi prinsiplər “müqəddəsdir”. Din müqəddəsdir, vətən müqəddəsdir, millət müqəddəsdir, dövlət müqəddəsdir, ailə müqəddəsdir, ana müqəddəsdir, çörək müqəddəsdir, mücərrəd-ümumbəşəri varlıq kimi insan da müqəddəsdir. Məmməd, Əli, Sevinc, Rasim müqəddəs deyil, mən müqəddəs deyiləm, sən müqəddəs deyilsən, bizim mahiyyətimiz - “insan” müqəddəsdir. Bizim bir hissəmiz - “ruh” müqəddəsdir. “İnsan”ın əxlaqiliyinə qarşı fərd əxlaqdankənar varlıqdır. Əxlaqilik olan yerdə konkret insan (fərd) öz ekzistensial azadlığı naminə əxlaqsız, cinayətkar, günahkar olmağa məhkumdur. İnsan azadlığa məhkumdur!Səni aldadırlar. Guya azad vətəndaşsan, hansısa şəxsə qarşı, insanlara qarşı məsuliyyət daşımırsan. Bütün hərəkətlərinə görə təkcə qanunlara qarşı məsuliyyət daşıyırsan, yəni dövlətə qarşı. Çünki “insansan”. “İnsan insana qul olmaz!” Liberalizmin qələti budur. Bu eyni zamanda dinin də qələtidir. Liberalizmə görə, insan vətəndaşdır, yalnız qanunlara qarşı cavabdehdir. Dinə görə, insan bəndədir, ancaq Allaha qarşı cavabdehdir. Dində Allahın quluyuq, liberalizmdə qanunların. Əslində fərd olmaq üçün qanunlar, yəni dövlət qarşısında yox, digər fərdlər qarşısında məsuliyyət daşımalısan. İnsan öz ekzistensial seçimlərinə görə digər insanlara qarşı məsuliyyət daşıyacağı təqdirdə fərdləşir. Özündən “böyüyə”, özündən aliyə, özündən üstünə qarşı məsuliyyət daşımaq insanı qullaşdırır, bəndələşdirir. İnsan özünə bərabər olana qarşı cavabdeh olanda fərd olur. Liberalizm eynən din kimi, sosializm kimi, faşizm kimi totalitar xarakter daşıyır.Liberalizm eyni dərəcədə həm axmaqların, həm də hiyləgərlərin dinidir. Dövlətin minimal və ya maksimal olanı yoxdur. Dövlət varsa - fərd yoxdur. Hansı dövrdə olursa olsun, necə olursa olsun, rejimi, üsul-idarəsi nə olursa olsun, hakimiyyət kimin əlində olursa olsun dövlət həmişə quldardır; dövlət mahiyyətcə quldardır (Azərbaycan dövləti isə həm quldar, həm də quldurdur).Dövlət əxlaqi dəyərlərə söykənir; bayrağı müqəddəsdir, prezident vəzifəsinə and içərək başlayır, millət vəkilləri and içir, dövlətin toprağı müqəddəsdir, o torpaq uğrunda ölən şəhiddir, öldürən qəhrəmandır. Dövləti idarə edənlər yekə qarınları, bığları və saqqalları ilə, itləri və mollaları ilə, ağızlarının suyu, zəhlətökən sifətləri, dördbucaq başları ilə müqəddəsdirlər. Onları təhqir etmək olmaz. Amma onlar bizi təhqir edə bilər. Vətən uğrunda, millət, torpaq, dövlət, prezident və onun itləri uğrunda bizi - fərdləri təhqir edə bilirlər.Nitsşe sizə demişdi: “İnsanın yaşantısından əldə edilməyən bir dəyər ona ziddir”. Fərdin burnuna müqəddəslikdən nəcis iyi gəlir. O alman bu üfunəti tez-tez hiss edirdi. Müqəddəslik olan yerdə fərdin özünüseçimi yoxdur. Fərdin dövlətə, dinə, ailəyə qarşı mübarizəsi müqəddəs olmayanın müqəddəs olana qarşı mübarizəsidir. Bu qiyamda Ştirner hamımızı qabaqlamışdı: “Hər fərd anadangəlmə insana və dövlətə qarşı cinayətkardır”.Azadlıq aktla və aktda meydana çıxır. Azadlıq istəmə, azadlıqla əldə etmək istədiyin nədirsə, birbaşa onu istə! “Söz azadlığı” istəmə, danış! Söz azadlığı sənin azadlığın deyil, sözün azadlığıdır. Din azadlığı dinin azadlığıdır. Fikir azadlığı fikrin azadlığıdır. Fikir azadlığının ancaq o vaxt mənası ola bilər ki, sırf sənə məxsus olan bir fikir deyəcəksən, sənin özünə məxsus olan, öz fərdi yaşayışının məhsulu olan bir fikir. Əks təqdirdə fikir azadlığı sənin azadlığın olmayacaq, fikrin azadlığı olacaq. Məsələn, deyə bilməlisən ki, “dövlətlə din eyni şeydir, dövlət dindir, dövlət zorakılıqdır, dininizə də tüpürüm, dövlətinizə də”. Deyə bilirsən? Yox. Məsələn, deyə bilirsənmi ki, “mənim yaşıl rəngdən və onun simvolik mənasından zəhləm gedir, ateistəm, buna görə də Azərbaycan bayrağından iyrənirəm, ay və ulduz görəndə isə qusuram”. Deyə bilirsən? Yox. Bəs, fikir azadlığı sənin nəyinə lazımdır? Deyə bilirsənmi “parlamentiniz başınıza dəysin, qanunları varlılar kasıblar üçün yaradırlar; parlament zibilxanadır”. Deyə bilirsən? Yox. Nəyinə lazımdır fikir azadlığı? Fikir azadlığı sənə ona görə verilib ki, onların fikirlərini deyəsən, icazə verilən fikirləri. “İnsan azadlığı” sənin azadlığın deyil, sənin özümlüyün, fərdiliyin deyil; azadlığın bir hissəsidir, yarısından azıdır, azadlığın “icazə verilən” qismidir; onların azadlıq dediyi şey, sənin mövcudluğunun icazə verilən hissəsinin azadlığıdır. “İnsan hüquqları” sənin azadlığın deyil, səni idarə edən qüvvələrin, sənin ağalarının, buxovlarının, bir sözlə, dəyərlərin, prinsiplərin azadlığıdır. Kamyuya qulaq as, “istəmək ziddiyyətlərə yol açmaqdır”. Onlardan azadlıq istəmə, özünü istə onlardan, “mən”ini al!

Dünyəvi dövlət: ikiallahlılıq


İncildə deyilir ki, İsadan soruşurlar: Sezara (Roma imperatoruna) vergi vermək düzgündür, ya yox? İsa onlardan bir sikkə istəyir, verirlər. Sikkəyə baxıb deyir ki, bu yazı, bu surət Sezara məxsusdur, elə isə Sezara məxsus olan şeyi Sezara, Allaha məxsus olanı Allaha verin.Roma kilisəsi ilə Roma dövləti arasındakı hakimiyyət çəkişməsi zəminində dünyəvilik anlayışının formalaşmasında əsas arqument bu oldu. Sonradan Avreli Avqustin səmavi işlərlə dünyəvi işləri bir-birindən ayırmaq məqsədilə, fərqində olmadan dünyəvilik anlayışının əsaslarını qoyan «De Civitate Dei» («İlahi dövlət») əsərini yazır. Bu əsər məqsədləri baxımından bir-birinə zidd iki dövlətin varlığından danışır: «Civitas Dei» («İlahi dövlət») və «Civitas Terrana» («Dünyəvi dövlət»). Avqustin deyir ki, bunlar ideal tipologiyadır, din işləri ilə dövlət işlərinin bir-birindən ayrılmasını əsaslandırır, real ictimai həyatda isə bu dəyərlər bir-birinə qarışıb.Dünyəvilik (laicus) o vaxt tamamilə bərqərar oldu ki, hakimiyyətin mənbəyi statusu Allahın əlindən alınıb “xalq”a verildi. Təfəkkür müstəvisində proses belə oldu: Allah güclü, ancaq faydasız bir fərziyyədir, bu fərziyyədən xilas olmaq pis olmazdı, amma Allahı yox etmək olmur; yox etmək olmursa, ona cəmiyyətdə bir funksiya tapmaq lazımdır. Onsuz da Allah olsa da, olmasa da, cəmiyyət müəyyən dəyərlərə, apriori etik normalara söykənir. Bəşəriyyət məhz bu dəyərlərlə, bu dəyərlərin mövcudluğuna istinadən Allahı təzədən istehsal edir. Bu məqamda dünyəvilik prinsipi həlledici rol oynadı; madam ki Allah olsa da, olmasa da, bu dəyərlər var, deməli, Allahı qadağan etmək əvəzinə onu bir yerə - əxlaqi dəyərlərin ictimai sferasına göndərmək lazımdır.Dünyəvilik anlayışı Allahın rolunu azaltmaq, onu məhdudlaşdırmaq cəhdidir. Lakin bu maarifçilik etikası Allahın kəmiyyətcə çoxalmasına gətirib çıxarır, Allah iki dənə olur: evdəki Allah və dövlətdən qovulan - cəmiyyətdəki Allah. Allah elə bir şeydir ki, insanın olduğu yerdə onu çərçivəyə salmaq, məhdudlaşdırmaq mümkün deyil; harada insan varsa, orada Allah qoyulduğu yerdə durmur, çoxalır. Dünyəvilik prinsipinin qüvvədə olduğu dövlətdə evdəki Allah danışır, qışqırır, hökmranlıq edir; cəmiyyətdəki Allah isə pantomima ilə məşğuldur, səsi çıxmır, ancaq işini görür.Azərbaycan Konstitusiyasına görə, din işləri ilə dövlət işləri bir-birindən ayrılıb, dövlətin dini yoxdur. İllüziyadır! Qafqaz Müsəlmanları İdarəsi dinin dövlətə müdaxiləsinin təminatıdır. Dini Qurumlarla İş üzrə Dövlər Komitəsi isə dövlətin dinə (ictimai həyata) müdaxiləsinin tənzimləyicisidir. A.Paşazadə ölkənin həlledici məsələlərində ictimai rəyə təsiredici rol oynayır, kimə səs vermək lazım gəldiyi mövzusunda fikir deyir, onun mollaları siyasi məsələlərdə “xalqa” yol göstərir. Qafqaz Müsəlmanları İdarəsi siyasi qərar vermə mexanizmində müəyyən səlahiyyətlərə malik olmasa da, bu mexanizmdə gizli və imtiyazlı statusa malikdir. Xülasə, dövlət cəmiyyətdəki Allahı, cəmiyyətdəki Allah da dövləti nəzarət altında saxlayir.Bundan əlavə, cəmiyyət bütövlükdə dini təfəkkürdən xilas olmadıqca, ictimai münasibətlər sistemi sekulyar təfəkkür tərzi üstündə qurulmadıqca dünyəvilik prinsipinin təsir qüvvəsi məhdud olmağa məhkumdur.Azərbaycanda hər şey dinidir; evdə, iş yerində, ictimai həyatda bütün münasibətlər dini xarakter daşıyır. “Milli” deyilən şey də dinidir, dindar da dinidir, dinsiz də dinidir; təfəkkür bütövlükdə dinidir. İctimai münasibətlər sistemi başdan ayağa dini təfəkkürə köklənib, dövlət-vətəndaş münasibətləri belə mənbəyini dini dünyagörüşdən alır. Sorğu-sualsız qəbul etmək, apriori ehkamlar, doqmatizm, mütləqçilik azərbaycanlı təfəkkürünün dini xarakterinin əsas elementləridir. Ağsaqqal-ağbirçək despotizmi, böyüyə hörmət ehkamı, “ana-bacı” diktatorluğu dini təfəkkürdən irəli gələn dəyərlərdir. Dini yox etmək üçün əvvəl diniliyi yox etmək lazımdır.Son nöqtə:Cəmiyyətdə klerikal (din adamları) təbəqənin yaranması dünyəvilik anlayışının təzahürlərindən biridir. Dövlətin rəsmi dini yoxdur, amma cəmiyyətdə hacılar, məşədilər, kərbəlayilər təbəqəsi var. Onlar əzənlərdir. Sartr bunu demişdi: “Din adamları əzilən sinif ola bilməz, onların naturası əzməyə indekslənib”.Mən də deyirəm ki, soyadı Əliyev, özü isə “hacı” olan prezidentin ölkəsində hər ən, hər kəs həbs oluna bilər, “allahsızlıq” ittihamı ilə hər an, hər kəs qətlə yetirilə bilər. Dünyəvilik prinsipi cəfəngiyyatdır.

