Əfzələddin Xunəci
Əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş məntiqçi filosofdur. Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin “Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları” kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: “Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır”. O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin “Misir və Qahirə xəbərlərinə dair” əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib.
İrsi: Onun əsərləri dünyanın müxtəlif kitabxanalarında saxlanılır, məsələn, “Tibb qanunu” əsəri Paris Milli Kitabxanasındadır.
Orta əsr məndələrində o, ən çox məntiqçi filosof kimi yad edilir. “Məntiqə dair cümlələr” əsəri 1976-cl ildə Tunisdə çap edilib. “Fikirlərin qaranlıq yerlərində fikirlərin açılması” məşhur kitabı hazırda Qahirənin Xədiviyyə kitabxanasında saxlanılır.
Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli “Ərəb ədəbiyyatı tarixi” kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer “Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar” (1963), “Ərəbdilli məntiqin inkişafı” (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb. Məhəmmədəli Ayni 1928-ci ildə İstambulda Universitetin ilahiyyat fakültəsi məcmuəsində dərc etdirdiyi “Türk məntiqçiləri” oçerkində Azərbaycan məntiqçisinin irsini geniş təhlil edib.
İdrak nəzəriyyəsi və məntiq: İdrakın hissi və əqli mərhələlərini vəhdətdə qəbul edib. Filosofun təlimində “təsəvvürlər” və “təsdiqlər” haqqında mühakimələr onun idrak nəzəriyyəsi və məntiqi arasında ortaqlıq yaradır. Onun bu mövzuda Fəxrəddin Razi ilə razılaşmadığına dair yazısı var.
Hisslərin vasitəsilə qazanılan təsəvvürlər (anlayışlar), habelə təsdiqlər (aksiomatik müddəalar) Şərq fəlsəfəsində “birinci əqli məlumatlar”, yaxud “təbii universalilər” adlanır. Bunların əsasında qəbul edilən anlayış və müddəlara isə “ikinci əqli məlumatlar” deyilir.
Xunəcinin idrak təlimində dil və təfəkkür məsələsi geniş yer tutur. Fərabi, İbn Sina, Bəhmənyar kimi o da sözü anlayışın, fikrin ifadəçisi sayıb. Anlayışları substansiya və aksidensiya baxımından geniş nəzərdən keçirib.Məntiqin əksər məsələlərində Şərq peripatetikləri mövqeyində dayanıb, Aristotelin məntiqi üzərində məntiq işləyib. Peripatetiklərin məntiqinin əsasını təşkil edən istidlala Xunəci belə tərif verib: “İstidlal – başqa bir nitqi öz-özlüyündə lazım bilən müddəalardan düzəldilmiş nitqdir”. Peripatetik sələfləri kimi, o da daha çox deduktiv istidlallar üzərində dayanıb.
Məhəmməd Qarabaği
Filosof və ilahiyyatçıdır. 15-ci əsrin ikinci yarısında Qarabağda doğulub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, “hənəfi” adı ilə tanınıb. Sonradan Rum ölkəsinə (Kiçik Asiya) gedib, orda fəaliyyət göstərdiyindən, mənbələrdə Rumi deyə də yad edilir. İstambulun bir çox mədrəsələrində dərs deyib. İznikdə Süleyman Paşa və Orxan Qazi mədrəsəsində işləyib. 1535-ci ildə İznikdə vəfat edib.
Qarabağinin fəlsəfəyə dair “Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat”ı və digər şərhləri 1963-cü ildən Qahirənin “Xədiviyyə” kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair “İmamların başlanğıcı” əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır. Qarabağinin “Mühazirələr” kitabı onun haqqında sğhbət açan bütün müəllifləri özünə cəlb edib. Əsərdə 23 dini, fəlsəfi, etik, siyasi məsələdən bəhs olunur. Dünyanın müxtəlif şəhərlərində “Mühazirələr” kitabının on beşdən çox əlyazması nüsxəsi saxlanılır. Onlardan ən qədim nüsxə 1571-ci ilə aiddirç əksəriyyəti Türkiyədə saxlanılır. “Filosofların təkzibi” əsəri Əl Qəzali ilə İbn Rüşdün eyni adlı deyişməsinə xitabən yazılıb. Onun mübahisə etmək qaydalarına dair əsəri 1907-ci ildə Temirxan Şurada nəşr edilib.