Realizmə qarşı reallıq

... Danışırdı, danışdıqca sözlər ağzından başqa bir şeyi ört-basdır etmək üçün çıxırdı.
V. Gombroviç-“Pornoqrafiya” romanından
Reallıq nәdir? ABŞ ordusu İraq xalqına azadlıq apardı, indi İraqda vәtәndaş müharibәsi gedir. Realıq hansıdır? Azәrbaycanda siyasi idarәetmә forması parlamentar demokratiyadır, ancaq hәmişә eyni partiya hakimiyyәtdәdir. Reallıq hansıdır? İnternet vasitәsilә istәnilәn bilgini әldә edә bilirsәn, lakin bu bilgilәr eyni zamanda nәzarәt altındadır; texnologiya hәm bilgi istehsal vasitәsidir, hәm dә әn effektiv nәzarәt mexanizmidir. Reallıq hansıdır? “Coca-cola ilә azadlığına çat!”, halbuki coca-cola mәdәyә zәrәrlidir. Reallıq hansıdır? Reallıq nәdir?“Reallıq elə bir şeydir ki, onun özünə bərabər reproduksiyasını yaratmaq mümkün deyil.” J. Bodriyarın fikridir. Reallığın reproduksiyasını yaratmaq cəhdi ədəbiyyatın reallıqdan uzaqlaşmasına, başqa sözlə, qeyri-real olmasına gətirib çıxarır. Yəni relizmin, reallığı olduğu kimi əks etdirmək cəhdi əbəsdir. ədəbi mətn reallığa nə qədər “sadiqdirsə”, reallıqdan o qədər uzaqdır. Çünki reallığın özü qeyri-realdır; reallıq fiksiyadır, simulyasiyadır. İndiki dövrdə reallıq artıq görünmür, hər yerdə realığın estetik halusinasiyası içində yaşayırıq. Gördüyümüz şey onun özü deyil. Həyat virtual reallıq (simulyasiya) olaraq estetizə edilir, reallığın özü isə bu “realizasiya” oyununda yox olur. Reallıq “yoxdursa”, realizm boşboğazlıqdır.Çağdaş yazarlarımız, xüsusən də Azad Yazarlar Ocağının “realist postmodernistləri” başa düşməlidirlər ki, realizm “danışmır”, açıqlamır, yaratmır; təsvir edir, əks etdirir. Bunu bilmədiklərinə görə, əsərləri reallığın mətn halında reproduksiyasından ibarətdir. Onların fikrincə, “həyat” ədəbiyyat üçün hər şeyi qabaqcadan “verib”. Əllərinə-üzlərinə sosialist realizmi bulaşmış, həyatın bu estet fetişistlərinin əsərlərində hər şey bu və ya digər formada metaforalarla verilir; bu metaforalar, demək olar ki, dilə sonradan əlavə olunmuş saxta qəliblərdir. AYO yazarları dilin mətndə yüksək təzyiqə yol açan daxili imkanlarını kəşf etmək əvəzinə, ədəbi yaradıcılıq işini sırf texniki məşğuliyyətə çeviriblər. R. Bart onları nəzərdə tuturmuş kimi deyirdi: “realist yazı heç vaxt inandırmır, reallığı cansız bir predmetmiş kimi ‘dilə gətirmək’ üçün onu yalnızca təsvir etməyi bacarır.”Qısası, AYO yazarları, sələfləri kimi reallığı təsvir edirlər. Reallığın təsvir edilməsi, onun təkrar istehsalı deməkdir, başqa sözlə deskripsiya reallığın mətndə çoxaldılmasıdır. Bu bütün realistlərin tipik yanılğısıdır. Elə bilirlər ki, reallıq ona tamaşa edəndə meydana çıxır; elə bilirlər ki, reallığı obyektiv olaraq canlandırmaq mümkündür. Dərk etmirlər ki, əsərin “dünyası” reallığın obyektiv-fenomenal görünüşü deyil, onun subyekt tərəfindən tənzimlənən, yenidən formalaşdırılan, deformasiya yoluyla yenidən yaradılan, hətta icad edilən durumudur. Real dünya heç vaxt tamamən obyektləşdirilə bilməz; yazar həm yazan, həm də yazılandır. O təkcə reallığın “şahidi” deyil, həm də reallığın içindədir. J. P. Sartr desin, qulaq asın: “söz aktın müəyyən bir momentidir və aktdan kənarda dərk oluna bilməz.” Yazmaq aksiyadır; metaforayla, təsvirlə, təşbihlə, təhkiyə ilə dinamik ədəbiyyat yaratmaq olmaz.Kənarda durub reallığa baxan yazar, istər-istəməz reallığın istehlakçısı olur. O, reallığı əks etdirəndə onu istehlak edir; oxucu üçün təkrar istehsal edir, amma özü üçün istehlak edir. AYO-nun istehlakçı-yazarları bir reallığı təsvir etdikdə, onu “reallıqların cəmindən” çıxırlar. Belə düşünürlər ki, artıq o reallıq bitdi (tükəndi); sonra keçirlər o biri reallığa, daha sonra başqa reallığa və s. Bu minvalla reallığı istehlak edib bitirirlər. Bundan sonra gözləyirlər ki, yeni reallıqlar yaransın. Onların ədəbiyyatında bu monoton, yeknəsəq, təktərəfli qaçdı-tutdudan başqa heç nə yoxdur.Hər növdən realist (bizimkilər də daxil olmaqla) yaşadığı dövrün, mənsub olduğu cəmiyyətin obyektiv tarixcisi, bir sözlə hadisələrin salnaməçisi olmaq tələsinə düşür. Nəticədə ədəbiyyat bir növ estetik historioqrafiaya çevrilir. Yazmaq reallığı, nəsnələr dünyasını dəyişdirmirsə, deməli, əsərin estetik-performativ gücü oxucuda o “dünya” ilə bağlı müxtəlif təəssüratlar oyadmaqla məhduddur. Bu mənada, bir tarixi əsərlə ədəbi əsər arasındakı fərq, birincinin real dünyanı səbəb-nəticə əlaqəsi konteksində təcəssüm etdirməsi, ikincinin isə ancaq nəticəni göstərməsidir. Çünki deskripsiya durumların, nəsnələrin, aktların nəticələrini “görə bilir”, onların canlı dinamizminə nüfuz edə bilmir. M. Kundera haqlıdır: ”yazar nə tarixçidir, nə də peyğəmbər; o, varoluşun kaşifidir.” Bu kəşf ancaq o vaxt mümkün ola bilər ki, ədəbi yaradıcılığın impulsunu reallığın - onun özünün yaratdığı estetik perspektivlərlə - təkrar istehsalı yox, reallığın mətndə və mətnlə dekonstruksiyası təşkil etsin.SON NÖQTƏ:Bizim əldəqayrılma postmodernistlərimiz J. F. Lyotarın dediklərinə diqqət yetirsələr yaxşı olar: “Hansı dövrdə olursa-olsun, reallıq ancaq onun yoxluğu dərk olunaraq kəşf edildikdə və başqa reallıqlar icad edildikdə çağdaşlıq bərqərar ola bilər.” Bu fikrə bir əlavəsi də var: çağdaş ədəbiyyat “prezentasiyası mümkün olmayan şeyi, bu mümkünsüzlük daxilində ifadə etməklə” və eyni zamanda “ifadə edilməsi mümkünsüz olan şeyi, ifadənin (prezentasiyanın) özündə irəli sürməklə” mövcud ola bilər. Buna da bir fikir əlavə edir: “Çağdaş əsər, prezentasiyası mümkün olmayan şeyin mənasına çatmaqdan ötrü yeni ifadələr (prezentasiyalar) axtaran əsərdir.” Biz də deyirik ki, bu, dildə yeni semantik cəhdlərlə, fiksiya ilə, imaginasiyayla; mətnin mətndə yox, reallığın mətndə dekonstruksiyasıyla mümkün ola bilər. Yazarın, reallığın paraziti olması ilə yox.

Azərbaycan Roma Respublikası

Azərbaycanda demokratiya yoxdur, respublika var. Monteskye iki cür respublikadan danışırdı: demokratik respublika və aristokratik respublika. Fransız mütəfəkkiri bu təsnifini siyasi hakimiyyətin sinfi təməllərinə istinad edərək əsaslandırırdı. Aristokratik respublika dövlət formasına öz dövrünün Venetsiya dövlətini örnək göstərirdi. Aristokratik respublikanın tipik nümunəsi qədim Roma Respublikası olub. Mənimsə ağlıma aristokratik respublika kimi həm qədim Roma, həm də çağdaş Azərbaycan gəlir. Romalı mütəfəkkir Polibi deyirdi ki, bir konsulun (dövlət başçısının) hakimiyyətinə baxanda fikirləşirsən ki, Romada monarxiya üsul-idarəsi var; senatın iqtidarına baxanda elə bilirsən Roma aristokratik dövlətdir; xalqa verilən iqtidar səlahiyyətlərinə nəzər saldıqda zənn edirsən ki, Romada dövlət quruluşu demokratiyadır. Polibi xalq iqtidarı deyəndə “komitia tributa”ları nəzərdə tuturdu.Gələk çağdaş Azərbaycan Respublikasına. Prezidentin iqtidarına (gücünə) baxanda Azərbaycanın dövlət quruluşu monarxiyadır. Milli Məclisin tərkibinə və roluna baxanda sanki Azərbaycanda siyasi idarəetmə forması aristokratiyadır (millət vəkili olmaq üçün “patrisi” olmaq lazımdır). Xalqın hakimiyyətdə iştirakına, konkret desək, müxalifət partiyalarına nəzər saldıqda elə bilirsən ki, Azərbaycanda demokratik dövlət quruluşu hakimdir.Azərbaycan prezidenti romalı “konsul” qədər güclüdür, onun qədər iqtidar sahibidir. Milli Məclis qanunvericilik funksiyasından çox prezidentin “məsləhət şurası” funksiyasını həyata keçirir. Bu baxımdan qədim Romanın senatına adekvatdır (elə millət vəkillərimiz də sifətdən Roma senatorlarına oxşayır). Müxalifət partiyaları isə bir növ bizim “komitia tributa”larımızdır; yığışırlar, etiraz edirlər, bəyanat verirlər, ancaq həmişə müxalifətdədirlər. Çünki onlar xalqdır, “plebey”dir.Qədim Romada yunan fəlsəfi cərəyanlarından məhz stoaçılığın yayılıb qəbul olunmasının əsas səbəbi o idi ki, bu fəlsəfi doktrina hakim sinfin ideologiyası üçün münbit zəmin yaradırdı. Siseronu, yaxud Senekanı xatırlayın. “Res publica res populi” deyirdi Siseron, “nə dövlətdirsə, o - xalqdir”, yaxud “dövlət olan - xalq olandır”. Bu isə o demekdir ki, xalqın azadlığı dövlətə itaət etməkdən ibarətdir; azadlıq dövlətlə və dövlətdə mümkündür. Seneka bu mühakiməni məntiqi nəticəsinə çatdırırdı: əsas məsələ daxili (mənəvi) azadlıqdır, cismani və zahiri azadlıq isə əhəmiyyətsizdir; insan qul olsa da, azad ola bilər.Bu baxımdan azərbaycanlılar anadangəlmə stoaçıdırlar. Quldarlıq quruluşunda qul özü özünün sahibi deyildi, özünə malik deyildi, buna görə də heç nəyə görə məsuliyyət daşımırdı, heç nəyə görə cavabdeh deyildi. Azərbaycanlıların dövlət qarşısındakı azadlığı da bu cürdür, “heç nəyə görə məsuliyyət daşımamaq” mənasında azadlıqdır, yəni özünə sahib olmamaq durumudur. Bu azadlıq özünüinkar azadlığıdır, yəni «qul azadlığı»dır.Romalı qullarla azərbaycanlı “qullar” arasında iki əsas fərq var: Roma hüququnda qul insan sayılmırdı, amma insan idi; Azərbaycan hüququnda isə “qul” insan sayılır, amma insan deyil. İkincisi, Romada qulların əksəriyyətini kişilər təşkil edirdi, Azərbaycan “qul”larının əksər hissəsi isə qadınlardan ibarətdir (bəlkə bunu da əlavə etmək olar ki, azərbaycanlı qullar romalı qullara nisbətən daxilən daha azaddır. Çünki azərbaycanlıların İslam kimi dini var).Siseron maraqlı bir fikir irəli sürürdü: “Sözünü demək”dən ötrü xalqa imkan yaradılmalıdır; “tribunalar” kimi məclislər qurub xalqın ixtiyarına vermək lazımdır. Böyük mütəfəkkirin məqsədi demokratiya deyildi, əksinə, onun fikrinə görə, aristokratik sistem öz mövcudluğunu bu şərtlər daxilində davam etdirə bilərdi. Hakim sinif bu yolla xalqı inandırır ki, sən də sistemin içindəsən, ona daxilsən. Beləcə, xalq məclisləri mövcud sistemin özünü təkrar istehsalının aparıcı qüvvəsinə çevrilir. Xalq danışdıqca, istəklərini dilə gətirdikcə sistemi yıxmaq potensialı( gücü) azalır; xalqın zəif təbəqələri fərqində olmadan sistemin tərkib hissəsi olur. Azərbaycanda siyasi müxalifətin və qeyri-hökumət təşkilatlarının bundan başqa funksiyası yoxdur. Azərbaycan xalqı azad olacaqsa, onu “qul üsyanları” azad edəcək. Bu ölkədə leqal müxalifət siyasi ekshibisionizmdir.Son nöqtə:Diktator termini və diktatura qurumu Roma Respublikasının kəşfidir. Fövqəladə durumlarda, çətin vəziyyətlərdə dövlətin bütün səlahiyyətləri senat tərəfindən müəyyən müddətə və müəyyən məqsədlərlə bir şəxsə verilirdi. O şəxsə diktator deyilirdi. 1993-cü ildə Azərbaycan Milli Məclisi ölkənin ağır vəziyyətində öz “diktatorunu” Naxçıvandan çağırdı. Bütün dövlət səlahiyyətlərini “müəyyən müddətə” və “müəyyən məqsədlərlə” ona verdi. Azərbaycan qədim Roma Respublikasının layiqli davamçısıdır.

İnkar! Nəyi inkar?