Fəlsəfəsi: Gah peripatetikləri, gah mütəkəllimləri tənqid etmiş,rdan birinə haqq qazandırmış, nəticə etibarilə, barışdırıcı mövqü tutmuşdur. Qarabağinin ontoloji görüşləri varlığın vacib və mümkün qisimlərə bölünməsi, Vacib Varlığın isbatı kimi məsələlərin şərhində ortaya çıxır. “Filosofların təkzibi” əsərində Fərabi, İbn Sina, Bəhmənyar və s. peripatetiklərin, Ə.Qəzali, Fəxrəddin Razi, Əzüdəddin İci və digər filosofların ideyaları zəminində maraqlı fəlsəfi ümumiləşdirmələr aparıb. Qarabaği peripatetiklərlə mütəkəllimlər arasında fikir yaxınlığı yaratmağa çalışır.O, Allahın fəaliyyətində hikmət, məsləhət, iradə, üstünlük olduğunu geniş izah edib.Peripatetik müddəaları sxolastların əqidəsinə uyğunlaşdırmağa çalışıb.
Filosof aləmin əzəliliyini Yaradıcının öz-özlüyündə vacib etməsinə görə deyil, azad iradə ilə fəaliyyət göstərməsinə görə inkar edir: “Aləmin yaradıcısının aləmin yaradılması ilə əlaqədar bütün şərtləri əzəldə toplamış olması aləmin qədim olmasını lazım bilməz...” İlahiyyatçı mövqe ilə təbiətçi mövqeyi barışdırmağa cəhd edən Qarabaği mütəkəllimlərin fiosoflara qarşı qərəzini də qeyd etməklə ideologiyada belə münasibəti məqbul saymayıb, tədqiqatda obyektivliyi üstün sayıb.
İmadəddin Nəsimi
Şamaxıda doğulub (14-15-ci əsrlər).
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”
Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o. Artıq işlənib hazırlanmışdı.
Fəlsəfəsi: Nəsimidə hər iki qrup – mötədil və ifrat sufilərin təsiri aydın duyulur. Nəsimi Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrinə şərik olur: “Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.”
Nəsimi idrakda yəqinliyin elmi, yəqinliyin eyni, yəqinliyin həqiqəti mərhələlərini nəzərdən keçirib. Birincisi, bilik, ikincisi, görmə və üçüncüsü Haqqa çatmaqdır.
Monoteist sufilərin varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu, sufi ədəbiyyatda Qurandan götürülmüş “kün! Fə kanə” (Ol! Oldu!) ilə göstərilib. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə ediblər: “Mən gizli bir xəzinə idim, istədim ki, tanınım. Ruhları və insanları yaratdım ki, tanınam.” Nəsimi “Ol!Oldu” ifadəsinə kaf (k) ilə nun (n), həmin hədisə isə “Kuntu kənzən” deyə dəfələrlə işarə edib. Lakin həmin ifadələri panteist məzmunda işlədib.
Nəsiminin panteizmini sufilərdən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələrindəndir.
Nəsiminin əsərlərində “Haqq” ilə “cümlə aləm” arasındakı eyniyyət üçün “İnsan” anlayışından istifadə olunur. Belə ki, “İnsan” ən geniş həcmdə “Allah” haqqında, ən zəngin məzmunda isə “cümlə aləm”, yaxud onun təzahürləri haqqındadır. Ən geniş həcmli anlayış olan “Haqq“ ilə eyniləşdirilən “Mən” anlayışına yalnız bütün mövcudatın mütləq məcmusu bərabərdir. Əks təqdirdə, “Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur. Allahı təbiətdən ayrı hesab etməyi korluq hesab edir.