Sinif və yazı

Hər ədəbi yazı dünyanın hansısa görünüşünü, reallığın hansısa konkretliyini, yaşayışın hansısa durumunu seçir. Bu seçim eyni zamanda hansısa oxucu kütləsinin seçilməsi deməkdir; yazar temasını seçəndə oxucusunu da seçir. Yəni hər yazı yazılmazdan əvvəl oxucusunun təsəvvürünə malikdir. Deməli, sual belə olmalıdır: ədəbi yazı hansı şərtlər daxilində və hansı proseslərin nəticəsi kimi yaranır? Bu sualın cavabı yazarın sinfi mənsubiyyətini aşkara çıxarır.Azərbaycanda bir-birilə mübarizə aparan iki ədəbi qurum var: Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azad Yazarlar Ocağı (AYO). AYB-nin yazıçıları ölkənin hakim sinfinin - böyük burjuaziyanın parazitləridir; onları bu sinif və bu sinfi münasibətlər saxlayır. AYO yazarları isə xırda burjua sinfinin agitator inkarçılarıdır.AYB-nin mövcudluğu müəyyən avtonom dəyərlərə istinad etmir; o, dövlət qurumudur, avtonom dəyərləri ola bilməz. L.Altusserin termini ilə desək, bu təşkilat dövlətin ideoloji aparatlarından biridir. Funksiyası və iş mexanizmi baxımından Elmlər Akademiyasından, təhsil ocaqlarından, kütləvi informasiya qurumlarından, Qafqaz Müsəlmanları İdarəsindən, Akademik Dram Teatrdan fərqi yoxdur. Bu aparatın yazıçıları dövlətin maaşlı ideoloqlarıdır. A.Gramşi bu cür ziyalıları mövcud ictimai-siyasi quruluşun “üzvi aydınları” adlandırırdı.Yazar oxucunun ictimai şüurudur; o, dünya (həyat) ilə oxucu arasında bir növ vasitəçidir. Yazar imtiyazlı sinifdən kənarda qalmaqdan qorxub özünü o sinfin qucağına atanda ədəbiyyat hakim sinfin legitimlik diskursuna çevrilir. Oxucu ilə dünya arasındakı vasitəçilik rolu hakim sinfin sıralarında, aktiv idarə edənlərlə passiv idarə edənlər arasında həyata keçirilir. Nəticədə oxuyan özü də yazdığına görə oxuyur; yazıçının oxucusu başqa bir yazıçı olur. Buna görə də AYB yazıçısının şüuru rahatdır; buna görə də yazdıqları ictimai şüuru narahat etmir. Onun üçün ədəbiyyat öz sinfi üstünlüyünü qoruyub saxlamaq vasitəsidir. Yazmaq - onun gözündə hökm etməkdir.AYB oxucusu müxtəlif müəlliflərin əsərlərində eyni fikirlərlə qarşılaşmaqdan, eyni dünyagörüşünü “yalamaqdan” bezmir, çünki bunlar öz fikirləri, öz dünyagörüşüdür. O, başqa fikirləri eşitmək istəmir, tək istədiyi odur ki, öz fikirləri ona estetizə edilmiş şəkildə, gözəl duyğular “cildində” təqdim edilsin. Bu cür oxucular, F.Nitsşe demişkən, “gözəl duyğuları sübut kimi qəbul edirlər”. Odur ki, əsərdə sinfi mövqelərinin, sosial statuslarının estetik təsdiqini tapırlar. AYB-nin qoca (əslində ölü) yazıçılarının əsərlərindəki psixologizmin köklərini burada axtarmaq lazımdır. Yaddan çıxarmaq olmaz ki, yazar oxucusunu seçəndə tematikasını və üslubunu da müəyyənləşdirir. Onların oxucusu əsərdə öz ekzistensial durumunu görmək istəmir, bunun əvəzinə psixi durumunun “təhlilini” görmək istəyir.AYO yazarı isə subyektiv sinifsizləşmə illüziyası yaradır, tipik xırda burjua instinkti ilə özünü sinifsizmiş kimi göstərir. Bu səbəbdən oxucusunun şüuru kimi öz şüuru da parçalanıb. Bir tərəfdən, milli-mənəvi dəyərlərə qarşı qiyamdan danışır, digər tərəfdən, Güney Azərbaycan istiqlal hərəkatından; arada inkarçıdır, arada dövlət rəmzlərinin təəssübkeşi; gah solçudur, gah da kapitalist dövlətdən dəstək umur; həm köhnə nəslə qarşıdır, həm də o qocalardan tərif gözləyir. Ancaq bu şüur bölünməsindən narahat olmur, əksinə, bu ziddiyyətlə fəxr edir. Bunu praqmatizm kimi yox, fərdi azadlıq kimi qələmə verir. Güya o, azad yazardır, dostunu-düşmənini özü seçir, heç kəsdən asılı deyil; guya yazmaqla sinfi determinizmdən xilas olub. AYO yazarı sinifsizləşməni tənhalıq tərənnümünə çevirir; yazdıqca “yalqızlaşır”, oxucusuyla birgə “yalqızlaşır”.Xırda burjua yazıçısı oxucusunu inkara çağırmaq məcburiyyətindədir. Bu, sinfi mənsubiyyətinin tələbidir. Amma nəyi inkar? Həqiqətən nəyi? AYO yazarının inkar çağırısı agitasiyadır. O, mövcud ictimai-siyasi quruluşun dağılmağını istəmir, sistem içində imtiyaz istəyir. Qiyam və inkar onun əlində ictimai münasibətlər sisteminin transformasiyasının hərəkətverici qüvvəsi deyil, sənət növüdür, estetik hərislikdir, janrdır. AYO-nun solaxay millətçisi özünü cəmiyyətə yad hiss edir, amma bir tərəfdən də cəmiyyət onun yuvasıdır. Cəmiyyət ona şöhrət üçün lazımdır. Oxucusunu inkara çağırır, eyni zamanda da hakim sinfi və onun yazıçılarını tolerant olmağa, özünütənqidə, imtiyazlarından imtina etməyə, “gənc yazarlara qayğı göstərməyə” çağırır. Oxucusu üçün yenidir, amma bu yenilik təhlükəli deyil, əyləncəlidir. AYO yazarı sistem üçün təhlükə deyil, əyləncədir.AYO yazarlarının inkarçılığı ictimai mühitin özünün tənqidi xarakterindən irəli gəlir. Tənqidi xarakter daşıyan mühitdə tənqid ediləsi məsələlər tapmaq çətin deyildi. Ənənəvi ədəbi anlayış, mövcud ədəbi qurumlar, onların fəaliyyəti və nəşrləri və s. inkara “gəl-gəl” deyirdi. Gələcək mifi yox olmuşdu, keçmiş isə determinant rolunu tamamilə itirmişdi. Yeni yazar yeni zaman periodu tapmalıydı. Tapdı: indiki zaman. Bu “aktual” zamana uyğun estetik konsepsiya kəşf etməliydi. Etdi - postmodernizm. Daha keçmiş və gələcək ola bilməzdi, hər şey “indi”də idi. AYO yazarlarının yazılarına “indiki zaman” hakim kəsilib; əsərləri gündəlik həyatın aktual təsəvvürlərinin estetizasiyasından ibarətdir. Onların təfəkküründə ədəbi dəyərin meyarı “indi”dir. “İndi” xırda burjua yazarının sığınacağıdır.
Son nöqtə:
İndiki zaman ehtirası çağdaş yazarları idealizmdən qoruyur, lakin onları pozitivizmə sövq edir. AYO yazarı “konkret”də ilişib qalıb. Onun əsəri “konkret”i “konkret”lə göstərir, konkretdən konkretə gəlir. Mücərrəd olanı mücərrəd şəkildə göstərmək metafizikadırsa, konkret olanı konkret yolla ifadə etmək də pozitivizmdir. AYO-nun xırda burjua yazarları metafizik-idealist ədəbiyyata qarşı pozitivist ədəbiyyat yaradıblar.

“Ağac” ağac deyil!

Şair, yağışdan danışma bizə,yağışı yağdır!
Hind atalar sözü
Çağdaş poeziya təxminən otuz-qırx ildir ki, nəsrdən qıdalanır, daha doğrusu nəsrə xas elementlər şeirə hakim kəsilib. Şübhəsiz ki, nəsr şeirə təsir edə bilər, amma şeirin spesifik-xarakteristik xassəsi yox olmamalıdır. Şeirin şeirliyinə xələl gəlməməlidir. “Nəsr dilinin” poetik çərçivədən keçmədən, olduğu kimi şeirə sirayət etməsi poeziya baxımından zərərli tendesiyadır. Son dövr Azərbaycan ədəbiyyatında da “nəsr dili” ilə “şeir dili” arasındakı sərhədlər ortadan qalxıb. Bunun bir səbəbi odur ki, şairlərimiz eyni zamanda nasirlərimizdir; nasirlərimiz də eyni zamanda şairdir. Qəribə burasıdır ki, gənc şairlərimiz şeirdə nasir, nəsrdə şairdirlər. Nəticədə nə böyük şeir yaranır, nə də böyük nəsr. Bu spesifik durum Azad Yazarlar Ocağı ətrafında toplaşmış yazar-şairlərdə daha çox özünü büruzə verir. AYO mühitindəki yazar-şairlərdə “nəsr dili” ilə “şeir dilinin” bir-birinə qarışmasının daha dərin və mürəkkəb səbəbləri də var.AYO yazar-şairlərinin ədəbi dil anlayışı bulanıqdır; əslində demək olar ki, ədəbi dilin mahiyyətinə dair hansısa anlayısa malik deyillər. J. P. Sartr olsaydı deyərdi ki, bu yazarlar “dil qarşısında şəxsiyyətsizləşmə böhranı içindədirlər”; dildən necə istifadə edəcəklərini bilmirlər. Dildən sadəcə olaraq bir vasitə kimi istifadə edirlər. Sözlər onlar üçün nəsnədir, predmetdir; ağac kimi, ot kimi təbii inkişaf yolu keçən şeylərdir. Halbuki, böyük şeir o vaxt yarana bilər ki, şair sözü “təbiətdən” təcrid edir, onu əhliləşdirir. Yəni sözdən bir nəsnə, bir predmet kimi yox, nəsnələrin ifadəsi, predmetlərin əlaməti, şeylərin mənası kimi faydalanır. Dil şüuruna malik olan şair üçün dil bir durumu, bir fikri ifadə etmə vasitəsi deyil; dil mühitdir, şəraitdir, durumun özüdür. Böyük şair bilir ki, şeir dilin özüdür.Əgər sözlər şair üçün sadəcə nəsnədirsə, bu o deməkdir ki, şair sözlərdə ayaq saxlayır, sözlərdə dayanır, sözlərdən o taya keçə bilmir. Onun gözündə söz mənanın özüdür. Belə olan təqdirdə sözlər ifadə etdiyi şeyin özüylə məhdudlaşır, başqa cür desək, söz ifadə etdiyi şeyin, nəsnənin bəsit inikası olur. Yəni dil bütövlükdə predmet-sözlərə müncər edilir. Əsər də bu predmet-sözlər yığınından ibarət olur. Şair “ağac” deyəndə, bu söz ağacı göstərir, ağaca dəlalət edir; ağacın təbiətdəki funksiyasını mətndə ağac sözü yerinə yetirir. Beləliklə, dil, daha doğrusu ədəbiyyat varlığın (təbiətin, cəmiyyətin, insanın) kölgəsinə, epifenomeninə çevrilir. Çünki mətndə məna, yəni sözün ifadə etdiyi (mənalandırdığı) şey qabaqcadan verilib, məna faktdır; məna hər sözün, hər məfhumun tərkib hissəsidir; məna söz qədərdir, sözün “göstərdiyi” qədərdir. Yəni sözdən o tərəfdə məna yoxdur; yəni ağac sözünün orfoepiyası ağacın səsidir, bu sözün orfoqrafiyası ağacın görünüşüdür; yəni ağac, “ağac” sözündə vizuallıq qazanır. Yəni, söz nəsnənin güzgüsü olur. Yəni ədəbi mətn həyatın surəti olur. Bunu realizm kimi səciyyələndirən və öz realizmləriylə fəxr edən AYO şairləri, məhz bu səbəbdən böyük əsər yarada bilmirlər. Dildən bu cür faydalanan şairin zehnində əvvəl cümlənin (təəssüf ki, “misra” demək mümkün deyil) eskizi formalaşır, sözlər bu eskizin, bu layihənin gerçəkləşmə vasitəsidir. Şair əvvəl düşünür, sonra düşündüklərini söz vasitəsilə dilə gətirir; burada sözün əks etdirməkdən başqa rolu yoxdur. Belə bir şair, Sartr demişkən, “sözləri bir yerə yığanda, əlindəki rəngləri bir parçanın üstündə birləşdirən rəssamın gördüyü işi görür, elə bilir ki, bir misra qurub, halbuki bu bir zahiri görünüşdür”. Sartr demək istəyir ki, dilin zahiri əlamətləriylə yeni bədii ifadə tərzləri yaratmaq mümkün deyil; demək istəyir ki, böyük şeir dilin ənənəvi sintaktik-semantik quruluşunu alt-üst etməklə, yəni dilin daxili imkanlarıyla yaradıla bilər; və böyük şeir dildə yeni imkanlar yaradan şeirdir.Sual oluna bilər ki, “düşünüb yazmaq” estetik cəhətdən niyə zərərli hesab olunmalıdır. Bu sualın cavabını L. Araqonun bir fikrində axtarmaq olar. Araqon deyir ki, “mən yazanda düşünürəm”. Düşünərək yazmaq ilə yazaraq düşünmək arasındakı fərq, nəsr ilə şeir arasındakı fərqə dəlalət edir. ədəbi dil baxımından bu fərqin böyük əhəmiyyəti var. İnsan düşünəndə nəsrdəki kimi düşünür, daha doğrusu insan necə düşünürsə nəsr də o cürdür. İnsan qeyri-ixtiyari olaraq məfhumlarla düşünür; təfəkkür sözlərlə bağlı deyil, məfhumlarla bağlıdır. Şeir isə məfhumlarla yazılmır, sözlərlə (kəlmələrlə) yazılır. Qətiyyən iddia etmirik ki, şeirdə təfəkkür olmaz. Xeyr! İddiamız budur ki, şair düşüncəyə (fikrə) sözlərdən başlayıb çatır; sözdən düşüncəyə doğru gəlir. Nasir isə sözü fikirlə tapır; fikirdən sözə gəlir. Nəsrdə söz məfhumun ehtiyat hissələridir. Sürrealist şairlər bu gerçəyi hamıdan əvvəl dərk etmişdilər. “Söz fikirdən böyükdür”, “söz fikri aşır” deyirdilər. Şeirdə söz fikri aşmalıdır. Misralar məfhumdan sözə gəlməklə meydana gətirilməməli, sözlərdən məfhumlara gedilərək yaradılmalıdır. Şair predmet-dildən mühit-dilə keçməlidir. Böyük şair dillə düşünmür, dildə düşünür.Dillə düşünən şair üçün dil dünyanın (varlığın) zahiri görünüşünün sxematik-reflektiv quruluşudur. Dildə düşünən şair üçünsə dil onun evidir; şair dilin içindədir, sözlər tərəfindən əhatə olunub. Dil onun hissiyyat organlarının vəhdətidir; sözləri, onların çölündən yox, içindən yönləndirir. Sözlər onun bədəninin bir hissəsidir. Görkəmli türk şairi C. Sürəya, “şair, şeirini yaşadığı sözlərlə yaradır” deyəndə bunu izah etmək istəyirdi. Nasir-şair (dillə düşünən şair) isə dilin çölündədir; o, dili yönləndirmir, dil onu yönləndirir. O, dilin subyekti yox, obyektidir. Obyekt-şair yaradıcılıq prosesində əvvəl nəsnələrlə qarışılaşır, sonra üzünü başqa bir nəsnəymiş kimi sözlərə çevirir. Bir nəsnə (dil) ilə başqa bir nəsnəni (şeyi) göstərir. Yəni necə ki, bir kameraman kamerayla bir durumu göstərir, yaxud bir fotoqraf fotoaparatla bir durumu (və ya bir nəsnəni) olduğu kimi əks etdirir, şair də dil ilə bir durumu (bir nəsnəni) olduğu kimi göstərir. Beləliklə ədəbi dilin funksiyası, dünyanın güzgüsü olmasıyla məhdudlaşdırılır. AYO-nun obyekt-şairlərinin ədəbi dilimizin inkişafı istiqamətində xidmətləri bundan ibarətdir. Ədəbi dilin gündəlik dildən fərqini dərk edən ədib, özünü dilin içində sanki bədənindəymiş kimi hiss edir. Necə ki, ayaqları yerimək vasitəsi deyil və ya yerimək vasitəsinə reduktə edilə bilməz, dil də onun üçün bir hadisəni nəql etməyin və ya bir nəsnəni ifadə etməyin mexaniki vasitəsi deyil. Amma necə ki, ayağının yeriməkdən daha böyük mənası olduğunu ən çox yeriyəndə hiss edir, eyni şəkildə dilin də “göstərdiyi” şeydən daha dərin mənası olduğunu, ifadə etdiyi nəsnənin ötəsində bir mənası olduğunu o nəsnəni (şeyi) görəndə hiss edir. Buna təxəyyüllə nail olur. Dil şüuruna malik olan şair bilir ki, mənbəyini imaginasiyadan almayan, təxəyyülə söykənməyən, “image”siz şeir görkəmli şeir ola bilməz.Son nöqtə:J.P. Sartr deyirdi ki, “poetik dil, nəsrin dağıntıları üstündə ucalır”. Filosof “nəsrin xarabalığı” deyəndə əsasən realist nəsri nəzərdə tuturdu. Biz də “nəsr dili” deyəndə daha çox realist nəsrin “dilini” nəzərdə tuturuq. Realizmin hər növü reflektivdir, əks-etdiricidir; dünyanın rəsmini çəkməkdən başqa heç nəyə nail olmayıb. Realizm çoxdan öldü. Biz deyirik ki, yazmaq dəyişdirməkdir. Bunun üçün yeni dil lazımdır. Bunun üçün, at sözü at gerçəyinə, quş sözü quş gerçəyinə nəsə qatmalıdır. At sözü atı heç bilmədiyi bir yerə aparmalı, quş sözü qəfəsdəki quşu azad etməlidir.