Etikası: Nəsimi insanı nə qədər ümumiləşdirib mücərrədləşdirib kosmoloji həddə matdırsa da, onunhəyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi, yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü, böhtan, ələ salma, kobud zarafat.
Əbuhəfs Sührəvərdi
Əbuhəfs Sührəvərdi sufi nəzəriyyəçisi, hüqüuüşünas, ictimai-siyasi xadimdir. O, 1145-ci ildə Zəncan yaxınlığındakı Sührəvərd şəhərində doğulub. Ə.Sührəvərdinin müəllimi, qadiriyyə sufi ordeninin banisi Əbdülqadir Cili şagirdinin gələcəyinə böyük ümid bəsləyərək, ona “sən İraqda məşhurların axırıncısısan” demişdi.
Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə səfirlik etmiş Ə.Sührəvərdi varid olduğu yerlərdə böyük təntənə ilə qarşılanırmış. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, səfirin Aqsaraya yetişdiyini eşidəndə Sultan Əlaəddin sufilər, əxilər və fütüvvə sahibləri ilə birlikdə onu qarşılamağa çıxdı. Sultan Sührəvərdi ilə görüşərkən onun əlini öpdü. Sultan Əlaəddin Şeyx Sührəvərdinin hədiyyəsi olan bəzədilmiş qızıl nallı qatırın dırnağından öpdü. Şəmsəddin Əhməd Əflakinin verdiyi məlumata görə, Şeyx Sührəvərdinin Konyada qəbulu epizodu maraqlıdır. Azərbaycan filosofu ilə Cəlaləddin Ruminin atası, o dövrün tanınmış siyasi xadimi Bəhaəddin Vələd (... - 1231) arasındakı münasibətə xüsusi diqqət yetirilir. Tarixçi yazır: “Xəlifə tapşırığını çatdırdıqdan sonra Bəhaəddin Vələd şeyxə böyük ehtiram göstərdi, ona dedi ki, sührəvərdilər həm ətiq şeyləri sevəndirlər, həm də bizə yaxın qohumdurlar.” Bəhaəddin Vələd səltənət adından sührəvərdilərə yaxın qohum olduqlarını deyərkən, şübhəsiz, onların türk, daha doğrusu, azərbnaycanlı olduqlarına işarə etmişdi. Ə.Sührəvərdi ömrünün son çağlarında kor olmuş, 1234-cü ilin sentyabrında Bağdadda vəfat etmişdir, Vərdiyyə məzarlığında dəfn edilmişdir.
“Biliklərin töhfələri” onun ən məşhur və böyük əsəridir. Fuad Körpülünün “Türk ədəbiyyatında ilk təsəvvüflər” əsərində “Biliklərin töhfələri” kitabı “mükəmməl bir əxlaqi-sufiyyə məcmusu” adlandırılır. Dünyanın bir çox kitabxanalarında, həmçinin Özbəkistan EA Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmaları Fondunda bu əsərin müxtəlif əlyazmaları saxlanılır. “İman nəsihətlərinin inşası” Qota, Brusa, İstanbul, Tehran və digər kitabxanalarda mövcuddur. Sührəvərdiyyə sufi ordeni yalnız ərəb ölkələri, Kiçk Asiya, Azərbaycan, İran, Orta Asiyada deyil, habelə Hindistanda geniş yayılıb. Maraqlıdır ki, Ə.Sührəvərdini yaxından tanıyan tarixçi İbn Bibi onu “zamanın Əbuyazidi” və “İkinci Cüneyd” adlandırıb.