Azərbaycanlılar və dövlət

Azərbaycanlılar dövləti nəticə kimi görmür, səbəb kimi görür; dövlət ictimai münasibətlər kontekstində meydana gələn proseslərin nəticəsi deyil, hansısa metafizik-universal varlığın, yaxud hansısa mütləq dəyərin zəruri konkret təzahürüdür. Bu idealist təfəkkür tərzi dövlətin aliliyi, müqəddəsliyi və toxunulmazlığı anlayışına gətirib çıxarır. Bu anlayışa görə, dövlət mahiyyətcə yaxşıdır, faydalıdır, xeyir qüvvədir, əgər onun fəaliyyəti insanlara zərər verirsə, günah dövlətdə deyil, onu idarə edənlərdədir. Bu səbəbdən azərbaycanlılar heç vaxt dövlətdən narazı olmur, həmişə vəzifəli şəxslərdən narazı olur. Maraqlı burasıdır ki, azərbaycanlılar prezidentdən də narazı qalmır, ondan hec vaxt şikayət etmir, bütün durumlarda günah bürokratlarda, hökumətdə, vəzifəli şəxslərdədir. Bu ictimai şüur formasının psixi səbəblərindən əlavə (qorxu, itaət təmayülü və s.), mental səbəbləri də var: azərbaycanlının təsəvvüründə dövlət dövlət başçısı ilə eyni şeydir, onun zehnində dövlət başçısı ilə dövlət arasında identifikasiya qurulub.Dövlət quruluşu, siyasi rejim və ya siyasi idarəetmə forması nə olursa-olsun, dövlət tək adamın hakimiyyətinə söykənir. Başqa sözlə, azərbaycanlılar monarxiyadan başqa dövlət forması tanımır; bu adamların gözündə status baxımından indiki prezidentlə Mircəfər Bağırov arasında, hətta Şah İsmayıl Xətai arasında heç bir fərq yoxdur. Dövlət hakimiyyətinin mənbəcə əbədiliyi dövlət başçısının cismani ölümsüzlüyünə müncər edilir. Dövlət əbədidir, deməli, prezident də əbədidir?! İngilis monarxiyasının tarixi şüarında deyildiyi kimi: “Kral öldü, yaşasın kral!”Azərbaycanlılar içtimai həyatın bütün sahələrində olduğu kimi dövlətə münasibətdə də dini təfəkkürdən, mütləqçilikdən xilas ola bilmir. Hər xalqın ruhunda az da olsa anarxist meyllər var. Azərbaycanlılara gəldikdə isə onlar dövlətsiz həyatı təsəvvür edə bilmir, lakin dövləti, məsələn, Hegelçi aspektdən ideallaşdırmır. Hegelin fəlsəfi sistemində dövlət sittlichkeitın (əxlaqiliyin, etik yaşamın) təcəssümüdür. Azərbaycanlılar isə dövləti əxlaqsızlıq naminə ideallaşdırır; dövlətin kölgəsində sərbəstlik istəyir, yəni hər cürə əxlaqsızlığı ört-basdır etmək üçün dövlətdən qalxan kimi istifadə edir. Dövlət ictimai həyatın ən yüksək instansiyasında azərbaycanlı əxlaqsızlığının ali və toxunulmaz qurumlaşmasıdır; əxlaqsızlığın sistematik və müntəzəm şəkildə təşkilatlanmasıdır.Bu adamlar dindarlara xas instinktlə dövlətə tapınır, amma əxlaqi səbəblərlə yox, qeyri-əxlaqi səbəblərlə; bu adamlar dövlətin ictimai həyata müdaxilə etməsini istəmir, amma etik-anarxist səbəblərlə yox, əxlaqsız-etatist səbəblərlə.Dövlət həmişə fərdin əleyhinə güclənir, fərdin əleyhinə möhkəmlənir, hakimiyyətinin miqyasını fərdin əleyhinə genişləndirir. Fərd yoxdursa - dövlət hər şeydir.Azərbaycanda fərd-dövlət dixotomiyasından əlavə fərd-cəmiyyət dixotomiyası da var; cəmiyyətin özü də fərdə düşməndir. Bu mənada azərbaycanlıların milli-mənəvi dəyərləri avtoritar-despotik dövlət hakimiyyətinin legitimlik mənbəyi, mövcud ictimai-siyasi münasibətlər sisteminin özünü təkrar istehsalının hərəkətverici qüvvəsidir. Azərbaycanda müstəbidi cəmiyyət yaradır.Mövcud dəyərlər çərçivəsində azərbaycanlıların azadlığı vətəndaşların azadlığından çox dövləti idarə edənlərin azadlığıdır. İdarə edənlərin azadlığı isə idarə olunanların köləliyidir (anadangəlmə vətənpərvər olan bu adamlar başa düşmür ki, vətənin azadlığı vətəndaşın azadlığından başlanır). Qədim Roma tarixçisi Sallusti yazırdı ki, “bir cəmiyyətdə azadlıq istəyən həmişə kiçik bir azlıq olur, çoxluq isə doğru hökmdar istəyir”. Vətəndaş olmağı “vətən daşı” olmaqla (nəticədə daş olmaqla) səhv salan azərbaycanlılar - onlar bütün situasiyalarda çoxluqdur - azadlıq istəmir, “layiqli” dövlət başçısı istəyir, özünə uyğun hökmdar (ağa) istəyir. Azərbaycanlı dövlət qarşısında azad deyil, dövlətlə münasibətində köləlikdə azaddır.Azərbaycanlılar tarixin heç bir mərhələsində öz iradəsini bəyan etməyib, yəni onun iradəsi (seçimi) heç vaxt təzahür etməyib; o, heç vaxt öz taleyini özü seçməyib. İradəsi olmayan, olsa da onu bəyan etməyi, reallaşdırmağı bacarmayan insan icmasına kütlə deyilir. Azərbaycanlılar kütlədir. Çünki kütlə iradəsizlik, şüursuzluq, sabitlik durumudur. Kütlə heç vaxt inkişaf etmir, yalnız hərəkət edir. E.de la Böti azərbaycanlıları nəzərdə tuturmuş kimi XVI əsrdə yazırdı ki, “dövlət idarə edənlərin iradəsindən yaranmır; idarə olunanların iradəsizliyinin məhsuludur”.Azərbaycanlılara xas dövlət quruluşunun meydana çıxması bu iradəsizlik durumuna dəlalət edir. Azərbaycanda vətəndaşlar arasındakı münasibət anarxik (əslində xaotik) xarakter daşıyır, buna müqabil vətəndaşlarla dövlət arasındakı münasibətlər despotik xarakter daşıyır. Əslində bu ictimai-siyasi ənənənin müəyyən bir məntiqi var: avtoritar-despotik rejim ancaq o vaxt öz varlığını asanlıqla davam etdirir ki, dövlət öz vətəndaşlarına bir-birinə qarşı kəskin mübarizə aparmağa icazə verir, Tomas Hobbsun məşhur ifadəsi ilə desək, qəsdən “bellum omnium contra omnes” («hamının hamıya qarşı müharibəsi») şəraiti yaradır. Nəticədə azərbaycanlının düşməni başqa bir azərbaycanlı olur və ona düşməni ilə “azad şəkildə”, qəddarlıqla, mərhəmətsizcəsinə mübarizə aparmaq imkanı verilir. Bu minvalla vətəndaşlar dövlətdən asılı vəziyyətə düşür, dövlət isə toxunulmazlıq əldə edir; böyük despotun hökmdarlığı altında hamı kiçik despota çevrilir.

Azərbaycanlılar və ölüm

The future’s uncertain
And the end is always near
Jim Morrison
Azərbaycanlı özgəsinin həyatını yaşayıb özgəsinin ölümünü ölür; o, öz ölümünü ölmür, azərbaycanlıların əsrlər boyunca kollektiv surətdə yaratdığı ümumi ölümü ölür. Azərbaycanlıların ölkəsində heç bir ölüm individual deyil. “Azərbaycanlı ölümünün” əsası bir neçə əsr bundan əvvəl qoyulub, yəni ölümünün forması, tərzi və “səbəbi” ona qabaqcadan verilib. Başqa sözlə, azərbaycanlı müəyyən bir ölümə doğulur. Bu mənada azərbaycanlının ölümü əslində ölüm deyil, “ölgüdür”; ümumi ölümdən öz payına düşən hissədir.Şübhəsiz, hər canlı kimi insan da ölümə məhkumdur, fəqət qəribə burasıdır ki, yaşamağı bacarmadığı kimi ölməyi də bacarmayan azərbaycanlı insandan fərqli olaraq ölümə yox, azərbaycanlı ölümünə məhkumdur. “Azərbaycanlı ölümü” peşə növüdür. Bu adamların ölkəsində ölüm peşə kimi həyata keçirilir; hər peşə kimi bu peşənin də vasitələri, mütəxəssisləri, alət-ədəvatları, məktəbləri, təlim-tərbiyəçiləri var. Azərbaycanlının gözündə ölüm bir dəfə baş verən, ani hadisə deyil, yəni ölüm moment deyil, permanent durumdur, lakin bu durum əslində permanent statiklikdir. Sabitləşmiş həyatın içində ölüm permanent statiklik durumudur. Azərbaycanlı aramla ölür, azalıb ölür; ona görə də ölümüylə tarixə düşmür, ancaq və ancaq coğrafiyaya düşür, yaşadığı coğrafi əraziyə… Çünki tarix dinamikanın, coğrafiya durğunluğun sferasıdır. Qəbiristanlıqda fəsillər dəyişmir.Bəlkə də ölüm məhkumiyyət deyil,əsla insanın əlindən alına bilməyən yeganə imkandır; ekzistensialist paradiqmadan yanaşsaq, azadlıq imkanı, Dostoyevskisayağı baxışla baxsaq - etiraz imkanıdır. Azərbaycanlılar ölümdən etiraz və ya qiyam imkanı kimi yox, məhz azadlıq imkanı kimi istifadə edir. Azadlıq imkanı isə bütün hallarda olduğu kimi bu kontekstdə də azərbaycanlıların əlində azadlıqla nəticələnmir. Çünki azərbaycanlı bu imkandan sui-istifadə edir, azadlıq imkanından başqalarının azadlığına son qoymaq məqsədilə faydalanır. Azərbaycanlılar insanın əlindən əsla alına bilməyən bu imkandan - ölümdən prezident kimi öz xalqına qarşı, valideyn kimi uşaqlarına qarşı, cavan oğlan kimi sevgilisinə qarşı istifadə edir.“Hər hansı bir adam üçün yaşamaq səbəbi olan şey başqa bir şəxs üçün ölmək səbəbi ola bilər”. Azərbaycanlılara nəzər saldıqda Alber Kamyunun bu özünəməxsus düşüncəsi təsir gücünü tamamən itirir. Onların təsəvvüründə ayrı-ayrılıqda həm ölüm səbəbi, həm də yaşamaq səbəbi vahid və ümumi xarakter daşıyır. Bir azərbaycanlı üçün yaşamaq səbəbi olan şey başqa bir azərbaycanlı üçün də yaşamaq səbəbidir; o cümlədən bir azərbaycanlını nə “öldürürsə”, başqa bir azərbaycanlını da o “öldürür”.Azərbaycanlıların ölkəsində ölü diridən daha canlı, daha diri və ondan daha qiymətlidir. Bu qəribə durum onların ölümə etik funksiya verməsindən irəli gəlir. Bunun da mənbəyini ölümə münasibətin ölüyə münasibətdə formalaşması təşkil edir. “Ölünün arxasınca danışmazlar”. Bu, etik prinsipdir; azərbaycanlıların ölüm anlayışının məntiqi nəticəsi kimi təzahür edən əxlaq kodeksidir. Bu baxımdan ölüm azərbaycanlı əxlaqının genealoji başlanğıcıdır. Transendental əxlaq anlayışı paradoksal davranış qaydalarına gətirib çıxarır: ölünün arxasınca danışmağı əxlaqsızlıq hesab edən azərbaycanlılar dirinin arxasınca danışırlar və dirinin də ancaq arxasınca danışmağı bacarırlar.Azərbaycanlıların dünyagörüşündə ölümə münasibətin ölüyə münasibətdən yarandığını göstərən əsas faktor dəfn və yas mərasimidir. Dəfn və onun arxasınca yas mərasimi ölünün ictimai-sinfi mövqeyinin, iqtisadi-maddi vəziyyətinin nümayiş etdirildiyi xüsusi ritual sahəsidir. Müxtəlif növ yeməklərdən təşkil edilmiş zəngin süfrə, tanınmış molla, hündür və bahalı materialdan düzəldilmiş məzar daşı və s. bu ritualın başlıca aksessuarlarıdır. Maraqlı burasıdır ki, dirilər arasında qüvvədə olan ictimai-iqdisadi qeyri-bərabərlik ölülər arasında özünü daha kəskin şəkildə büruzə verir. Azərbaycanlı öz içtimai taleyindən ölümlə dəxi xilas ola bilmir.Ölünün yaşı, sosial statusu, cinsiyyəti, hətta cinsi vəziyyəti belə azərbaycanlıların təsəvvüründə ölümün effektivlik dərəcəsini və mənasını müəyyən edir. Ölən adam yaşlıdırsa, ona “dünyasını dəyişdi”, cavandırsa - “nakam getdi” deyirlər. Birinci durumda “ölüm haqdandır”; ölüm haqdır, ikinci durumda isə ölüm qəddardır; ölüm haqsızlıqdır. Ölü kasıbdırsa, “rəhmətə gedib” və bu halda “ölüm hamı üçündür”; ölüm çarəsizlikdir, ölü varlıdırsa - yaşından asılı olmayaraq qohum-əqrəbasının gözündə “vaxtsız getdi”, bu halda “rəhmətlik yaxşı adam idi” və ölüm burada təsadüfün nəticəsidir; ölüm təsadüfdür.Fəqət bütün hallarda ölüm azərbaycanlılarda mərhəmət hissi oyadır; ən ləyaqətsiz, ən alçaq adamı belə ölümündən sonra bağışlayırlar. Azərbaycanda mərhəmət baxımından ölülərlə dirilər arasında dəhşətli qeyri-bərabərlik hökm sürür.Bütün bunlarla yanaşı bu da mütləq qeyd olunmalıdır: Levinas deyir ki, “hər ölüm bir az qətldir, hər ölü bir az öldürülür”. Mövcud əxlaqi dəyərlər və mental vərdişlər çərçivəsində hər azərbaycanlının ölümü bir az qətldir; bu sosial-iqtisadi münasibətlər sistemində hər ölən azərbaycanlı bir az öldürülür.

Azərbaycanlılar və həyat

Azərbaycanlılar nəyin bahasına olursa olsun, necə olursa olsun, hansı yolla olursa olsun, yaşamağa can atır. Azərbaycanlını döyürlər - yaşayır; təhqir edirlər - yaşayır; heç bir hüququ tanınmır - yaşayır. Maddi, mənəvi, etik, estetik, bir sözlə, bütün imkanların əlindən alınmasına baxmayaraq yaşayır. Nə üsyan edir, nə də ölür, ancaq və ancaq yaşayır.Azərbaycanlıların bildiyi tək şey yaşamaqdır. Həyata qarşı ifrat dərəcədə iştahlı olan bu adamlar adətən acgözlüklə yaşayır. Bir azərbaycanlıdan soruşsanız ki “ həyat nədir”, deyəcək ki, “həyat yaşamaqdır.” Bu həyat-manianın səbəbləri ekzistensialist xarakter daşıyır.Azərbaycanlıların təfəkkürünə görə, hər şeyə baxmayaraq yaşamağa dəyər, həyat hər zaman mənalı və qiymətlidir. Bunu optimizm hesab edirlər. Halbuki bu təfəkkür tərzi ondan irəli gəlir ki, bu adamlar hər zaman həyatın içindədirlər; həyatdan “kənara” bir addım belə atmırlar. Bir azərbaycanlı “həyatın mənası nədir” sualı ətrafında düşünmədən apriori hökm kimi həyatın mənalı olduğuna inanır.Azərbaycanlıların gözündə dünyaya gəlmək həyata (yaşamağa) mübtəla olmaqdır. Həyatı ideallaşdıran bu spontan mühakimənin səbəbi də spontandır: azərbaycanlı bir ağac, yaxud bir pişik kimi spontan olaraq həyatın içindədir; azərbaycanlı həyata verilib; o, həyatın faktıdır. Necə ki, şüursuz bir varlıq həyatı düşünmədən, öz yaşamı haqqında mühakimə aparmadan yaşayır, azərbaycanlı da həyatı bu cür natural-bioloji determinizm çərçivəsində yaşayır. Yəni azərbaycanlı ekzistensial baxımdan bütövlükdə həyata immanentdir, başqa sözlə, dünyanın tərkibi azərbaycanlıdır.Şüur insanın həyatla (varlıqla) birləşməsinə, həmişə onun içində, onun bir hissəsi olmasına imkan vermir. Həyatın mənasızlığı yalnızca ondan kənara çıxıb, onun qarşısına keçib baxdıqda dərk oluna bilər. Alber Kamyu bu duruma “absurdla qarşılaşma” deyirdi. Həyat absurddur, zəkaya ziddir, mənasızdır; deməli, həyatın mənası nə qədər azalırsa, insan həyatın mənasızlığını nə qədər dərk edirsə, yaşam da o qədər mənalı olur. Çünki yaşamaq absurdu yaşatmaqdır. Həyatdan kənara çıxmaq, həyatın qarşısına keçmək isə onun zorla qəbul etdirmək istədiyi hər şeyə etiraz etməklə, öz ekzistensial seçimlərin nəticəsində formalaşmayan dəyərləri inkar etməklə mümkündür. Bu mənada tipik azərbaycanlı əslində yaşamır, sadəcə olaraq, öz bioloji mövcudluğunu davam etdirir; başqa sözlə, azərbaycanlının yaşamı özünü köhnəltməkdən, bədənini istifadə edərək köhnəltməkdən ibarətdir.Azərbaycanlının həyatın mənasına dair apriori etiqadı onu ümid bataqlığına çəkib aparır. Bazarda göyərti satan azərbaycanlı ümid edir ki, bir gün nəhəng iş adamı olacaq; zərrə qədər real imkanı olmasa da, taksi sürücüsü ümid edir ki, bir gün mütləq «Mercedes» alacaq; hüquq fakültəsinin tələbəsi ümid bəsləyir ki, ölkənin baş prokuroru olacaq; orta sinifə mənsub evdar qadın ümid edir ki, gələcəkdə nə vaxtsa villada yaşayacaq. Gələcəyi ümidlə tənzimləmək xarakteristik azərbaycanlı xüsusiyyətidir. Bu xüsusiyyət fərqli sferalarda müxtəlif şəkildə təzahür etsə də, mahiyyətcə eynidir.Azərbaycanlıların ölkəsində hamı elə bilir ki, asanlıqla prezident, yaxud varlı iş adamı, Nobel mükafatı laureatı yazıçı və ya dünya gözəllik müsabiqəsinin qalibi olmaq mümkündür və bu mərtəbəyə yüksəlmək onun haqqıdır. Belə bir ontoloji mövqeyin etik instansiyada “hər şeyə icazə var”, “hər şey məqbuldur” anlayışı ilə nəticələnməsi qaçılmazdır. Ümumiyyətlə, ümid patologiyaya və əxlaqsızlığa yol açır. Azərbaycanlıların ümumi ruhunun patoloji köklərini təşkil edən əsas elementlərdən biri, onların gələcəklə bağlı təsəvvürlərində ümid hissinin determinist rol oynamasıdır. Halbuki Nitsşe XIX əsrdə bizə xəbərdarlıq etmişdi: “Ümid xəstəlikdir, insanın iztirablarının ömrünü uzadır”.Həyatın mənasına inanmağın zəruri məntiqi nəticəsi müəyyən dəyərlər iyerarxiyasının yaranması, yaşamın dövrləşdirilməsi (periodizasiyası) və hər dövrə uyğun fəaliyyət istiqamətinin təyin edilməsidir. Bunu məhz ümid tələb edir. Məsələn, orta məktəbdə oxuyuram, məktəb direktoru şagirdləri əməlli-başlı soyur, fəqət, gələcək tələb edir ki, mən etiraz etməyim. Bu yaşda nə etiraz?! Universitet tələbəsiyəm, heç bir azadlığa, həttə haqqım olan akademik azadlığa malik deyiləm; əzilirəm, təhqir olunuram, qarət edirlər məni. Amma universiteti bitirməliyəm, mütləq bitirməliyəm, ən böyük arzum hüquqşünas olmaqdır, bu, eyni zamanda anamın da arzusudur. Dövlət işçisiyəm, bizi zorla iqtidar partiyasının mitinqinə aparırlar. Mən səsimi çıxara bilmərəm, çünki susmaq yaşımın tələbidir, evliyəm, uşaqlarım var. Altmış yaşındayam, Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı məni vurdu, durub baxdım, qorxdum ki, nəsə desəm, oğlum işsiz qalacaq.Qısası, absurdla qarşılaşmayan insanlar günlük yaşayır; məqsədlərlə, planlarla, gələcək dərdiylə, fürsətləri hesablayaraq, şanslarını ölçüb-biçərək yaşayır. Həmişə daha sonraya, gələn qışa, gələn ilki sezona, növbəti seçkilərə, direktorun dəyişməsinə, qonşusunun köçüb getməsinə, oğlunun işə girməsinə və s. bel bağlayırlar. Kamyunun dediyi kimi, “onları nə əzirsə, onu tanrılaşdırırlar, əllərini nə boş qoyursa, onda ümid tapırlar”. Azərbaycanlı onu əzəni ilahlaşdırır, əlini boş qoyan şeydə ümid tapır.Ümid həyatın “içində” yaranır, onun mənbəyini ontoloji baxımdan həyatın (dünyanın) faktiki, ayrılmaz tərkib hissəsi olmaqla kifayətlənən insanın şüursuz halı təşkil edir. İnsan həyata yapışıb qaldıqca, həyatın mənasından asılı vəziyyətdə qaldıqca ümid şüurun yerinə keçir, zəkanın funksiyasını ümid yerinə yetirməyə başlayır. Bu prosesin son nəticəsində yaşantı və ya gündəlik həyat fetişləşdirilir. Odur ki, azərbaycanlının hər hərəkətini, hər fəaliyyətini haqlılaşdıran tək bir səbəb var: gündəlik həyat, “bir tikə çörək”, “arvad-uşağın qarnı”. Gündəlik həyat azərbaycanlı üçün doqmadır.Frans Kafka məsləhət görürdü ki, “dünya ilə mübarizənizdə dünyanın tərəfində olun”. Azərbaycanlı dünyayla, həyatla mübarizəsində həmişə özünün tərəfindədir. Onun dünyaya (həyata) münasibəti özünə münasibətindən irəli gəlir. Hər şeyə icazə verən həyat yaxşı həyat, onu təsdiq edən dünya yaxşı dünyadır. Buna görə də bütün mövcudluğu ilə bir daş, bir qarışqa kimi dünyanın natural parçası olan, başqa sözlə, “həyata immanent” mövcudiyyət olan azərbaycanlı üçün heç bir məsələ ölüm-qalım məsələsi deyil. Baş verən hər hadisə, meydana gələn hər dəyişiklik ona yaşamağı təlqin edir. Hər şey onun gözündə yaşamaq səbəbidir.