Sufi təlimi: Onun əsərləri sufizmin mötədil qolunu öyrənmək üçün qiymətli mənbədir. Sührəvərdi sufilərin təbiətini, daxili aləmini onların geyimləri, zahiri cəhətləri ilə əlaqələndirib: “Ad onların əlaməti, Allaha görə elm onların sifəti, ibadət onların bəzəyi, möminlik onların şüarı və haqqın həqiqətləri onların sirləridir.” O bildirir ki, onun zamanında yundan qaba paltar geyinməyənlər sufi sayılmayıblar. Sufi terminini mənşəcə ərəb dilinə mənsub sayan filosof bir fikir cərəyanı kimi də onun İslam dini zəminində yarandığını söyləyib.
Təsəvvüf yolçusu mistik özünükamilləşdirmə prosesində hər şeydən əvvəl öz nəfsini paklaşdırmalıdır. Ə.Sührəvərdinin əqlə əhəmiyyət verməsi onun sufizm təliminin məziyyətlərindəndir. “Biliklərin tövhələri” kitabında “tövbə”, “zühd”, “ehtiyatkarlıq”, “fəqirlik”, “səbr”, “razılıq” və s. Məqamların şərhi üzərində geniş dayanılır. Bu terminlər Qurandan götürülmüş olsa da, sufilər, xüsusən ifrat sufilər onları başqa mənada təsvir etmişlər. Məsələn, əgər şəriətdə tövbə günahı boynuna almağı, onu təkrarlamamaq arzusunu bildirirsə, təsəvvüfdə tövbə bütün əlavə işlərdən, son nəticədə Allahdan savayı hər şeydən tövbə etməkdir, çünki sufilərin nəzərində təsdiq edilən yeganə gerçəklik Allahdır.
Ə.Sührəvərdinin sufi təlimi Əbuhamid Qəzalinin sufi təliminə çox yaxındır. Hər iki təsəvvüf yolçusu hallar və məqamlar silsiləsində mistik özünükamilləşdirmədən sonra mütləq heçliyə varmaqla haqqa qovuşur. Qəzali kimi Sührəvərdi də təsəvvüfdə panteist təsəvvürü inkar etmişdir. Mütəfəkkir iddia edirdi ki, Əbuyazid Bistami “Sübhanallah!” (Allaha şükür) əvəzinə “Sübhani!” (Mənə şükür) və Həllac, “Ənə əl həqq” (Mən haqqam) deyərkən özlərini deyil, təkcə Allahı nəzərdə tutmuşlar.
İdrak təlimi: Sufilərin qnoseologiyası onların ontologiyası ilə sıx bağlıdır. Sufilər şəriət, təriqət, həqiqət mərhələlərinə uyğun olaraq idrakın yəqinliyin elmi, yəqinliyin eyni və yəqinliyin həqiqəti kimi üç mərhələsini fərqləndirib. Yəqinliyin elmi eşidib öyrənməklə, yəqinliyin eyni görüb anlamaqla, yəqinliyin həqiqəti isə həqiqəti dərk etmək üçün həqiqətə qovuşmaqdır.
Əsərləri: “Bilikərin töfhələri”, “İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası”, “Sührəvərdi vəsiyyətləri” və s.
Eynəlqüzat Miyanəci
Azərbaycan filosofudur. Əslən Cənubi Azərbaycanın Miyanə şəhərindəndir. Miyanəcilər 11-12-ci əsrlərdə şairlər, alimlər yetirmiş böyük nəsldir. E.Miyanəci Ömər Xəyyam, Əhməd Qəzali, Məhəmməd Cüveyni və başqalarından elmin müxtəlif sahələrini öyrənib. 28–29 yaşlarında azadfikirlilik üstündə müsəlman qanunçuları – fəqihlər tərəfindən təqiblərə məruz qalıb. Ayrı-ayrı yerlərdə onu kafir elan edir, ölümünə futva verirlər. O, 1127-ci ildə bu xəbəri eşidib, dostu qazi Kəmalüddövləyə məşhur məktubunu yazmışdı: “Şəhərdə deyirlər ki, Eynəlqüzat Allahlıq iddiası edir. Mənim qətlimə fitva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver.”