Azərbaycanlılar və qadın

Azərbaycanlılar qadını yontub ondan ana düzəldirlər; qadın yontula-yontula anaya çevrilir. Körpə qız uşağını yontub gənc qız, onu yontub qadın, qadını da yontub ana düzəldirlər. Balaca qız uşağı gələcəkdəki ananın uşaqlığıdır, cavan bir qız gələcəkdəki ananın cavanlığıdır. Azərbaycanlı qadın heç vaxt indiki zamanı yaşamır, həmişə öz gələcəyinin keçmiş zamanını yaşayır.Azərbaycanlıların təsəvvüründə ana olmaq istəməyən qadın xəstədir, yarımçıqdır; öz gələcəyini özü tənzimləmək istəyən qadın isə namussuzdur. Qadının insani azadlığı namussuzluq əlamətidir. Bu adamlar ana olmağı qadının bioloji cinsiyyətinin fizioloji imkanı kimi görmür. Analıq durumu içtimai münasibətlərin obyektiv-zəruri nəticəsi kimi yaranır. Qadın “doğa bilən” varlıqdırsa, deməli, mütləq doğmalıdır; azərbaycanlı məntiqində bioloji imkan ictimai zərurətə çevrilir.Bu anlayışın nəticəsidir ki, ana ictimai cinsiyyət rolunun ən ali və toxunulmaz personasıdır. Bu məfhum özülündə müəyyən dəyər və anlayışları ehtiva edir, yəni namus, müqəddəslik, ailənin əhəmiyyəti və s. mühafizəkar dəyərlər bu məfhuma immanentdir. Analıq durumu namusluluq durumuna ekvivalentdir, bir şərtlə ki, qadın ailə qurumunun müqəddəs divarları arasında ana olmalıdır. Kəbindənkənar cinsi münasibət nəticəsində dünyaya uşaq gətirən qadın ana deyil, “pozğundur”. Qısası, azərbaycanlıların ölkəsində analıq bioloji rol deyil, ictimai roldur. Ana əxlaqi dəyərlər istehsalçısıdır.Qadına “müqəddəs ana”, “namus mücəssiməsi” kimi ictimai cinsiyyət rolu biçilməsi, bir tərəfdən ailənin seksdən, cinsi arzulardan, şəhvani həzzlərdən təcrid edilmiş, ənənəvi-müqəddəs-avtoritar mükəlləfiyyətlərin yarandığı sferaya çevrilməsinə, digər tərəfdənsə seksin məhəbbətdən, insani duyğulardan təcrid edilmiş instinktiv aktlar “sahəsinə” müncər edilməsinə yol açır. Qadın ailə içindəki rolu ilə hər cürə libidinal-şəhvani fantaziyalardan sterilizə edilir. Nəticə odur ki, seks kişi üçündür, o da ailənin daxilində yox, xaricindədir. Lev Tolstoy deyəndə ki “fahişə qadınları namuslu kişilər yaradır”, bu durumu nəzərdə tuturdu.Azərbaycanlı qadının namusu onun özünə məxsus deyil, ərinə, yaxud qardaşına (nəticədə kişiyə) məxsusdur. Namus hər zaman kişinin mülkiyyətidir, çünki qadın kişinin mülkiyyətidir. Qadın özü üçün namuslu olmur, kişi üçün namuslu olur. O, namusla birbaşa ünsiyyətə girə bilmir, çünki namusu başqasının əlindədir. Taksidə sürücünün yanındakı oturacağa otursa, namusunu itirəcək; yaşadığı binanın liftinə yad kişi ilə birgə minsə, namusu əldən gedəcək; hava qaralandan sonra balkonda otursa, namusu ləkələnəcək. Beləcə, qadının ictimai həyatının sərhədləri bədəninin sərhədlərinə sığışdırılır. Azərbaycanlı qadının bədənindən başqa getməyə yeri yoxdur; o, bədənində başlayıb bədənində qurtarır.Azərbaycanlı kişinin öz namusu yoxdur, yəni fərdi namusu yoxdur, onun namusu “arvadının namusudur”. Azərbaycanlı kişi bir növ trans-namus və ya fövqəl-namus varlıqdır. Təkcə qadın namusla xarakterizə oluna bilər və qadın təkcə namusla xarakterizə oluna bilər.Bu kişilərin ölkəsində qadının namusuna sahib olmaqla onun maliki olunur; qadının maliki olmaq əvvəlcə onun namusunun maliki olmaqdır. Ailəsi tərəfindən sevgilisi ilə rahatca görüşməsinə qadağa qoyulan gənc qıza nişanlanandan sonra həmin adamla gəzməyə, əyləncəyə getməsinə icazə verilməsi bu anlayışdan irəli gəlir. “Nişanlı” hələ qadına sahib olmayıb, amma artıq onun namusunun malikidir. Bu mənada Azərbaycanda evlənmək əslində “namuslanmaqdır”. Qadının ərə getməsi isə onun özünütəsdiqidir; qadının özünütəsdiqi namusluluğunun təsdiqidir. Onun özünü sübut etməsi namuslu olduğunu sübut etməsindən asılıdır. Azərbaycanlı qadın həyatını namusa həsr edir.Azərbaycan dilində məşhur bir ifadə var - “əxlaqsız qadın”. Bu ifadə azərbaycanlıların qadın və əxlaqla bağlı dünyagörüşünü açır. “Əxlaqsız qadın” ifadəsindən məlum olur ki, Azərbaycan camaatının təfəkkürünə görə, əxlaqsızlıq qadına xas xüsusiyyətdir; ancaq və ancaq qadın əxlaqsız ola bilər. Heç kəs bu dildə “əxlaqsız kişi” ifadəsinə rast gəlməyib. Belə çıxır ki, əxlaq kişinin, əxlaqsızlıq isə qadının mülkiyyətidir. İkincisi “əxlaqsız qadın” ifadəsi Azərbaycan dilində “fahişə” sözünün sinonimi kimi işlənir. Bu linqvistik amil göstərir ki, azərbaycanlıların dünyagörüşünə görə, fahişəlik əxlaq problemidir. Yəni qadının fahişəliklə məşğul olması onun əxlaqi cəhətdən naqis olmasına dəlalət edir (Bu mürtəce anlayışın tipik və ironik örnəyini ANS telekanalı nümayiş etdirir. Sözügedən telekanal bir kinofilmin adını rus dilindən belə tərcümə etmişdi: “Namuslu əxlaqsız qadın”. Original adı “Dangerous Beauty” olan bu filmin rus dilindəki adı “Çestnaya kurtizanka”dır. Həmin telekanalın müxbiri zorla kamera qarşısına gətirilən fahişədən soruşurdu: “Əxlaqsızlıqla nə vaxtdan məşğul olursunuz?”Avtoritar-idealist-mürtəce təfəkkür tərzi gülünc situasiyalarla nəticələnməyə bilməz).Halbuki fahişəlik əxlaqi problem deyil, ciddi sosial problemdir. Azərbaycanlılar isə bu “əxlaqsızlığı” azaltmaqdan və ya tamamən ortadan qaldırmaqdan ötrü dini-mənəvi tərbiyənin gücləndirilməsini təklif edirlər. Fahişəyə allah təklif edirlər. Fahişəliyə qarşı ilahiliyi təklif edirlər. Nəticədə fahişə ilə allah zehinlərə dixotomik ünsürlər kimi yerləşir və real ictimai həyatda bu iki zidd qütb arasında antaqonist münasibətlər yaranır. Bu ölkədə böyüyəndə fahişə olmasın deyə 8 yaşlı qızının başını bağlayan, onu Quran oxumağa, Allaha ibadət etməyə vadar edən atalar az deyil.EpiloqAilə azərbaycanlı əxlaqsızlığının mənbələrindən biridir. Evli azərbaycanlı kişi subay azərbaycanlı kişiyə nisbətən daha çox əxlaqsıza meyllidir. Bir ailəni “dolandırmaq” üçün şübhəsiz ki, daha çox yaltaqlıq, daha intensiv riyakarlıq tələb olunur. Ailə azərbaycanlı kişinin ikiüzlülüyünün, qorxaqlığının, riyakarlığının, yaltaqlığının, qısası, hər növdən əxlaqsızlığının hərəkətverici qüvvəsi kimi çıxış edə bilir. O, susmalıdır, çünki “ailəlidir”; yaltaqlanmalıdır, çünki “arvad-uşaq yiyəsidir”; boyun əyməlidir, çünki “dörd qarına baxır”; vicdansızlıq etməlidir, çünki atadır. Azərbaycanlı qadın ərinə təkcə uşaq doğmur, ona həm də ləyaqətsizlik və şərəfsizlik doğur.