Varlıq təlimi: Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış E.Miyanəci panteistdir. Bu təlim mahiyyət etibarilə, kreatsionizmə və dualizmə müxalifdir. Panteist filosof Allah ilə mövcudat arasındakı münasibəti Günəş ilə onun şüaları timsalında araşdırır. Günəş ilə şüalar arasındakı münasibət Xaliq ilə məxluqat arasındakı münasibətdən fərqlidir. Xaliq ilə məxluqat bir-birindən zamanca ayrılır, zira məxluqat sonradan meydana çıxmışdır. Günəş ilə şüalar isə birgə mövcuddur. Lakin hər ikisi bir-birindən ayrılmazdır, vahid tamdır. Varlığı vacib(yaradan) və mümkün(yaradılan) qisimlərə bölən Şərq peripatetikləri bu qisimləri zamanca və təbiətcə fərqləndirməyib, müəyyən mənada bərabər tuturdular. E.Miyanəci Şərq peripatetiklərinin bu dualist mövqeyini fürsət düşdükcə təkzib etmiş, onların əsaslandığı emanasiya (mövcudatın mütləq vahid varlıqdan zəruri surətdə çıxması) təliminin tənqidi üzərində xüsusi dayanmışdır. Ərəbdilli peripatetiklərin emanasiyaya inanmalarının səbəbini onların metafizikcəsinə düşünmələrində görən filosof göstərirdi ki, yalnız formal məntiqə əsaslanan alimlərin dəlilləri gerçəkliyi düzgün əks etdirmir, həqiqeət insana bu yerdə intuisiya ilə bəlli olur. İ.A.Konikovun Niderland filosofu Benedikt Spinoza haqda dedikləri E.Miyanəcinin də ontologiyasına aid edilə bilər: "Beləliklə, substansiyanın öz mövcudluğu atributlar üzərində yüksələn nə isə sonsuz, xalis absolyut deyildir. O, sonsuz və saysız-hesabsız atributların - keyfiyyətlərin sonsuz vəhdətidir. Allah özünün atributlarından ayrılmazdır."
İdrak nəzəriyyəsi: O, idrakın hissi və əqli mərhələlərinin şərhində peripatetiklərə yaxındır. Hissi idrakı Aristotelin "hissdən məhrum olan kəs duyğudan da məhrumdur" tezisi məzmununda başa düşən filosofun fikrincə, hissi idrak məhdud olduğu kimi, əqli idrak da məhduddur. İdrak prosesində əqlarxası mərhələnin də rolunu qiymətləndirib. Miyanəcinin idrak nəzəriyyəsində ilahi "eşq" anlayışı mühüm yer tutur. Fəlsəfəsinin bu nöqtəsində ontologiyası ilə qnoseologiyası üst-üstə düşür. Müşahidə edən müşahidə edilənə, müşahidə edilən müşahidə edənə çevrilir. Orta əsrlər Azərbaycan filosofu 12-ci əsrdə yaratdığı panteist fəlsəfə - varlıq təlimi, idrak nəzəriyyəsi və dialektika ilə orta əsrlər dünya fəlsəfə tarixinin parlaq səhifələrindəndir. Dinsizlikdə təqsirləndirilib bədnam edilməsinə baxmayaraq, əsrlər boyu tarixçi və təzkirəçilər tərəfindən görkəmli sufi-filosof kimi yad edilmişdir. İsveçrə şərqşünası A.Mets onun kimi Şərq müəlliflərinin mahiyyət (substansiya) və atributlar haqda tədqiqatlarının Benedikt Spinoza təliminə təsir göstərdiyini qeyd etmişdir.
Əsas traktatları:' "Həqiqətlərin məğzi", "Müqəddimələr", "Qəribin şikayəti", "Fəlsəfi Məktublar" və s.
Şihabəddin Sührəvərdi
1154-cü ildə Marağa şəhərində doğulmuş Azərbaycan filosofu, işraqilik fəlsəfəsinin banisidir. Onun orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış sehrkarlıq, gözbağlayıcılıq, magiya ilə məşğul olduğunu söyləyirlər, bu haqda bir neçə hekayət mövcuddur. Tələbəsi Şəmsəddin Şəhrəzuri yazırdı: “O, kəramətlər və möcüzələr sahibi idi.” İşraqi filosofdakı qeyri-adi keyfiyyətlər öz şagirdi tərəfindən sufi hallarına müncər edilir. Filosof müsəlman hüquqşünaslarının ciddi tələblərinə görə, Misir, Yəmən və Suriyanın hökmdarı Səlahəddin Əyyubinin (1169-1193) əmri ilə 1191-ci ildə 37 yaşında öldürülüb.
İrsi: Şihabəddin Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin, haşiyələrin əlyazma nüsxələri dünyanın bir sıra fondlarında və kitabxanalarında saxlanılır. Qeydə alınmış əlli iki əsərindən on üçü peripatetizm, on beşi sufizm, səkkizi işraqilik və on altısı müxtəlif mövzular üzrə qruplaşdırılıb. Şihabəddin Yəhya Sührəvərdinin zəngin irsi 12-ci əsrdən etibarən ərəb, fars, qismən də türk dillərində müsəlman Şərqi xalqlarının fəlsəfəsi tarixində özünə möhkəm yer tutub. Onun əsərlərinin orta əsrlərdə köçürülmüş əlyazma nüsxələri hazırda dünyanın müxtəlif şəhərlərində, Dəməşq, Sankt Peterburq, Tehran, Bağdad, Qahirə, İskəndəriyyə, İstanbul, Paris, London kitabxanalarında saxlanılır. Onun irsinin yayılmasında görkəmli fransız şərqşünası A.Korbinin hazırladığı üç cildlik toplunun əhəmiyyəti misilsizdir. Birinci məcmuə İstanbulda 1945-ci ildə buraxılıb, bura peripatetizmə dair əsərlərin metafizika hissələri toplanıb. 1952-ci ildə Tehranda çıxmış ikinci məcmuədə “İşraq fəlsəfəsi”, “Filosofların görüşləri”, “Qərb qürbəti” əsərləri verilib. 1970-ci ildə Tehranda buraxılmış məcmuədə filosofun on dörd traktatı toplanıb. Onun “Aşiqlərin munisi” əsəri O.Spis tərəfindən 1934-cü ildə Ştutqartda və Dehlidə, “Quş haqqında traktat”ı 1935-ci ildə O.Spis və Xatak tərəfindən Ştutqartda çap edilib və s. Fon Den Berc “İşıq heykəlləri” traktatını holland dilində 1916-cı ildə nəşr etmişdir. Peripatetizmə dair “Filosofların görüşləri” traktatı ortodoksal İslam ideoloqlarının Şərq peripatetiklərinə qarşı güclü hücuma başladığı bir dövrə təsadüf edir. Burda müəllif aristotelçi filosoflara haqq qazandıraraq onların müddəalarının təhrifinə və rasional fikirlərinin bidət kimi qələmə verilməsi cəhdinə qarşı çıxır.
Varlıq təlimi: Onun işraqilik fəlsəfəsində “varlıq” və “yoxluq” anlayışları “işıq” və “qaranlıq” anlayışları ilə ifadə olunur. Şihabəddin Sührəvərdi Vacib Varlıq haqqında irəli sürülən bəzi müddəaları müəyyən mənada İşıqlar İşığına aid edir: “İşıqlar işığı bütün mövcud şeylərin varlığının səbəbidir.” Mövcudatın mənbəyi İşıqlar işığı timsalında götürüldükdə emanasiya nəzəriyyəsinin şərhi sadələşir, zira, işıq mövcuddursa, şüalanmalıdır. İşraqilik fəlsəfəsilə tanışlıqdan sonra yəqin etmək olur ki, babəkilik hərəkatının ideologiyasında mühüm anlayışı ifadə edən xürrə termini də İşıqlar işığından çıxan mücərrəd işığa mütabiq bir məna daşıyır. Ş.Sührəvərdi məcusiliklə, zərdüştiliklə bilavasitə bağlı xürrə sözünü “mənəvi işıq” mənasında işlətmişdir.
İdrak nəzəriyyəsi: Ş.Sührəvərdi mütləq biliyin mənbəyini maddi aləmdən kənarda axtarırdı. Onun fikrincə, “İşraq fəlsəfəsi” kitabını intuisiyanın köməyilə dərindən anlamaq mümkündür. İşraqilik fəlsəfəsinə görə, hissi və əqli idrak vasitəsilə maddi aləmin şeyləri və hadisələri haqqında müəyyən bilik əldə edilir, intuitiv idrak isə insana işıqlar aləminin sirlərini açır, mütləq həqiqəti aşkar edir.
Siracəddin Urməvi
Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Bir çox şəhərlərdi dolaşıb. 1246-cl ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. 13-cü əsr türk tarixçisi İbn Bibi 1282-85-ci illərdə qələmə aldığı “Ali işlərə dair Əlaəddin əmrləri” kitabında yazır ki, bu Azərbaycan filosofunun dünya dairələrində, ruzigar meydanlarında əvvəlki filosoflardan qalibiyyət çələngini alması heç kəsdə şübhə doğurmayıb.
Ən şöhrətli əsəri “Nurların doğuşları”dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında - 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Azərbaycan filosofunun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul, Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan “Hikmət incəlikləri” 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib.
Varlıq təlimi: S.Urməvi Şərq peripatetiklərinin mövqeyindən çıxış edərək, varlığın qismlərinin şərhini verib. Varlığı onun ziddi olan yoxluq anlayışı ilə qarşılıqlı nəzərdən keçirib, səbəbiyyətin obyektivliyini qəbul edib. Vacib və mümkün varlığın hər ikisini əzəli və əbədi hesab edib. Substansiya və aksidensiya mövzusu üzərində geniş dayanıb, onu mümkün varlığa aid edib. Zenon, Platon, Aristotelin hərəkət kateqoriyasının təhlilini verərək, Aristotellə razılşıb.
Geosentrik nəzəriyyənin tərəfdarı olub.
İdrak nəzəriyyəsi: cansız cisimlərə nisbətdə canlıları, canlılardan insanı üstün tutub: “insanın sair canlılardan üstünlüyü ondadır ki, insanda ayrıca və ümumi şeylər haqqında məlumat, habelə, dərketmə qüvvəsi və aləti var.” İdrakın əqli mərhələsi S.Urməvi və ümumiyyətlə, Şərq peripatetizmi tərəfindən hissi mərhələnin davamı, həqiqətin əldə edilməsi prosesinin ən yüksək məqamı kimi göstərilib. S.Urməvinin məntiqi Aristotelin və onun Şərqdəki davamçılarının təliminə əsaslanır.
Sosial-siyasi görüşləri və etikası: O, hakimlik kimi bir çöx vəzifə sahiblərinin etiketini işləyib hazırlayıb. “Ədalətli sultanın bir günlük ədaləti altmış ilin ibadətindən yaxşıdır” hökmünü dönə-dönə təkrarlayıb. Onun etikasında insanın özünü idarə etməsi bilavasitə xasiyyətlərilə bağlıdır.
Əsərləri: “Məntiqə və fəlsəfəyə dair nurların doğuşları”, “Hikmət incəlikləri”, “Haqqın bəyanı”, “Metodlar”, “Ziddiyyətin misallarına dair traktat”, “Dialektikaya dair traktatlar”, “Həkimanə sözlərin islahı”, “Təhsil”, “Suallar” və s.
